Logo
news content
User
Kateqoriyalar

Analitika

Erməni parlamentində atılan təpik kimə dəyəcək?

Ermənistan parlamenti qaydasız döyüş meydanını xatırladır. Onun işə başladığı üç həftədə artıq üçüncü dəfədir xalqın yumruq davasına tamaşa etməməsi üçün spiker iclaslardan canlı yayımı dayandırır və buna görə müxalif medianın güclü tənqidinə məruz qalır.

Köçəryan parlament seçkilərinin total şəkildə saxtalaşdırıldığını iddia edir. Buna baxmayaraq, o öz blokunun qazandığı deputat mandatlarını götürəcəyini deyəndə artıq məqsəd bəlli idi. Qeyri-legitim saydığın strukturun işində iştirak etmək siyasi düşməninin (rəqibinin yox, məhz düşməninin) iradəsinə tabe olmaq təsəvvürü yaradırdı. Hətta bir sıra hakimiyyət nümayəndələri belə “məntiqsiz” qərara görə Köçəryanı məsxərəyə qoyurdu.

Ancaq bu, yalnız zahirən belə idi. Seçkiqabağı mitinqlərdə Paşinyan çəkiclə gəzir, əvvəlki səhvlərdən nəticə çıxardığını, bu dəfə yeni parlamentə arxalanıb, Ermənistanı növbəti faciəyə sürükləyən ünsürlərin başını çəkic kimi əzəcəyini söyləyirdi. “Ünsürlər”, təbii ki, “Qarabağ klanı”nın rəhbərləri, barələrində cinayət işləri açılmış keçmiş prezidentlər Köçəryanla Sarqsyanın havadarları idi. Müxalifət nə Mərkəzi Seçki Komissiyasının, nə məhkəmələrin köməyi ilə o çəkici Paşinyanın əlindən ala bildi. Axırda parlamentin özünü neytrallaşdırmaq yolunu seçdi.

Çirkli siyasi texnologiyalar azlıqda olanların kollektiv hakimiyyət orqanının işini iflic etməsi üçün müxtəlif üsullar təklif edir. Ermənistan müxalifəti onlardan ən bəsitini - yumruğu və təpiyi, sözün keçməyəndə dava-dalaşla iclasları pozmağı seçib. Köçəryanın öz adamlarını məhz bunun üçün parlamentə göndərdiyini ayıq şərhçilər hələ iyul ayında söyləmişdilər.  

Belə vəziyyət əhaliyə hakim partiyanın Ermənistanı idarə edə bilmədiyini, parlamentin işlək olmadığını göstərir, ölkədə xaosu və siyasi apatiyanı gücləndirir, gərginliyi əvvəlki səviyyəyə qaldırır və sonda hakimiyyət uğrunda mübarizəni zorakılıq müstəvisinə qaytarır. Parlament

zalında atılan təpiklər kimin şalvarında iz qoyursa-qoysun, son nəticədə Paşinyanın arxasını tutacaq. Paşinyan isə Yerevan küçələrində növbəti barrikadalar qurularsa, ordunun bu dəfə kimin tərəfində olacağı barədə kifayət qədər düşünmür. Düşünsəydi, müdafiə nazirini iki gündən bir Moskvaya silahla bərabər, təlimat almağa göndərməzdi. 

Avqustun 25-də parlamentdə gün ərzində davam edən qovğalardan və hətta çıxış üçün gəlmiş baş naziri də mühafizəçilərin əhatəsinə almaq zərurəti yaranandan sonra Rusiyanın Sputnik agentliyinin Ermənistan redaksiyası yerli polittexnoloq Karen Koçaryandan rəy götürüb. 

Bugünkü əlbəyaxa davaya bənzər insidentlər parlamentdə vaxtaşırı baş verəcək, - polittexnoloq deyir. – Hakimiyyətlə radikal müxalifət arasında gərgin münasibətlər və böhran ölkədə problemlər həllini tapana qədər davam edəcək. Parlamentdən səmərəli fəaliyyət gözləmək olmaz”.

Hələlik isə hakim qüvvə müxalifətin aralıq taktikasına qarşı deputatları uşaq kimi zaldan çıxarmaq və iclaslardan televiziya yayımını dayandırmaq kimi “əks-tədbirlər”dən daha təsirli çıxış yolu tapa bilmir.

Press Klub