Logo
news content
User
Kateqoriyalar

Analitika

Erməni diasporu İsveç İctimai Televiziyasında Azərbaycan proqramını hədəf götürüb

İsveç İctimai televiziyasında Azərbaycan haqqında proqram erməni diasporu nümayəndələrinin hücumuna məruz qalıb. Onlar televiziya rəhbərliyinə zəng edərək verilişin dayandırılmasını istəyirlər.

Bu barədə “Azərbaycan televiziyasına xoş gəlmisiniz” layihəsinin rəhbəri Rahim Sadıqbəyli ilə söhbət edirik:

- Rahim bəy, ermənilərin narazılığına səbəb nədir?

- Artıq bir ilə yaxındır ki, İsveçin açıq ictimai kanalı olan Öppna kanalenlə əməkdaşlıq edirik, həftədə iki dəfə yarım saatlıq verilişlə efirə çıxırıq. Əvvəlcə onu deyim ki, Öppna kanalen Avropanın ictimai yayım haqqında qanunlarına uyğun yaradılıb və burada fəal qeyri-hökumət təşkilatları, partiyalar pullu efir vaxtı ala bilirlər. Biz yayıma dekabrın 31-də başlamışıq. İlk mərhələdə Azərbaycanın Diasporla iş üzrə Komitəsinin yardımından istifadə etmişik. Avqust ayından isə Bakı Press Klub-la müxtəlif sahələrdə əməkdaşlığımızı televiziya müstəvisinə də keçirmişik. Pressklub TV ilə birgə həftədə bir dəfə 10 dəqiqəlik ingiliscə xəbərlər verilişi təqdim edirik. İsveçdə ikinci dil ingilis dilidir və Öppna kanalendə İsveç dili ilə yanaşı, ingiliscədən də istifadəyə məhdudiyyət yoxdur. Son zamanlar Qarabağda döyüşlər başlayandan, demək olar ki, bütün xəbərlərimiz müharibə və onun ətrafında baş verən hadisələr barədədir. Ardınca isə Azərbaycan Prezidenti İlham Əliyevin dünya mediasına verdiyi müsahibələrdən hissələr yerləşdiririk.

Axır vaxtlar proqramımızın reytinqi xeyli yüksəlib, tamaşaçılarımızın sayı, kanalın müvafiq xidmətindən aldığımız məlumata görə, 2 milyona çatıb. Mənə artıq isveçlilərdən çoxlu zənglər gəlir. Bu, təbii ki, İsveçdə erməni diasporunun diqqətindən yayınmır. Onlar Öppna kanalenə təzyiqi artırırlar. Dünənki proqramdan sonra yenə kanalın Direktorlar Şurasına telefon açıblar, Şuranı birtərəfli mövqe tutmaqda günahlandırıblar. Şura üzvü isə cavab verib ki, Azərbaycan proqramı tam müstəqildir, qanunun bütün tələblərini gözləyir və bizim onlara hansısa məhdudiyyət qoymağa əsasımız yoxdur. İkinci zəng daha maraqlıdır. Tez-tez proqramlarımızda çıxış edən tanınmış İsveç musiqişünası və müğənnisi Keyt Roxenhalda da ermənilər hədə gəliblər, bizimlə əlaqələrinə görə onu boykot edəcəklərini deyiblər.

- Yəni, ermənilərin İsveçdə sözlərini demək imkanı yoxdur ki, Azərbaycanın səsini boğmaq istəyirlər?

- Əlbəttə, var. İsveçin əksər media mənsubları, bir çox deputatları və Xarici İşlər nazirliyi müharibə məsələsində ermənipərəst mövqe sərgiləyirlər. Təfər tuturlar. Biz böyük bir informasiya maşını ilə mübarizə aparırıq. Sadəcə, auditoriyamız genişləndikcə, alternativ informasiya çatdırmaq imkanlarımız artdıqca ermənilər əl-ayağa düşürlər. Onu deyim ki, xaricdə ingiliscə xəbərlər yaymaq bu gün bizə çox lazımdır. Hər kəs bacardığını etməli, köməyini əsirgəməməlidir ki, Vətən torpağı işğaldan tez azad olsun.

Press Klub