Logo
news content
User
Kateqoriyalar

Analitika

Əlvida, əlvida, “Kayzer”!
Müharibənin səfil uşağı, Bavariyadan Nyu-Yorka qədər sərgüzəştlər, Pele, Tofiq Bəhramov və... “Sezar” 

Yadigar Sadıqlı

Romanın qədim Yuli nəslinə mənsub olan “Sezar” koqnomeni (ləqəbi) Qay Yuli Sezarın sayəsində məşhurlaşdı və Roma hökmdarlarının tituluna çevrildi. Sonrakı əsrlərdə müxtəlif dillərə keçdi və bu zaman formasını dəyişdi. Məsələn, müsəlmanlarda “qeysər” şəklini aldı. Konstantinopolu (indiki İstanbul) tutan Sultan II Mehmet Bizans hökmdarlarının “Roma sezarı” titulunu “qeysər-i Rum” şəklində mənimsədi və sonrakı Osmanlı sultanları da bu titulu daşıdılar. 

Slavyan ölkələrində (Bolqarıstan, Rusiya, Serbiya) “çar” şəklini aldı. Almanlar isə “kayzer” deyirdilər və bu, “imperator” sözünün qarşılığı idi. Yəni onlar üçün Napoleon da, I Pyotr da kayzer idi. Digərləri üçün isə “kayzer” birləşmiş Almaniyanın üç hökmdarının – I Vilhelm, III Fridrix və II Vilhelmin 1871-1918-ci illərdə daşıdıqları titul idi. Həmin dövr üçün “kayzer Almaniyası” ifadəsi də işlənilir. 

Bir də kayzer Frans vardı: həm almanlar, həm qeyri-almanlar üçün kayzer Frans. Frans Bekkenbauer - əksəriyyətin fikrincə XX əsrdə Almaniyanın ən yaxşı futbolçusu.

*** 

Frans Bekkenbauer Almaniyanın təslim olmasından 4 ay sonra, 1945-ci il sentyabrın 11-də Münhenin Gizinq adlı rayonunda anadan olub. O dövrün bütün uşaqları kimi səfalət içində böyüyüb. Özü bu barədə deyirdi: “Bərabərlik idi – heç kəsin heç nəyi yox idi”.

Onun 9 yaşı olanda, 1954-cü ildə Qərbi Almaniya futbol üzrə dünya çempionu oldu. Berndə keçirilən final oyununda Macarıstanın “qızıl komandası” üzərində gözlənilməz qələbə tarixə “Bern möcüzəsi” kimi düşdü. İkinci dünya müharibəsindən məğlub, parçalanmış, darmadağın çıxmış almanlar üçün bu qələbə çox böyük hadisə oldu. Bekkenbauer deyirdi: “Müharibədən sonrakı səfalət içində böyüyən hər kəs üçün Bern inanılmaz ilham mənbəyi oldu. Bütün ölkə anidən özünəinamı geri qaytardı”.

Frans həmin dövrdə stadionu evlərinin düz yanında yerləşən “Münhen 1906” klubunun uşaq komandasında oynamağa başlamışdı. 1958-ci ildə klub uşaq komandasını ləğv etməyi qərara alır. Frans və dostları o zaman şəhərin daha güclü komandası sayılan “Münhen 1860”-a keçməyi planlaşdırırlar. Amma bir təsadüf hər şeyi dəyişir. 

Həmin il keçirilən uşaq turnirində Fransın “Münhen 1906” komandası keçmək istədiyi “Münhen 1860” ilə qarşılaşır. Oyun ərzində rəqiblər Fransa qarşı çox kobud oynayırlar, biri isə lap üzünə şillə vurur. Bu hadisə onu “Münhen 1860”-a keçmək fikrindən daşındırır və o, “Bavariya”ya üz tutur. 

O zaman hələ Almaniyanın vahid liqası yox idi. Beş regional liqa vardı və onun qalibləri sonradan öz aralarında görüşür və ölkə çempionunu müəyyənləşdirirdilər. Yalnız milli komandanın 1962-cı il dünya çempionatında uğursuz çıxışından sonra (1/4 finalda Yuqoslaviyaya 0:1 hesablı məğlubiyyət) futbol məmurları vahid liqa - Bundesliqa yaratmaq qərarına gəldilər. Bu zaman “Münhen-1860” daha güclü komanda kimi liqaya qəbul olundu, “Bavariya” isə yox. 

“Bavariya” yalnız 1965/66-cı il mövsümündən Bundesliqada iştirak hüququ qazandı və dərhal bürünc mükafatçı oldu. Bekkenbauer artıq komandanın əsas oyunçusu idi və öz oyunu ilə diqqət çəkirdi. Bundesliqada cəmi 6 oyun keçirəndən sonra məşqçi Helmut Şön onu milli komandaya dəvət etdi. 

Sentyabrın 26-da Almaniya səfərdə İsveçlə qarşılaşacaqdı. 1966-cı il dünya çempionatına vəsiqə uğrunda həlledici olacaq bu görüşə 20 yaşlı təcrübəsiz gəncin çağırılmasını mütəxəssislər və mətbuat birmənalı qarşılamadı. Amma Şön öz qərarında israrlı idi və almanlar evdə (1:1) bacarmadıqlarını səfərdə bacardılar  - 2:1. Son oyunda isə Kipri 6:0 hesabı ilə udaraq dünya çempionatına vəsiqə qazandılar.

İngiltərədə keçirilən VIII dünya çempionatında artıq bütün dünya Bekkenbaueri kəşf etdi. O, dayaq yarımmüdafiəçi mövqeyində çıxış etməsinə baxmayaraq, 4 qol vurdu və bombardirlər siyahısında 3-6-cı yerləri bölüşdürdü. Həmin çempionatda haqqında ən çox danışılan iki nəfər vardı: Eysebio və Bekkenbauer.

Ev sahiblərinə qarşı final oyununda ingilislər Bekkenbauerə qarşı oynamağı özlərinin ən yaxşı oyunçularına – Bobbi Çarltona tapşırmışdılar. Laysman Tofiq Bəhramovun mübahisəli (bəlkə də, yanlış) qərarı sayəsində İngiltərə 4:2 qalib gəldi, almanlar gümüş medalla kifayətləndilər. Qeyd edək ki, Bekkenbauer də həmin mübahisəli epizodda qol olmadığı fikrində idi, amma ingilislərin daha yaxşı oynadığını etiraf edirdi.

*** 

Bununla da həm Almaniya millisində, həm “Bavariya”da Bekkenbauer dövrü başladı. O, cəmi 23 yaşında, 1968/1969-cu illər mövsümünün başlanğıcından “Bavariya”nın kapitanı oldu. Meydançadakı ampluasını yarımmüdafiədən müdafiəyə, liberoya dəyişməsi, Kayzer titulunu qazanması da bu ərəfələrdə baş verdi (necə verilməsi dəqiq məlum deyil).

Millinin kapitanı kimi isə ilk dəfə 1971-ci il aprelin 25-də İstanbulun “İnönü” stadionuna çıxdı. Həmin gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə ilə qarşılaşan almanlar 3:0 hesabı ilə qalib gəldilər. 

Amma bir qədər geriyə qayıdaq. 1968-ci ilin Avropa çempionatı almanlar üçün uğursuz oldu. Seçmə mərhələnin son turunda səfərdə zəif Albaniya ilə qarşılaşan almanları minimal hesablı qələbə təmin edirdi, amma hesab açılmadı. Final mərhələsinə yeganə vəsiqəni Yuqoslaviya qazandı. 

Əvəzində sonrakı dörd turnirin hamısında medal əldə olundu və bunlardan ikisi qızıl idi. 1970-ci il dünya çempionatında bürünc medal qazanan Almaniya 1972-ci ilin Avropa çempionatının finalında SSRİ-yə 3:0 hesabı ilə qalib gələrək qitə çempionu oldu. Həmin məğlubiyyətə görə SSRİ-nin bəzi futbolçuları cəzalandırıldılar. O cümlədən, Anatoli Banişevski komandadan uzaqlaşdırıldı və bir daha dəvət olunmadı.

İki il sonra Almaniyada keçirilən dünya çempionatında isə ev sahibləri finalda Niderlandla qarşılaşdılar. Almanlar topa toxunmağa macal tapmamış hesabda geri düşdülər. Oyuna başlayan niderlandlılar xeyli ötürmə etdilər, sonra isə Kroyf topu götürərək ev sahiblərinin cərimə meydançasına şığıdı. Qayda pozuntusu, penalti və... Neeskens hesabı açdı. Amma 25-ci dəqiqədə artıq almanlar penalti hüququ qazandı və Braytner hesabı bərabərləşdirdi. Fasiləyə 2 dəqiqə qalanda isə Gerd Müller almanları irəli çıxardı. İkinci hissədə hesab dəyişmədi və Bekkenbauer dünya kubokunu başı üzərinə qaldırdı.

Almaniya-Niderland finalının 1976-cı ilin Avropa çempionatında da təkrarlanacağı gözlənilirdi. Amma “narıncılar” yarımfinalda gözlənilmədən Çexoslovakiyaya uduzdular - 1:3. Almanlar isə ev sahibi Yuqoslaviyanı əlavə vaxtda 4:2 (əsas vaxt 2:2) hesabı ilə məğlub etdilər.

Bekkenbauerin millidə 100-cü oyunu olan finalda da əsas vaxt 2:2 heç-heçə bitdi və əlavə vaxtda hesab dəyişmədi. Penaltilər seriyasında almanlardan Hönessin zərbəsi dəqiq olmadı. Son nöqtəni Panenka qoydu - sonradan onun adını daşıyacaq əfsanəvi zərbəsi ilə. Çexoslovaklar qalib gəldilər.

Bundan sonra Bekkenbauer millidə daha 3 oyun keçirdi. 1977-ci il fevralın 23-də Parisdə Fransa ilə yoxlama oyunu (0:1) onun millidə son matçı oldu. Millidə keçirdiyi 103 oyunun hamısında start heyətində yer alan Kayzer cəmi 6 dəfə əvəz olunmuşdu. 

*** 

Bekkenbauerin dövründə Almaniyanın daxili yarışları indikindən daha intriqalı keçirdi: “Bavariya” şəriksiz lider deyildi. 1966-1977-ci illərdə “Bavariya”dan başqa daha beş klub çempion olmuşdu: üç dəfə “Borussiya” (Mönhenqladbax), hərəyə bir dəfə “Münhen 1860”, “Ayntraxt” (Braunşveyq), “Nürnberq”, “Borussiya” (Dortmund).

“Bavariya” isə həmin dövrdə dörd dəfə çempion oldu (1969, 1972, 1973, 1974) və dörd dəfə ölkə kubokunu qazandı (1966, 1967, 1969, 1971). Ən böyük şöhrətini isə beynəlxalq arenada qazandı.

Komanda 1966/67 mövsümündə Avropa Kuboklar kubokunu qazandı. Finalda əlavə vaxtda “Qlazqo Reyncers” məğlub edildi - 1:0.

Çempionlar kubokunda 1974-1976-cı illər “Bavariya”nın üç triumfu ilə yadda qaldı. 1973/1974-ci illər mövsümündəki ilk finalda qələbə xüsusilə dramatik oldu. Brüsseldə keçirilən oyunda rəqib Madridin “Atletiko” komandası idi. Əsas vaxtda hesab açılmadı. 114-cü dəqiqədə isə ispan Araqones cərimə zərbəsindən hesabı açdı. Qalan vaxt ərzində münhenlilər rəqib qapısı ağzında heç nə edə bilmirdilər. Final fitinə saniyələr qalanda Şvartsenbek əlacsızlıqdan uzaqdan zərbə endirdi və top qapıçıdan sağ aşağı küncə daxil oldu.

O zaman final oyunu üçün penaltilər seriyası nəzərdə tutulmurdu və iki gün sonra təkrar oyun keçirildi. “Bavariya” demoralizə olmuş madridliləri darmadağın etdi – 4:0. Növbəti iki finalda isə “Lids Yunayted” (2:0) və “Sent Etyen” (1:0) məğlub edildilər.

“Bavariya” ilk iki qələbədən sonra Qitələrarası kubokda oynamaqdan imtina etmişdi. Üçüncüdən sonra iştirak etdi və Braziliyanın “Kruzeyro” komandasına qalib gələrək (2:0, 0:0) dünyanın ən güclüsü oldu.

Amma növbəti mövsüm tam uğursuz oldu. Komanda Çempionlar kubokunun ¼ finalında Kiyev “Dinamo”suna uduzdu (1-0, 0-2), ölkə çempionatında isə yalnız 7-ci oldu. Bu mövsümdən sonra Bekkenbauer “Bavariya” ilə vidalaşaraq okeanın o tayına üz tutdu. 

Türk kökü olan Nasuhi və Ahmet Ertegün qardaşlarının 1970-ci ildə yaratdıqları “Nyu-York Kosmos” komandası ABŞ-da futbolu populyarlaşdırmağa çalışırdı. 1975-ci ildə bu məqsədlə Pele komandaya dəvət olundu. 1977-ci ildə Bekkenbauer və Karlos Alberto Torres, iki il sonra Yohan Neeskens komandaya qoşuldular. Frans burada dörd mövsüm çıxış etdi və üç dəfə (1977, 1978, 1980) çempion oldu.

Bundesliqaya qayıdan Frans iki il “Hamburq”da oynadı. 1980/81 mövsümündə gümüş medal qazanan komanda (çempion “Bavariya” oldu) növbəti ildə isə çempion oldu. Bu Kayzerin beşinci Almaniya çempionluğu idi. Yenə Nyu-Yorka gedən Kayzer 1983-cü il sentyabrın 23-də futbolçu kimi son oyunu keçirdi. 

*** 

Frans Bekkenbauer həm liderlik keyfiyyəti, həm də intellekti ilə seçilən futbolçu idi. Karyerasını bitirəndən cəmi 1 il sonra, Almaniya 1984-cü il Avropa çempionatında uğursuz çıxış edib qrupda qaldıqda milli komandaya məşqçi kimi dəvət olunması bu baxımdan təəccüblü deyil. O zaman onun hətta məşqçilik lisenziyası yox idi və formal olaraq “komandanın rəhbəri” vəzifəsini tuturdu.

Almaniya 1986-cı ilin dünya çempionatının seçmə mərhələsində kifayət qədər mürəkkəb qrupa düşmüşdü (İsveç, Çexoslovakiya, Portuqaliya, Malta), amma birinci yerdən vəsiqə qazana bildi. Meksikada favoritlərdən sayılmasa da, finala qədər irəlilədi və çempionatlar tarixinin ən gözəl finallarından birində Argentinaya 2:3 hesabı ilə uduzdu. 

1988-ci il Avropa çempionatında Almaniya yarımfinalda Niderlanda 1:2 uduzdu. 

Argentina-Almaniya finalı İtaliyada keçirilən növbəti dünya çempionatında yenidən təkrarlandı və bu dəfə almanlar 1:0 hesabı ilə qalib gələrək üçüncü dəfə dünya çempionu oldular.  

Bekkenbauer 1994 və 1996-cı ildə iki dəfə müvəqqəti olaraq “Bavariya”nın məşqçisi oldu və birinci dəfə ölkə çempionluğunu, ikinci dəfə UEFA kubokunu qazandı. Bundan sonra daha məşqçilik etmədi və idman bürokratına çevrildi.

*** 

Frans Bekkenbauer 1972 və 1976-cı illərdə Avropanın ən yaxşı oyunçusu seçilərək “Qızıl top” mükafatını qazandı. Halbuki müdafiəçi mövqeyi belə fərqlənmək üçün heç də əlverişli deyil. Adətən hücumçular və ya hücuma meylli yarımmüdafiəçilər ən yaxşı oyunçu seçilirlər. Bekkenbauerdən sonra yalnız iki müdafiəçi – alman Lotar Matteus və italyan Fabio Kannavaro – “Qızıl top”a layiq görülüblər -  daha çox da dünya çempionu olan komandanın kapitanı kimi.

Frans Bekkenbauer dörd dəfə (1966, 1968, 1974, 1976) Almaniyanın ən yaxşı futbolçusu seçilib; iştirak etdiyi üç dünya çempionatının və iki Avropa çempionatının hər birində turnirin simvolik komandasına daxil edilib: iki dəfə dünya çempionatının və iki dəfə Avropa çempionatının finalında oynamış yeganə futbolçudur. 

Dünya çempionatlarının bütün əyarlı medallarını (qızıl, gümüş, bürünc) qazanmış 7 futbolçudan biridir. Digər altı nəfərdən dördü onun 1966-1974-cü illərdə komanda yoldaşı olan Mayer, Qrabovski, Höttges və Overatdır. Sonralar italyan Barezi və alman Kloze də buna nail olublar (Klozedə 1 qızıl, 1 gümüş və 2 bürünc var).

İndiyə qədər həm oyunçu, həm məşqçi kimi dünya çempionu olan üç nəfər var: Mario Zaqallo, Frans Bekkenbauer və Didye Deşam.

Beynəlxalq futbol tarixi və statistikası federasiyasının tərtib etdiyi “XX əsrin ən yaxşı futbolçuları” siyahısında Bekkenbauer Pele və Kroyfdan sonra üçüncü yeri tutur. 

Bekkenbauer 2000-ci ildə keçirilən rəy sorğusuna görə Almaniyada “Əsrin futbolçusu” seçilib.

*** 

2024-cü il yanvarın 7-də Kayzer öldü...