Əliyev və Ərdoğan ermənilərə ürək-dirək verir
Müttəfiqlər Paşinyanı və sülh prosesini qorumağa çalışırlar
11 Noyabr 2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin 2026-cı ildə imzalana biləcəyini vurğulayıb.
"Əlbəttə, heç kim yüz faiz zəmanət verə bilməz, amma mən bu ehtimala nikbin yanaşıram", - deyə Ceyhun Bayramov İTV-yə müsahibəsində bildirib. "Azərbaycanla sülh prosesinin başa çatması Ermənistanın özünün maraqlarına uyğundur, ona görə də inanıram ki, belə bir ehtimal çox yüksəkdir", - nazir əlavə edib.
C.Bayramov bunun asan olacağını düşünmür. Onun fikrincə, əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq.
Nazir hesab edir ki, iki ölkə arasındakı münasibətlərin tarixi nəzərə alınmaqla, sülh müqaviləsinin qısa müddətdə Azərbaycan və Ermənistan arasında sıx dostluq və tamhüquqlu mehriban qonşuluq münasibətlərinə gətirib çıxarması ehtimalı azdır. "Və bu, anlayışla qəbul edilməlidir", - deyə o vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, son iki ildə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir: "Belə qısa müddət ərzində inanıram ki, qalib ölkə ilə məğlub ölkə arasında normallaşdırma prosesi çox sürətlə gedir".
C.Bayramov həmçinin “Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinin Azərbaycan və Ermənistan arasında ortaq iqtisadi maraqların yaranmasına səbəb olacağı fikrini ifadə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qəti dəstəyini bir daha ifadə edib. Bakıda 8 noyabrda keçirilmiş Zəfər Paradında çıxış edən Türkiyə lideri bildirib ki, Ankara daimi sülhün əldə olunmasına ilə son dərəcə ümidlidir.
“Qardaşım İlham Əliyevin daimi sülhün təsisi üçün göstərdiyi səmimi səyləri təqdirlə qarşılayırıq. Ermənistan Baş naziri Nikol Paşinyanın da bu yolda atdığı cəsarətli addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv münasibəti ilə bölgədə sülh və əmin-amanlığı gücləndirən daimi razılaşma ilə nəticələnəcək. Türkiyə olaraq bu istiqamətdə üzərimizə nə düşürsə, yerinə yetirməyə davam edəcəyik”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti çıxışında Zəfəri bir son olaraq deyil, Cənubi Qafqazda qalıcı sülhə gedən yolun əsası olaraq gördüklərini bəyan edib: “Xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülhün əldə ediləcəyinə son dərəcə ümidliyik. İlham Əliyev qardaşımın davamlı sülhün təsisi üçün göstərdiyi səmimi səylərini təqdirlə qarşılayırıq”.
Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Ərdoğan sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirib, Cənubi Qafqazda daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb: “30 ildən artıq davam edən qeyri-sabitliyin ardından daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açılıb. Sülh prosesinin ən qısa zamanda başa çatması müharibənin qalibi olan Azərbaycanı bölgədə sülhün də memarı kimi də önə çıxaracaq”.
Türkiyə lideri qeyd edib ki, ölkəsinin Ermənistanla münasibətlərinin normallaşması prosesi Azərbaycanla sinxron şəkildə həyata keçirilir.
Ermənistandan isə Azərbaycan və Türkiyə rəhbərliyinin bu bəyanatlarına hələ ki, rəsmi münasibət bildirilməyib. Hökumət rəsmilərinin başı eks-prezident Robert Köçəryanın Paşinyan hökumətinin Qarabağı Azərbaycana təslim etməsi barədə ittihamlarına cavab verməyə, habelə 44 günlük müharibədə məğlubiyyətin əsas səbəblərini ictimai rəyə “yerləşdirməyə” yönəlib.
Köçəryan iddia edib ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə müharibəni başlanğıcda dayandırmağa razılaşsaydı, Ermənistanın itkiləri daha az olardı və Ermənistan Qarabağın işğal altındakı ərazilərinin tamamını itirməzdi. O, bildirib ki, ərazilərin itirilməsi, azı 2500 əsgərin həlak olması, 10 mindən artıq yaralı bilavasitə Paşinyanın “cinayətidir”.
Hökumətə yaxın informasiya kanalları isə Rusiyanın 2013-cü ildə Azərbaycana böyük miqdarda silah satdığını, 2016-ci il aprel müharibəsində neytral qaldığını xatırladaraq, 2020-ci il müharibəsində Moskvanın tutduğu mövqenin “xəyanət” olduğunu isbatlamağa çalışırlar. Bildirilir ki, Köçəryanın müttəfiqləri elə onların hakimiyyətdə olduğu dövrdə Ermənistanı Rusiyanın köləsi etmək üçün əllərindən gələni ediblər. Əslində Qarabağın Azərbaycanın ərazisi olduğunu tanımamaq 44 günlük müharibədəki faciənin əsasını təşkil edir. Bildirilir ki, Paşinyan hökuməti bu addımı atmaqla Ermənistanı “Qarabağ yükü”ndən xilas edərək, ölkəyə gerçək müstəqillik qazandırıb...
Beləliklə, Ermənistanda seçkilər və Azərbaycanla sülh müqaviləsinin imzalanması ərəfəsində daxili diskussiyaların əsasını Azərbaycanla müharibədə məğlubiyyət mövzusu təşkil edir. İqtidar və müxalifətin qarşılıqlı ittihamlarının başlıca mövzusu Qarabağdır. Hər iki tərəf bir-birini bu məsələdə “vurmağa”, zəiflətməyə çalışır. Çünki Ermənistanda ictimai rəy hələ də müharibənin nəticələrini geridə buraxıb gələcəyə baxmaq tərəfdarları və Azərbaycana qarşı qisasçılıq, revanişzm hissi ilə yaşayanlar arasında bölünüb. Doğrudur, böyük çoxluq yenidən müharibə istəmir, amma Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını Ermənistanın dövlət kimi varlığına təhlükə sayanlar az deyil. Bu kontekstdə ənənəvi müttəfiq Rusiyanın ətəyini buraxmaq istəməyənlərin arqumentləri müəyyən dəstək qazansa da, hökumətin arqumentləri daha keçərlidir. Paşinyana yaxın media müharibəyə qədər olan dövrü təhlil etməyə, ermənilərin itirdiklərini və qazandıqlarını tərəziyə qoymağı təklif edirlər. Ölkədə bərqərar olan korrupsioner-klerikal rejimin törətdiyi qanunsuzluqlar, bərbad vəziyyətdə olan iqtisadiyyat, vüsət alan miqrasiya və s. sistem problemləri vətəndaşların yadına salınır. 8 avqustda Vaşinqtonda ABŞ lideri Donald Trampın iştirakı ilə Azərbaycanla paraflanan sülh sazişi, tranzit qadağalarının götürülməsi, sərhədlərin dəqiqləşdirilməsi prosesi, sülh atmosferini gücləndirəcək digər addımlar Paşinyan hökumətinin nailiyyəti kimi təqdim olunur. Şübhəsiz ki, Zəfər Paradında Azərbaycan və Türkiyə liderlərinin bəyanatları da bu çətin daxili diskussiyada Ermənistan hakimiyyəti üçün göydəndüşmə fürsətdir. Xüsusən, Rusiyadan qaynaqlanan daxili müqavimətin tezislərini belə əsaslı arqumentlərlə darmadağın etmək daha asandır.
Seçkilər yaxınlaşdıqca, Ermənistanda daxili vəziyyətin gərginləşməsi qaçılmazdır, çünki keçmiş siyasi elita və onun Moskvadakı himayədarları var gücü ilə ortaya atılacaq. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun da “əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq” açıqlaması bununla bağlıdır. Bakı sülh prosesinin xarici qüvvələr tərəfindən pozulmasını, beləliklə, Paşinyan hakimiyyətinin Kremlin aşkar dəstəyi ilə devrilməsini istəmir. Ona görə ən yüksək səviyyədə həm özü, həm də müttəfiqi Türkiyəni Ermənistandakı proseslərə dolayısı ilə daxil etməklə Paşinyan hakimiyyətinin kövrək olan mövqelərini gücləndirməyə dəstək verir. Gedişat göstərir ki, hazırda İrəvanda Bakıdan və Ankaradan səslənən açıqlamalara olduqca həssasdırlar. Bu, Azərbaycan rəhbərliyinin regionun taleyi üçün vacib olan sülhün qorunması və davamlılığının təminatı üçün əlverişli situasiya yaradır. Çünki prosesin sonucu Rusiyanın Cənubi Qafqazdakı destruktiv mövqeyinin sarsılmasına və bölgənin sülh, əmin-amanlıq içərisində yaşamasına gətirib çıxaracaq.
Turqut