Logo
news content
User
Kateqoriyalar

Analitika

Əli Kərimlinin həbsinə hazırlıq gedir?

Son bir həftə ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 20-dən artıq  fəalı saxlanılıb. Onlar iyunun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa, Milli Orduya dəstək yürüşü zamanı baş verənlərə (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması) görə ittiham olunur.

AXCP-dən “Press Klub”a bildirilib ki, ümumilikdə 21 nəfər saxlanılıb. Onlardan 5-i sonradan azadlığa buraxılıb. İki nəfərin barəsində həbs qərarı çıxarılıb. Bunlar AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ döyüşlərində əlil olmuş Asif Yusifli və partiyanın gənc fəallarından Seymur Əhmədzadədir. Onlara qarşı Cinayət Məcəlləsinin 186 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə ittihamlar irəli sürülüb. Partiyanın daha üç funksioneri – Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov, Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyevİsmayıl Həsənov da eyni maddələrlə artıq təqsirləndirilən şəxs qismində tanınıb. Onların da barəsində ilkin istintaq dövrü üçün həbs qərarı çıxarılması məqsədilə məhkəməyə təqdimat verilib. Təqdimata iyulun 21-də baxılmalıdır.

AXCP bəyan edib ki, saxlanılan üzvlərdən əksəriyyətinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncə verilib. Məqsəd isə onlardan partiya sədri Əli Kərimli və Asif Yusiflinin əleyhinə ifadə almaq olub. “Belə ssenari düşüb-qoşublar ki, guya Əli Kərimli Asif Yusifliyə təxribat tapşırığı verib, o da həmin gün yürüşdə olan cəbhəçilərə. Amma tutulanlar arasında ümumiyyətlə, o yürüşdə iştirak etməyənlər var”, - deyə AXCP-dən bildirilib.

“Press Klub”un əldə etdiyi məlumata görə, azadlığa buraxılan şəxslərdən bəziləri A.Yusiflinin əleyhinə ifadə verib.

AXCP bəyanat yayaraq iyulun 15-nə keçən gecə baş verənlərə heç bir aidiyyəti olmadığını bəyan edib. Partiya iddia edir ki, üzvlərinin kütləvi şəkildə həbsi prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında AXCP barədə söylədiklərindən qaynaqlanır.

AXCP sədri Əli Kərimli isə qeyd edib ki, hakimiyyət Qarabağ məsələsindən də repressiya məqsədilə sui-istifadə edir: “Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui-istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Əvəzində qeyri-adekvat cavab aldıq. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə, AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”.

AXCP funksionerlərinə qarşı təxribat ittihamının yalan olduğunu vurğulayan Ə.Kərimli bildirib ki, əgər cəbhəçilərin dağıdıcı hərəkətlərdə iştirakını təsdiqləyən videogörüntülər varsa, ortaya qoyulsun: “Milli Məclisin qapıları açılır, adamlar ora buraxılır, sonra da bundan Xalq Cəbhəsinə qarşı istifadə olunur. Əksini iddia edən hakimiyyət nümayəndələrinə müraciət edirəm: cəbhəçilərin hansısa təxribatda iştirakını təsdiqləyən videogörüntü varsa, ortaya qoyulsun. Həmin şəxsləri dərhal partiyadan xaric edəcəyik, digər cinayət törətmiş şəxslər kimi, onun da cəzasını almasında şəxsən özümüz maraqlı olacağıq”.

Ə.Kərimli bu proseslərin sonunda özünün də həbsini istisna etməyib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında isə deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub. Cinayət Məcəlləsinin 220 (kütləvi iğtişaşların təşkili) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır.

Cinayət işi üzrə saxlanılanların sayı barədə rəsmi açıqlama verilmir. Qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, tutulanlar arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var.

Gülər