Logo
news content
User
Kateqoriyalar

Analitika

Eldar Həsənovun müəmmalı həbsi 

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Onu Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

DTX-nın bu barədə rəsmi açıqlamasından məlum olur ki, E.Həsənovun saxlanılması bu qurumun iyulun 3-də Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatın davamıdır. Səfir də XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və digər vəzifəli şəxslərinin həbs olunduğu cinayət işi üzrə istintaqa cəlb olunub. Bu cinayət işi üzrə araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılır.

“İstintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib. Toplanılmış materiallar əsasında kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin olunub. Maliyyə yoxlamaları zamanı Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi və digər qanun pozuntularıyla bağlı əsaslı şübhələr müəyyən edilib. İstintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub”, - deyə DTX-nın məlumatında bildirilir.

Sözügdən cinayət işi üzrə həbs olunan XİN əməkdaşlarına mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma kimi ittihamlar irəli sürülüb.

Baş verənləri “Press Klub”a şərh edən ekspertlər isə E.Həsənovun məhz mənimsəmə, rüşvətə görə tutulduğuna inanmırlar. Onlar hesab edirlər ki, rəsmi səbəb kimi yeyinti göstərilsə də, pərdəarxası səbəblər başqadır.

Siyasi şərhçi Nəsimi Məmmədli hesab edir ki, ötən ilin dekabrından bu yana həyata keçirilən məmur həbsləri rəsmən korrupsiyaya qarşı mübarizə kimi təqdim olunsa da, hər birinin arxasında ciddi siyasi səbəblər var. Onun sözlərinə görə, yuxarılar 2016-cı il 26 sentyabr referendumundan sonra yeni siyasi kurs götürüb və həmin kursa uyğun gəlməyən, hakimiyyətin davamlılığına təhlükə gördüyü, ona gələcəkdə problem yarada biləcəyi ehtimal olunan şəxslər və qurumlara qarşı bu siyasəti həyata keçirir:

“Bu baxımdan, Eldar Həsənovun da həbsinin siyasi olduğunu düşünürəm. Eldar Həsənov Azərbaycan cəmiyyətinə tanış olan, eyni zamanda, prinsipial mövqeyi ilə seçilən kadrlardan olub. İllər öncə səfir göndəriləndə də məlum idi ki, hakimiyyət daxilində müəyyən məsələlərlə razılaşmadığına görə ölkədən kənarlaşdırıldı”.

N. Məmmədli bildirdi ki, xaricdə yaşayan və Azərbaycandakı siyasi hakimiyyəti tənqid edən mühacirlər haqqında tədbir görülməsi üçün xarici ölkələrdəki səfirliklərə qanunsuz göstərişlər verilməsi barədə məlumatlar yayılıb. N.Məmmədli E.Həsənovun belə məsələlərdə tabesizlik göstərdiyinə görə cəzalandırılmasını da istisna etmir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da E.Həsənovun Fərhad Molla-zadə və digərləri ilə korrupsiya zənciri qurmasına inanmır. Onun fikrincə, korrupsiya ittihamları əsaslı deyil: “Mən hesab edirəm ki, məhz bu məsələdə Eldar Həsənovun günahı yoxdur. O, dövlətçi adamdır. Onun hansısa maliyyə pozuntularında iştirakına inanmıram”.

Xatırladaq ki, E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri təyin edilib. Bundan əvvəl o, 12 il  Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə - 1995-ci il martın 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.

Gülər