Logo
news content
User
Kateqoriyalar

Analitika

Eldar Həsənova qarşı ittihamlar ağırlaşdırılıb  

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Onun haqqındakı cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, istintaqın sonunda Eldar Həsənova qarşı ittihamlar ağırlaşdırılıb. Ona üç yeni maddə ilə ittiham irəli sürülüb. Sabiq səfir 2020-ci ilin avqustunda həbs olunarkən ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülmüşdü. Bu ilin iyulunda istintaq başa çatanda isə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma)313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yeni ittihamlar elan edilib.

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə diplomatik nümayəndəliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. O, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə də ittiham olunur.

Cinayət işinin materiallarında bu əməlləri Eldar Həsənovun bir qrup şəxslə birləşib, törətdiyi qeyd edilir. Amma o, məhkəmə qarşısına tək çıxarılacaq. “Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq, istintaqı davam etdirilir”, - deyə Baş Prokurorluğun mətbuat xidmətindən “Press Klub”a bildirilib.

Baş Prokurorluq Eldar Həsənovun səhhətinin ağır olması haqda vəkillərin dediklərini təkzib edib: 

“Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır. O, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub. Barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar edilməyib”.

Eldar Həsənov prokurorluğun onunla bağlı iddialarını cavabsız qoymayıb. Sabiq səfir vəkili vasitəsilə yaydığı açıqlamada vurğulayıb ki, həbsinin əsl səbəbi onun siyasi iddiada olması, müxalifətlə əlaqələri, əməkdaşlığı və s. haqda ölkə rəhbərliyinə ötürülən uydurma məlumatlardır: 

“Həbsimin əsl səbəbi qətiyyən prokurorluğun məlumatında göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi guya mənim siyasi iddiada olmağım, siyasi müxalifətlə əlaqə və əməkdaşlığım, hakimiyyət əleyhinə tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi tamamilə yalan, uydurma dolu məlumatların ölkə rəhbərliyinə ötürülməsi olub”.

Keçmiş səfir Xarici İşlər Nazirliyinin qapalı iclaslarında, yazdığı məktublarda dövlətin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid etdiyini gizlətmir. Deyir ki, 2020-ci il fevralın 2-də Brüsseldə Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakıyla keçirilən qapalı iclasda da bu mənada tənqidi fikirlər səsləndirib: “Amma məsuliyyətli məmur kimi, onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanılır”.

Eldar Həsənovun sözlərinə görə, məqsədyönlü şəkildə onun haqqında yalan məlumatları hazırlayıb aidiyyəti üzrə ötürənlərin, son iki ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlayanların kimliyi məlumdur və onlar iki nəfərdir: 

“Uydurmalar əsasında mənim həbsimə, hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqları üçün sui-istifadə edən hər iki insanın adını və səbəblərini zərurət yarananda açıqlayacağam. Saxlandığım ilk gündən bu şəxslərdən birinin bütün imkan və vasitələrlə işin obyektiv araşdırılmasına birbaşa mane olması haqda müvafiq dövlət qurumuna rəsmi müraciət etmişəm. Lakin bu müraciətlərimin yekun ünvana çatmasından əmin deyiləm”.

Sabiq baş prokuror həbsdə olduğu müddətdə müəyyən şərtlərlə azadlığa çıxmaq imkanı olduğunu, lakin bununla razılaşmadığını da açıqlayıb. Dediyinə görə, istintaqın müxtəlif mərhələlərində ona indi adlarını açıqlamaq istəmədiyi şəxslərə qarşı müəyyən ifadələr verib, ertəsi gün azadlığa çıxmaq təklif olunub, lakin bu təklifləri rədd edib: “Birmənalı olaraq bildirmişəm ki, satqınlıq nə xasiyyətimdə, nə də mənsub olduğum nəsil-nəcabətdə olub, bundan sonra da olası deyil”.

Prezidentin onunla bağlı məlumatlara niyə və necə inandığı da Eldar Həsənov üçün aydın deyil. 

“Etibara və inama söykənən, sınaqlar sınağından keçmiş uzun illərin münasibətlərinə baxmayaraq, qisas almaq məqsədilə verilən yalan və uydurma məlumatlara möhtərəm prezident İlham Əliyev nədən, niyə inandı, mənə qarşı bu ədalətsizliklərə razılaşdı? 27 ildə mənim yolum ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin siyasəti olub. Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi vicdan və ədalət çərçivəsində təhlil və təftiş edə bilərlər. Mənim vicdanım Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin yanında təmizdir. Bunu tarix də, zaman da, ilahi ədalət də göstərəcək”, - deyə o, söyləyib.

Xatırladaq ki, Eldar Həsənov bir ildir, həbsdədir. O, ittihamların qanunsuz, qərəzli və sifarişli olmasını səbəb göstərərək bü günə qədər ifadə verməyib, amma məhkəmədə danışmaq niyyətindədir: 

“Məhkəmədə ən azı özümü müdafiə etmək, həqiqətəri söyləmək üçün ifadə vermək məcburiyyətində qalacağam. Bununla belə, mənə qarşı bu qədər haqsızlıqlara baxmayaraq, yenə də dövlətimin maraqlarını hər şeydən üstün tutmağı düşünürəm. Mənim həbs sifraşimi düşmənçilik məqsədilə verənlər isə bunu qəsdən edirlər. Çünki içlərində olan qisasçılıq hər şeyin üstündən xətt çəkib”.

Sağlıq durumuna gəlincə, Eldar Həsənov bildirib ki, həbsdə olduğu dövrdə ehtiyacı olan ixtisaslaşmış həkim müayinəsindən və müalicədən məhrum olunub. Layiq olmadığı qəddar münasibətə məruz qalması və dücar olduğu ağır xəstəliyin ona mənəvi-psixoloji əzab verdiyini vurğulayan sabiq baş prokuror hesab edir ki, onun fiziki məhvinə sifariş verilib və bu, icra olunur: 

“Baş Prokurorluğun ölkənin baş prokuroru olmuş bir şəxsə qarşı bu cür sifarişli və qərəzli davranışını görmək olduqca acınacaqlıdır. Bu münasibət prokurorluğun tarixində qara ləkə olaraq qalacaq...”

Xatırladaq ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra – 2001-ci ildə Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda Xarici İşlər Nazirliyinə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Gülər