Logo
news content
User
Kateqoriyalar

Analitika

Eldar Həsənov yeni nazirlə görüşə gedəndə tutulub

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov haqqında həbs qərarı qüvvədə qalıb. Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində keçmiş səfirin həbs qərarından verdiyi şikayətə baxılıb və təmin edilməyib. Bu barədə onun vəkili Adil İsmayılov məlumat verib.

A.İsmayılov bildirib ki, müvəkkili istintaqda ifadə verməkdən imtina edib, həbsini qərəzli sayır. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması haqda ittihamları qəbul etmir: 

“İttihamları qəbul etmir, həbsini qərəzli, əsassız hesab edir. Saxlanıldıqdan bu günə kimi ifadə verməkdən imtina edib, heç bir ifadə verməyib. Eldar Həsənov həbsini anlaşılmazlıq sayır. Məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümidini itirməyib”.

Vəkil E.Həsənovun necə həbs olunduğunu da açıqlayıb. Onun sözlərinə görə, E.Həsənov avqustun 13-də səhər saat 09 radələrində evindən çıxıb, Xarici İşlər Nazirliyinə - yeni nazir Ceyhun Bayramovla əvvəlcədən razılaşdırılmış görüşə gedəndə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Onu birbaşa DTX-nın binasına aparıblar. “Bundan sonra onun arzusu ilə məni dəvət ediblər və müdafiəçi kimi işdə iştirak etməyə buraxılmışam. Həmin gün şübhəli şəxs kimi saxlanılıb. Ertəsi gün - 14 avqustda Səbail Rayon Məhkəməsinin qərarıyla barəsində həbs-qətimkan tədbiri seçilib”, - deyə A.İsmayılov qeyd edib.

Vəkil əlavə edib ki, həbs qərarını apellyasiya instansiyası da qüvvədə saxladığına görə növbəti addım E.Həsənovun ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermək olacaq: “Mediada ucuz sensasiya xatirinə müxtəlif iddialar yayılır. Bunların heç bir əsası yoxdur”. 

A.İsmayılov müvəkkilinin səhhətində problemlər olduğunu bildirsə də, bu haqda ətraflı məlumat vermək istəmir: “Həkim olmadığım üçün, həm də onun xahişi ilə bu barədə ətraflı heç nə deyə bilmərəm. Yaxın günlərdə ev dustaqlığı barədə məhkəməyə müraciət etməyi düşünürük. Hələlik deyə biləcəklərim bu qədərdir...”

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılır. E. Həsənov DTX-nın istintaq təcridxanasında saxlanılır.

E.Həsənov iyulun əvvəlində həbs olunan Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqındakı cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Ona qarşı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. “Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib”, - deyə DTX-nın E.Həsənovun saxlanması barədə açıqlamasında bildirilir.

E.Həsənov 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il  Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə - 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Azərbaycanın Baş prokuroru vəzifəsində çalışıb.

Gülər