Logo
news content
User
Kateqoriyalar

Analitika

EKOLOJİ TERROR

İşğal olunmuş Kəlbəcərdən çıxan ermənilər kəndlərə od vurur, meşələri qırır, mədəniyyət abidələrini soyur, muzeylərdən qədim eksponatları oğurlayıb aparırlar. Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin belə vəhşi formada ifadəsinə son qoyulmalı və bunun qarşısı alınmalıdır. Təəssüf ki, noyabrın 15-nə qədər Kəlbəcəri tərk etməli olan ermənilər daha 10 gün möhlət aldılar. Bu isə əlavə narahatlıq doğurur. Deməli, ağacların kəsilməsi, meşələrin, olan-qalan tikililərin yandırılması davam edə bilər. Eyni zamanda, ciddi narahatlıq da var ki, ermənilər Kəlbəcər ərazisini minalayacaq.

Azərbaycanın dövlət qurumları, qeyri-hökumət təşkilatları təhlükənin qabağını almaq, vandalizmi dayandırmaq üçün nələr edir?

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən foto və videolarda əks olunan əməlləri qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsl düşmənçilik kimi qiymətləndirir”.

Bunu Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdə flora və faunanın məhvi, xüsusən Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı 2 min ildən artıq olan təbiət abidələrinin-çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə və insanlığa qarşı ağır cinayətdir:

"Bu barbarlığa biz yayılan foto və videolarda bir daha şahid olduq. Bu ekoloji cinayətlər illərlə “Azərkosmos”dan alınmış foto faktlarla da təsdiqlənib. Eyni zamanda, yaşıllıqlara, meşə sahələrinə, bölgənin biomüxtəlifliyinə qarşı törədilən soyqırım yaradılmış Əməliyyat Qrupunda təmsil olunan nazirliyimizin əməkdaşlarının keçirdiyi monitorinqlərin ilkin nəticələrində də öz əksini tapıb".

V.Kərimov qeyd edib ki, talançılığın qeydə alınması və ziyanın hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq:

“Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlərə artıq başlamışıq. İşğaldan azad olunmuş ərazilərdə noyabrın 11-dən başlayaraq müxtəlif növ ağac tingləri əkilir, meşə örtüyünün və yaşıllıqların bərpası istiqamətində tədbirlər görülür. Qarabağ ərazisində fəaliyyətimiz bundan sonra daha da intensivliklə davam etdiriləcək".

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryam Qafarzadə ermənilərin törətdikləri vandalizm əməlləri haqqında mütəmadi olaraq beynəlxalq təşkilatlara məktublar göndərdiklərini vurğuladı:

“Bununla nazirliyin tərkibində olan müxtəlif şöbələr məşğul olur. Qarabağda, işğaladan azad olunmuş ərazilərdə yerləşən abidələr, kitabxanlarımız, musiqi məktəblərimizə qarşı da törədilən əməllərlə bağlı beynəlxalq təşkilatlarla birgə işlər görülür. Beynəlxalq təşkilatlara öz iradlarımızı da bildiririk. Bəzi beynəlxalq qurumlar ikili standartlar nümayiş etdirirlər, amma bir çoxları bizə qoşularaq öz narahatlıqlarını ifadə edirlər. Meşələrin yandırılması, ağacların kəsilməsi ilə bağlı məsələlərə biz cavabdehlik daşımırıq, o məsələlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mövqe bildirməlidir. Amma öz sahəmizə aid olan məsələrlə bağlı daim beynəlxalq təşkilatlara məlumatlar veririk. İki yüzə yaxın təşkilata müraciətlər etmişik. Hətta bu yaxınlarda bir məqalə də hazırlandı və İslam Əməkdaşlıq Təşkilatı, İSESCO bununla bağlı rəy bildirdi. Bunlar çoxdan gedən proseslərdir”.

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov qeyd etdi ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycanın Milli Platforması var ki, orada 72 QHT təmsil olunur:

“Onlardan 10-12-si ekoloji təşkilatlardır. Ermənilərin törədikləri vəhşiliklər haqqında müraciət hazırlamışıq. İngilis dilinə tərcümə etdirib, bəyanatı təqdim edəcəyik. Həmin bəyanat beynəlxalq təbiəti mühafizə təşkilatlarına da göndəriləcək”.

E.Sultanovun sözlərinə görə, ziyanın dəqiq miqyasını yerində tədqiqat aparmaqla müəyyən etmək olar:

“Bu məsələyə Elmlər Akademiyası da cəlb olunmalıdır. Bildiyimə görə, artıq orada müvafiq işlərə başlayıblar. Bu sahənin bütün tanınmış alimlərini də cəlb etmək lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi şərait yaratmalıdır ki, alimlər gəlsin, tədqiqat aparsın, məlumat yığsın, sonra onun əsasında vurulmuş ziyanı hesablasınlar. Konkret fakt olmayan yerdə bəyanatlar çox ümumi səslənir. Bilirik ki, meşələri yandırıblar. Amma bilmək lazımdır ki, neçə hektar ərazini, hansı rayonlarda olan əraziləri, hansı ağacları yandırıblar. Həmin ağaclar nə qədər qiymətli ağaclardır, “qırmızı kitab”a düşüb, ya yox? Bunlar hamısı böyük bir işdir və gərək bununla bağlı mütəxəssislər tətqiqatlar aparsın. Bu tədqiqatlar heyvanatla bağlı ayrı, torpaqla bağlı ayrı aparılmalıdır”.

Bəs, ermənilərin bu vandallıqlarına niyə göz yumulur? Bu sualı E. Sultanov belə cavablandırdı:

“Rus sülhməramlı qoşunları gərək onlara imkan verməyəydi ki, bu vəhşilikləri törətsinlər. Ya əsgərlər azdır, hər bir evə tək-tək baş çəkə bilmirlər, ya da görməməzlikdən gəlirlər. Amma sakin evi tərk edəndə, gətirib benzinlə evi yandıranda həmin sülhməramlılar bunu etməyə imkan verməməliydi. Ona görə də, rus sülhməramlılarını başa düşə bilmirəm. Çox təəccüblüdür ki, rus əsgərlərinin gözü qarşısında evlər yandırılır, ağaclar kəsilir. Bu məsələ mənə çox qaranlıq qalıb...”

Ülviyyə Şahin