Logo
news content
User
Kateqoriyalar

Analitika

Əfqanıstan: oxunmayan dərslər 

Müəllif: Seymur Həzi

ABŞ qoşunlarının Əfqanıstandan çəkilməsi barədə müzakirələr yerini “Taliban”ın ölkəyə hakim olması mövzusuna verməmiş, İŞİD-in Kabil hava limanında törətdiyi terror gündəm oldu. ABŞ Əfqanıstan siyasətinə trilyonlarla pul xərclədiyini, bunun 230 milyarddan çoxunun dövlət və hakimiyyət strukturlarının formalaşmasına və ordu quruculuğuna xərcləndiyini bəyan etdi. Nəticədə nə dövlət var, nə ordu. Əvəzində 28 avqust 2021-ci il tarixli statistika ilə 100 mindən çox mühacir var. 

Birinci yanlış 

Prezident Bayden birinci açıqlamasında bildirdi ki, onların Əfqanıstandakı missiyaları dövlət və demokratiya quruculuğu olmayıb, ABŞ terrorla mücadiləni hədəfləyib və bu məqsədinə də çatıb. Fəqət, Kabil hava limanında baş verən terror hadisəsi onu göstərdi ki, ABŞ burada elan olunmuş hədəfinə çatmayıb. 10-dan çox ABŞ hərbçisi həyatını itirdi, 20-dən çoxu yaralandı. Hələ dinc sakinlərə və talibançılara üz vermiş itkiləri söyləmirəm. Belə olan halda, “biz qorxmayacağıq, təxliyyəyə davam edəcəyik” bəyanatı əvvəlki ilə eyni ruhda deyil.  

Dövlət və hakimiyyət quruculuğuna gəlincə, ABŞ rəsmiləri ötən 16 il ərzində dəfələrlə Əfqanıstan missiyası barədə qürur duyduqlarını orada dünyəvi hakimiyyət qurduqlarından məmnuniyyət hissi keçirdiklərini bəyan ediblər. İnternet resursları bu cür açıqlamalarla zəngindir. İndi belə bir bəyanatın verilməsi, sadəcə, başqa cümlələrin qurulmasına imkan olmamasındandır. 

İkinci yanlış 

Bayden eyni çıxışında dedi ki, onlar əfqan xalqının əvəzinə savaşa bilməzlər. Burada mən Vilsonun XX əsrin əvvəllərində Koreya haqqında çıxışını xatırlayıram. O deyirdi: “Bütün dünya bilir ki, Koreya qeyd-şərtsiz Yaponiyanındır. Lakin Yaponiyanın indi Koreya uğrunda döyüşmək imkanı yoxdur, dünya isə Yaponiyanın əvəzinə savaşmaq fikrində deyil”. 

Əlbəttə, hər iki çıxışın ruhunda bir oxşarlıq var. Amma fundamental fərq başqadır. ABŞ yapon xalqının özünə dövlət qurmasına mane olmadı, amma bunu Əfqanıstan üçün demək o qədər də düz olmazdı. ABŞ İraqda olduğu kimi, bu ölkədə xalq demokratiyasında deyil, tayfa-klan ittifaqlarına əsaslanan hakimiyyətlərin qurulmasında maraqlı oldu. Bununla da dövlət qurmaq mümkün olmadı. Əvvəlcədən razılaşdırılmış klan koalisiyaları Əfqanıstanda demək olar ki, demokratiyaya, modernizmə və xalq hakimiyyətinə olan yolları bağladı. Bununla da seçkilərin həqiqi qalibini ABŞ hakimiyyətə buraxmaqdan çəkindi. Bəli, bununla da xalq klan hakimiyyətlərini dəstəkləmədi. Çünki bu hökumətlər həm də korrupsiyaya bulaşmış ailə oliqarxiyaları idilər. Beləliklə, əfqan xalqı çoxtanrılı dünyəvi (klanlı) fironlar hakimiyyətini müdafiə etməkdən imtina etdi. Taliban isə heç olmasa, korrupsioner deyil və təktanrılıdır. Yəni ABŞ-ın 16 ildə Əfqanıstanda müdafiə etdiyinə biz modernizm və dünyəvilik deyə bilmərik. Çünki dünyəvilik ilk növbədə əqidə azadlığına əsaslanır. Yəni din əleyhdarlığını dünyəvilik kimi təqdim etmək spekulyasiyadır. 

Çıxarılacaq dərs 

ABŞ Əfqanıstan prosesindən bəzi dərslər çıxarmalıdır. Birincisi, aydın oldu ki, xalqlara etibar etmədən qurulan sistemlər müdafiəsiz qalır. Xalq özünün qurmadığı sistemi özünün sevmədiyi quruluşa qarşı da müdafiə etmir. Bütün hallarda özünü prosesin yaradıcısı və iştirakçısı qismində görmür. Ona görə də xalqın içindən çıxan təşkilatlara və liderlərə (Abdulla Abdulla kimi) süni alternativlər yaratmaq heç bir ciddi nəticə vermir. Bu alternativlər bəzən müqavimətlə, bəzən də müqavimətsiz təslim olur.