Logo
news content
User
Kateqoriyalar

Analitika

DTX-nın həbs etdiyi XİN məmurlarının buraxılması nə ilə bağlıdır?

Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin keçmiş müdiri, eyni zamanda, nazirliyin Tender Komissiyasının sədri olmuş Fərhad Mollazadə və İşlər İdarəsinin Təsərrüfat şöbəsinə rəhbərlik etmiş Səlim Əlizadə həbsdən buraxılıb. Onların haqqındakı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Səbail rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın dekabrın 26-da verdiyi qərar ictimai rəydə birmənalı qarşılanmır. Bir qisim hesab edir ki, qanunvericilik buna imkan verir və onlara münasibətdə də qanunun müvafiq norması tətbiq olunub. Digər qisim isə külli miqdarda dövlət vəsaitinin yeyintisində ittiham olunan vəzifəli şəxslərin təxminən 6 ay həbsdə saxlandıqdan sonra buraxılmasını qanunların selektiv tətbiqi kimi qiymətləndirir.

Hüquqşünas Namizəd Səfərov “Press Klub”a bildirdi ki, ev dustaqlığı istintaq altında olan təqsirləndirilən şəxs barəsində seçilə bilən müxtəlif qətimkan tədbiri növlərindən biridir. Onun sözlərinə görə, şəxs ağır və ya xüsusilə ağır cinayətdə təqsirləndiriləndə onun qaçıb gizlənməsi, istintaqın gedişinə mane olması, şahidlərə təzyiq göstərməsi ehtimalı ilə əlaqədar əsaslı şübhələr olduqda barəsində həbs-qətimkan tədbiri-seçilir:

“İlk baxışdan bu adamların ev dustaqlığına buraxılmasında qeyri-adi hal yoxdur. Deyə bilərlər ki, həbs-qətimkan tədbiri seçilməsi üçün əsaslandığımız hallar aradan qalxıb. Bu, formal olaraq, belədir. Amma təcrübə göstərir ki, bu cür qərarlar təkcə qanun əsasında verilmir. Nəzərə almaq lazımdır ki, bu adamlar külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində ittiham olunurlar. DTX özü onlar həbs olunarkən bu barədə videokadrları, əməliyyat çəkilişlərini cəmiyyətə təqdim edib. Deməli, bu adamlarla bağlı qərar artıq dəyişib, bunun nəticəsi olaraq, onlar azadlıqdadır”.

N.Səfərov təcrübəyə əsaslanaraq qeyd etdi ki, bu cür qərarlar hakimin otağında yox, başqa yerlərdə verilir. Hakim sadəcə, o qərarı sənədləşdirir:

“Bu səviyyədə adamların həbsi də, azadlığa buraxılması da yuxarı səviyyədə mütləq razılaşdırılır. Ən yüksək səviyyədə razılıq alınmadan nə icra başçısı, nə Xarici İşlər Nazirliyinin idarə rəisi həbs oluna bilməz. Necə ki, həbs razılaşdırılır, azadlığa buraxılmaları da eləcə razılıq əsasında baş tutur. Bəzən şəxs tələbi yerinə yetirməyə razılıq verməklə azadlığını almış olur, bəzən araya yüksək səviyyədə vasitəçilər girir...”

Hüquqşünas xatırlatdı ki, bu gün istintaq təcridxanalarında az ağır, hətta böyük ictimai təhlükə törətməyən cinayətlərdə ittiham olunan şəxslər də var. Halbuki, Avropa Məhkəməsinin qərarlarında dəfələrlə Azərbaycan məhkəmələrinə zərurət olmadıqca həbs-qətimkan tədbiri seçməmək tövsiyə olunub. Hətta Ali Məhkəmənin Plenumunun qərarlarında da bu məsələyə həssas yanaşmaq məsləhət görülüb:

“Tofiq Yaqublu məsələsini yada salaq. Adamın təqsirsizliyi bir yana, ona qarşı ittiham da az ağır cinayətlər kateqoriyasına aid idi. İbtidai istintaq dövründə də, məhkəmə boyunca da həbsdə saxlanıldı. Bu müddətdə onun ev dustaqlığına buraxılması üçün dəfələrlə vəsatətlər verildi, heç biri təmin olunmadı. Yalnız aclıq nəticəsində ağır duruma düşəndən sonra onu buraxdılar”.

Hazırda həbsdə olan siyasi fəallardan bir neçəsi Cinayət Məcəlləsinin 139-1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi əsasında ittiham olunur. Onların arasında AXCP üzvü Məhəmməd İmanlı, sosial mediada Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyi haqda paylaşımından sonra həbs edilən Nicat İbrahim və digərləri var. Onların da ev dustaqlığına buraxılması üçün bir neçə dəfə vəsatət verilib, amma məhkəmələr həmin vəsatətləri rədd edib. Bu maddədə 1500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Ev dustaqlığına buraxılan Fərhad Mollazadə və Səlim Əlizadə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur. Onlar nazirliyin elan etdiyi tenderlərdə özlərinin əvvəldən razılaşdırdığı şirkətləri qalib elan edib, ayrılan vəsaitlərin bir hissəsini mənimsəməkdə təqsirləndirilir. 179-cu maddədə 5 ildən 10 ilə qədər, 308-ci maddədə 2 ilə qədər, 311-ci maddədə isə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət işi üzrə XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov, Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev və  Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev də həbs edilmişdi.

Gülər