Dönüb, dolaşıb, yeni eyni nöqtəyə qayıtdıq: sərt karantin
16 Oktyabr 2020
Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar karantin rejimi yenidən sərtləşdirildi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 19 oktyabr, saat 00:00-dan 2 noyabr, saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır, ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq, digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir. Bundan əlavə, yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin yaşayış yerlərini tərk etməmələri tövsiyə edilib.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məsələ ilə bağlı “Press Klub”a açıqlamasında qeyd etdi ki, yoluxanların sayında artım olması Operativ Qərargahı adekvat qərarların qəbuluna təhrik etdi: “Bu qərarın məqsədi insanlar arasındakı təmasları azaltmaqdır”.
T.Eyvazov xatırlatdı ki, bu cür artımlar bir müddət davam edir:
“Elmi tərəfinə baxsaq, bu, adətən iki inkubasiya dövrü qədər olur, daha sonra stabilləşir. İki inkubasiya dövrü adətən 28 gündür. Dörd-beş gün artımı da ondan çıxdıqda, təxminən 20-22 gün vaxt qalır. Bu müddət ərzində stabilləşmə gedirsə, sonra da azalma müşahidə olunur. Burada yoluxan və sağalanların sayı göstərici olaraq qeyd edilir. Əsas yoluxanların sayının dinamikasının izlənilməsidir. Bütün bunların əsasında da müəyyən qərarlar verilir. Artım davam edərsə, digər qərarlar da verilə bilər”.
Baş infeksionist hesab edir ki, verilən qərar yoluxma sayına uyğundur:
“Sonrakı müşahidələr nə göstərəcəksə, ona uyğun da hərəkət etməli olacaqlar. Əslində biz artımı daha çox noyabr ayı üçün proqnozlaşdırmışdıq. Amma reallıq başqa oldu və ona uyğun da qərar qəbul olundu. Yenə də qeyd edirəm ki, qərarın məqsədi təmasların və yoluxmaların sayının azaldılmasıdır”.
Sosioloq Əhməd Qəşəmoğlu məsələni “Press Klub”a şərh edərkən vurğuladı ki, əhalini maarifləndirmək zəruridir:
“Mən hər zaman deyirəm ki, əhalini lazımi şəkildə maarifləndirmək lazımdır. Sözlərimə fikir verən yoxdur. Məsələn, bu yaxınlarda şahidi olduğum bir hadisəni qeyd edim. Ucar rayonunun Ramal kəndində bir nəfər koronavirusa yoluxub, vəfat edib. Bütün kənd yığışıb, yas mərasiminə gedib. Yasda bir nəfər də olsun, maska taxmayıb və üstəlik, hamı da bir-birinə deyir ki, ehtiyatlı olun, polis gələr. Belə məsuliyyətisizlik olduqda koronavirus da sürətlə artmış olacaq. Əhalinin yoluxmadan qorunmaq şüuru yoxdur. Bir nəfər yoluxduqda digərlərini də yoluxdurmuş olur. Ona görə də bizim bu qaydalara əməl etməkdən başqa, ikinci yolumuz yoxdur. Yoluxmanın sayının azalmasına nail olmaq istəyiriksə, ancaq və ancaq əhalini maarifləndirməliyik”.
Sosioloq hesab edir ki, nə vaxta qədər əhali maariflənməyəcək, görülən işlərin heç birinin nəticəsi olmayacaq:
“Neçə gündür ki, ictimai nəqliyyatda tibbi maska istifadə edənlərin də sayının azaldığını və ya maskadan düzgün istifadə edilmədiyini görürdük. Əksəriyyət maskanı çənəsinin altında saxlayır. Bu neçə vaxtda əhali ilə bir iş görülmədi. Güclü ictimai qınaq yaradılmalı, əhali maariflənməli idi. Bütün bu sahələrdə iş getmədi. Ona görə də belə bir vəziyyət yarandı və hökumət bu qərarı verməyə məcbur idi”.
Metropolitendə sərnişindaşınmanın dayandırılması məsələsinə toxunan sosioloq xatırlatdı ki, hazırda müharibə şəraitidir və düşmənin mümkün təxribatlarının qarşısının alınması baxımından da belə bir addımın atılması məqsədəuyğundur:
“Ermənilər bir neçə dəfə bu tipli terror aktları həyata keçiriblər. Bu terror aktları da bizim vətəndaşlarımızın əli ilə edilir. Elə insanlar tapırlar ki, onların arasında etnik, dini qarşıdurma yaratmaq istəyən insanlar olur. Ona görə də bu istiqamətdə də ehtiyatlı olmaq lazımdır. Bu barədə artıq DTX-nın xəbərdarlığı açıqlanıb”.
Ülviyyə Şahin