Logo
news content
User
Kateqoriyalar

Analitika

Dinc əhaliyə qarşı erməni ordusunun cinayətlərı: 1-ci reportaj – Şıxarx qəsəbəsi

Müəllif: Seymur Kazımov

(fotolar müəllifindir)

Sentyabrın 27-dən Ermənistan Silahlı Birləşmələrinin açdığı artilleriya və raket atəşi nəticəsində ən çox ziyan çəkən məntəqələrdən biri də Tərtərin Şıxarx qəsəbəsində yerləşən yaşayış məhəlləsidir. Atəş nəticəsində 3 mülki şəxs həlak olub, 34 yaşayış binası, musiqi məktəbi, orta məktəb və digər inzibati binalar xəsarət alıb. Məhəllənin tikintisi 2017-ci ildə tamamlanıb və orada əsasən Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan 1170 məcburi köçkün ailəsi məskunlaşıb.

Zöhrab Səmədov 3 ildir burada yaşayır. Deyir ki, sentyabrın 27-də səhər tezdən yaşadıqları məhəllə atəşə tutulanda ailəsi ilə birgə binanın sığınacağında gizləniblər. Buna görə də xəsarət alan olmayıb.

“Evdir, hamısı düzələndir, əsas odur ki, işğal altında olan torpaqlarımızı geri qaytaraq”,- Zöhrab bildirir.

Səxavət Abdullayev də 3 ildir ki, burada məskən salıb.  Humanitar atəşkəs elan olunandan bir gün öncə həyətə mərmi düşüb və onun qəlpələri evinə ziyan vurub. Ondan 3 gün əvvəl isə özü qolundan qəlpə yarası alıb.

Qəsəbədəki böyük mağaza da oktyabrın 3-də Ermənistan Silahlı Qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində tamamilə yararsız hala düşüb. Mağaza sahiblərindən biri Surət Orucov deyir ki, bütün mallar batıb, ona yarım milyon manat ziyan dəyib, amma, xoşbəxtlikdən, mağazada adam olmayıb, xəsarət alan yoxdur”.

Məhəllə heç bir hərbi birləşmənin yaxınlığında yerləşmir. Amma hazırda elə bir vəziyyətdədir ki, sanki, döyüş meydançasıdır: daş, şüşə, qəlpə qırıntıları, torpağa sancılmış mərmi...

Oktyabrın 10-da elan olunmuş humanitar atəşkəsdən sonra axşama doğru binaların qarşısında canlanma yaşanır. Bugünədək sığınacaqlarda və digər təhlükəsiz yerlərdə məskunlaşan sakinlər evlərinə dönürlər. Yaşamağa yox, binalar bunun üçün əlverişli deyil. Sakinlər zərər görməyən məişət əşyalarını, pal-paltarılarını özləri ilə aparmağa gəliblər.

Bu insanların növbəti köçkün həyatı uzunmu çəkəcək? Qarşıdan qış gəlir.