Logo
news content
User
Kateqoriyalar

Analitika

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana aparılıb

“Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından köçürülüb”.

Bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, bu barədə ona Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məlumat verib:

“Bu gün günorta saatlarında komitədən zəng vurub bildirdilər ki, atamı və Şahbaz Quliyevi Şuşa həbsxanasından Ermənistana aparıblar. Komitə əməkdaşları dedilər ki, onların Ermənistanın konkret hansı ərazisinə aparıldıqları haqda məlumatları yoxdur. Hazırda onların yeri dəqiqləşdirilir. Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər”.

Əsgərov deyib ki, axırıncı dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlara sentyabr ayında baş çəkib: “Həmin vaxt atam bizə məktub da göndərmişdi. Məktubda yazmışdı ki, hər şey normaldır. Ondan sonra xəbər yoxdur”.

Məlumatı dəqiqləşdirmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova ilə əlaqə saxladıq.

İ.Hüseynova qeyd etdi ki, Beynəlxalq Qırmızı Xac Komitəsindən verilən məlumata görə, D.Əsgərov və Ş.Quliyev Ermənistana aparılıb. Digər məlumatlar isə yalnız onların ailəsinə verilən məlumatlardır və BXQK baş çəkdiyi insanların sağlamlıq durumu barədə ictimai açıqlamalar vermir.

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl məsələyə münasibət bildirərkən qeyd etdi ki, əslində burada şərh etməli bir mövzu yoxdur:

“Onlar özlərini dövlət sayıb, girovları həbsxanalarında saxlayırdılar ki, yəni biz də dövlətik, bizim də həbsxanalarımız var.  Amma oradan indi bir sıra mülki əhali Ermənistana köçürülüb. Həmin girovlar da onlar üçün vacib adamlardır. Yəni sabah bizimlə alver etmək, əsirlərin dəyişdirilməsində istifadə etmək üçün həmin insanlar onlara lazımdır”.

Ülviyyə Şahin