Logo
news content
User
Kateqoriyalar

Analitika

“Deputat polisi döydü” iddiası

Xaçmaz rayonundan Milli Məclisin deputatı seçilmiş Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb. Xaçmaz sakinləri bildiriblər ki, hadisə iyulun 28-də Nabranda baş verib. Sakinlər deyiblər ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib. Hazırda polis işə çıxmır. Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gedərək ondan məsələni böyütməməyi xahiş ediblər. 

Məlumat sosial şəbəkələrdə sürətlə yayılıb.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamağa cəhd etsək də, mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb. DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə “Press Klub”un sualına cavabında bu barədə onlara məlumat daxil olmadığını söyləməklə kifayətləndi.

Vəkil Aqil Layıc “Press Klub”a şərhində bildirdi ki, deputatın bu hadisəni törətdiyi təsdiqlənərsə, onun məsuliyyətə cəlb olunması xəsarət dərəcəsindən asılı olacaq:

“Hadisənin baş verib-vermədiyi öz təsdiqini tapmadığı üçün ehtimallarla danışa bilərik. Hadisəyə görə məsuliyyətə cəlb olunma bir neçə səbəb üzrə həyata keçirilə bilər. Hadisə münaqişə zəminində olub, yoxsa xuliqanlıq niyyəti ilə törədilib? Məsuliyyət dərəcəsində cəzanın ağırlıq dərəcəsi var, eyni zamanda deputatın məsuliyyəti də var. Bütün bu hallar ekspertiza rəyindən və münaqişənin motivindən asılıdır. Məsələyə aydınlıq gətirilməlidir ki, hadisə xuliqanlıq, yoxsa münaqişə zəminində baş verib. Məlumatı aydın və tam şəkildə bilmədiyimiz üçün konkret maddələrlə izah vermək çətindir”.

Vəkilin sözlərinə görə, digər məqamlardan biri də polis məmurunun vəzifə başında döyülməsi və ya əksinə, vəzifə başında olmadığı vaxtda döyülməsi ilə bağlıdır:

“Bu da əhəmiyyət kəsb edən məqamlardır. Ola bilsin ki, həmin vaxt polisə müqavimət olub. O zaman xuliqanlıqdan və xəsarət yetirməkdən başqa, polisə müqavimət, hakimiyyət nümayəndəsinin öz vəzifələrini icra edərkən ona müqavimət və xəsarət yetirmə, maneçilik törətmə və sair kimi müəyyən maddələr var. Hadisənin detalları açıqlanmadığı üçün fikir bildirmək mümkün deyil”. 

Ülviyyə Şahin