Logo
news content
User
Kateqoriyalar

Analitika

“Dedim ki, kimə lazımdır, yenə pul verim, işim dayanmasın...”
Şirkət rəhbəri 17 milyon pul xərclədiyini, lakin Hacıbala Abutalıbovun əvvəl icazə verib, sonra öz qərarını ləğv etməsi nəticəsində Dilarə Əliyeva küçəsindəki ünvanlarda tikinti apara bilmədiyini deyir

Uzun illər Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri olmuş Rasim Quliyev  Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi-141 ünvanında yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi sayılan yaşayış binasının sökülməsi və yerində hündürmərtəbəli binanın inşası üçün “FF-2011” şirkətinə sərəncam verməkdə ittiham olunur. Lakin bu tikinti şirkətinin rəhbəri Tamilla İbrahimova oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilərkən bildirib ki, Rasim Quliyevi tanımayıb, ilk dəfə məhkəmədə görür.

İndiyədək dəfələrlə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov, İH nəzdində Şəhərsalma və Memarlıq Baş İdarəsinin rəisi Akif Abdullayev (o, indi də Bakının baş memarıdır) və başqa rəsmilərlə görüşdüyünü deyən Tamilla İbrahimovanın sözlərinə görə, Dilarə Əliyeva-141 və 145 ünvanlarında binaların sökülüb, yerində yeni binanın inşası üçün proses 2012-ci ildən başlayıb. 2013-cü ildə Hacıbala Abutalıbov tikintiyə razılıq verib və bu barədə sərəncam imzalayıb.

Bakının baş memarı Akif Abdullayev bu ünvanla bağlı işlərdən yetərincə xəbəri olmadığını, sadəcə, İH başçısının göstərişi ilə sənədləri imzaladığını söyləsə də, T.İbrahimova məhkəmədə bunu təkzib edib. O bildirib ki, hətta Akif Abdullayev ona konkret memar da təklif edərək, onunla işləməyi məsləhət görmüşdü və həmin memarla işləyiblər: “Layihəni Akif Abdullayevə göstərdim, dedi ki, bina böyükdür, azaldın. Layihəni azaltdım, bütün qurumlarda təsdiqlətdirdim, sonra Akif Abdullayevə verdim”.

2014-cü ildə Hacıbala Abutalıbov öz sərəncamını ləğv edib, şirkət rəhbərinə də məlumat verilib ki, icra başçısı sözügedən ərazidə söküntü-tikinti aparmağı qadağan edib. “Amma Zülfəli İsmayılov (İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri - red.) dedi ki, narahat olma, tikinti aparılacaq, özü həll edəcək. Biz evləri alırdıq, İcra Hakimiyyəti sökürdü. Zülfəli mənim aldığım evlərdə ayrı-ayrı adamları kirayə saxlayırdı. Hələ də yaşayırlar. Dilarə Əliyeva-145 ünvanındakı bina memarlıq abidəsi olsaydı, iki il sənədləşmə getdiyi dövrdə mənə bu barədə nəsə təqdim edərdilər”, - deyə T.İbrahimova söyləyib.

Sabiq aparat rəhbəri Rasim Quliyev Dilarə Əliyeva-141 ünvanı ilə bağlı sərəncamı 2018-ci ilin mayında - Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində imzalayıb. Həmin dövrdə Abutalıbov bir ay idi ki, baş nazirin müavini təyin olunmuşdu, Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov isə vəfat etmişdi.

Şirkətin rəhbəri isə deyir ki, Rasim Quliyevin həmin imzaladığı sərəncama heç ehtiyacı yox idi, çünki ona qədər Fövqəladə Hallar Nazirliyindən tutmuş, Bakı şəhər İcra Hakimiyyətinə qədər bütün qurumların razılığını almışdı.

Tamilla İbrahimova qeyd edib ki, Dilarə Əliyeva-141-145 ünvanları ilə bağlı indiyədək tikinti apara bilməsə də, 17 milyon pul xərcləyib. O, əlavə edib ki, tikinti işlərinin alınmayacağını həyat yoldaşına 2021-ci ilin fevralında deyiblər: 

“Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov yoldaşıma dedi ki, iş alınmır. Mən dedim ki, kimə lazımdır, yenə pul verim, işim dayanmasın. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki, Rasim Quliyevlə bağlı cinayət işi başlanıb. Mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər, dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki, işin içində ancaq mənim şirkətimdən söhbət gedir”.

Rasim Quliyevin məhz onun şirkəti ilə bağlı məsələdə ittiham olunduğunu eşidəndən sonra T.İbrahimova Hacıbala Abutalıbovun da yanına gedib. Əvvəl bir neçə dəfə Nazirlər Kabinetində Abutalıbov onu qəbul etməyib. Nəhayət, günlərin birində baş nazirin müavininin qəbuluna düşə bilib: 

“Soruşdum ki, Rasim Quliyev kimdir, mənim sənədimə qol çəkdiyinə görə tutulub? Deyirlər ki, işim ona görə alınmayıb. Hacıbala Abutalıbov dedi ki, ola bilməz. Götürüb, Ramiz Mehdiyevə, Kəmaləddin Heydərova, Əbülfəs Qarayevə, Ədliyyə Nazirliyinə zəng elədi. Ramiz müəllimə dedi ki, Arxitektura Komitəsi Rasim Quliyevin imzasını tanımadıqlarını deyir. Cavabında Ramiz Mehdiyev dedi ki, ola bilməz, biz onun sənədlərini qəbul edirik. Az sonra Zakir Qaralov məktub göndərdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq...”

Bu məsələ ilə bağlı məhkəmə araşdırmaları davam edir.

Qeyd edək ki, 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışan, 2010-2018-ci illərdə aparat rəhbəri olan Rasim Quliyev Eldar Əzizov Bakının icra başçısı təyin edildikdən sonra oradan uzaqlaşdırılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Quliyev özünü təqsirli bilmir. O deyir ki, Hacıbala Abutalıbov baş nazirin müavini təyin ediləndə Prezident Administrasiyasının razılığı olmadan ona icra başçısının müavini səlahiyyətlərini həvalə edib. O isə razılıq olmadığını sonradan bilib. Ona görə də həmin statusda imzaladığı sərəncamın hüquqi qüvvəsi yoxdur. Dilarə Əliyeva-141 ünvanı ilə bağlı məsələyə gəlincə, Rasim Quliyev qeyd edib ki, bu məsələyə bütün qurumların razılığı vardı, o, sənədi formal olaraq imzalayıb. 

Gülər