Logo
news content
User
Kateqoriyalar

Analitika

“Çiyin-çiyinə müdafiə” mesajı: Paşinyan gedir, Putin baxır, Lukaşenko plan qurur
Ekspertlər yekdil fikirdədirlər – KTMT-nin təşkilat kimi gələcəyi yoxdur

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri Nikol Paşinyanın son vaxtlar diqqət çəkən çıxışı fonunda gözlənilməz bəyanatla çıxış edib. Lukaşenkonun sözlərinə görə, elə bir vəziyyət yarana bilər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr çiyin-çiyinə dayanaraq öz məkanlarını müdafiə etməli olacaqlar.

O, təşkilatın baş katibi Taalatbek Masadıykovla görüşdə Belarus və Rusiyanın təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını nümunə göstərib. “Düşünürəm ki, biz bu istiqamətdə bundan sonra da fəaliyyət göstərəcəyik. Lakin bizim hamımızın birlikdə, çiyin-çiyinə, bütün silahlı qüvvələrimiz və silahlarımızla təşkilatımızın fəaliyyət göstərməli olduğu məkanı müdafiə etməli olacağı vəziyyətin yarana biləcəyini istisna etmirəm”, – Lukaşenko bildirib. 

Aydındır ki, bu bəyanat blokun əsas nüvəsinin müəyyən mənada Paşinyanın çıxışına verdiyi müdafiə reaksiyası kimi də qiymətləndirilə bilər.

Eyni zamanda, son hadisələr müxtəlif ölkələrdəki ekspert cəmiyyətini KTMT-nin gələcək perspektivləri barədə düşünməyə vadar edir. Məsələn, təşkilatın rəsmi saytında qeyd olunur ki, onun gələcəyi “geosiyasi gərginlik fonunda kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi, birgə hərbi potensialın inkişafı və sülhməramlı fəaliyyətin genişləndirilməsi ilə bağlıdır”. “Əsas istiqamətlərə ümumi məkanın qorunması və “lokomotiv” kimi Belarusla münasibətlərin inkişaf etdirilməsi” daxildir. Lakin hamıya məlumdur ki, təşkilat Ermənistanla münasibətlərdə ciddi böhranla üzləşib.

Bundan əlavə, blok daxilində maraqlar balansının pozulduğu da müşahidə olunur. Üzv dövlətlərin müxtəlif prioritetləri (Mərkəzi Asiyada təhlükəsizlik məsələləri ilə qərb sərhədlərində qarşıdurma məsələlərinin fərqli prioritet kimi qəbul edilməsi) vahid uzunmüddətli strategiyanın formalaşdırılmasını çətinləşdirir.

Başqa sözlə, KTMT-nin perspektivi Ermənistanın faktiki uzaqlaşması şəraitində təşkilatın birliyini qoruyub saxlaya bilməsindən və Avrasiya məkanında artan qeyri-sabitlik fonunda kollektiv qüvvələrini “ümumi məkanın” müdafiəsinə uyğunlaşdıra bilməsindən asılıdır.

Bu fonda ekspertlər qeyd edirlər ki, KTMT-nin yaşama qabiliyyəti təşkilatın yalnız siyasi bəyanatlarla kifayətlənməyərək, həm üzv ölkələr arasındakı lokal münaqişələrə, həm də xarici təhdidlərə effektiv reaksiya verə bilməsindən asılı olacaq.

Beləliklə, bu təşkilatın gələcəyi ilə bağlı suallar kifayət qədər geniş və maraqlıdır. Yaxın vaxtlarda digər postsovet ölkələrinin də KTMT-də qalmağın məqsədəuyğunluğu barədə düşünməyə başlaması mümkündürmü?

Pressklub.az-ın suallarını tanınmış şərhçilər cavablandırıblar.

Belaruslu analitik və jurnalist, demokratik fəal Aleksandr Otroşenkov (Varşava) qeyd edib ki, Nikol Paşinyan özünü ziyalı insan kimi göstərib.

Paşinyan öz mövqeyini aydın və son dərəcə korrekt şəkildə ifadə edib. Onun sözlərinin mənası çox sadədir: Rusiya KTMT üzrə müttəfiqi olan Ermənistanı satdı. Üstəlik, Ermənistanla Azərbaycan arasında münaqişədə yenidən qan tökülməsi üçün mümkün olan hər şeyi etdi. Ermənistandakı müəyyən qüvvələrdə belə bir illüziya yaradıldı ki, guya Rusiya onları dəstəkləyəcək və münaqişə güc yolu ilə həll oluna bilər.

Rusiya bununla göstərdi ki, KTMT təkcə qeyri-effektiv alyans deyil, həm də üzv ölkələrdə mövcud olan sağlam və canlı hər şeyə qarşı yönəlmiş təşkilatdır. Ermənistanın, eləcə də Azərbaycanın məntiqi marağı bu münaqişənin yaratdığı tarixi travmanı sağaltmaqdan, humanitar məsələləri həll etməkdən və gələcəkdə bu iki ölkənin vətənpərvər övladlarının bir daha qan tökməməsini təmin etməkdən ibarətdir.

KTMT və Rusiyaya arxalanmaq Paşinyanın səhvi deyildi, lakin Ermənistan dövləti əvvəlki rəhbərlərin bu səhvinə görə böyük qiymət ödəyib. Bunu KTMT-yə üzv ölkələrin bütün paytaxtlarında yaxşı başa düşürlər, amma hələlik bu təşkilata üzvlük Rusiyanın müttəfiq rejimlərinin sabitliyinə xidmət etdiyi üçün onlar Ermənistanın nümunəsini təkrarlamayacaqlar”, – ekspert hesab edir.

Eyni zamanda, onun sözlərinə görə, ölkələrin və xalqların maraqları heç də həmişə rejimlərin maraqları ilə üst-üstə düşmür.

“Buna görə də KTMT ölkələrin ittifaqı deyil. Bu, Rusiyanın həmin ölkələri bədbəxt edən rejimlərlə qurduğu ittifaqdır; münaqişələri qızışdıran və ən pis ssenarilərin reallaşmasına şərait yaradan bir strukturdur. Ermənistan nümunəsi bunu aydın şəkildə göstərdi və hamı bunu gördü.

Lakin bu o demək deyil ki, KTMT sabah dağılıb gedəcək. Əksinə, o, hələ uzun müddət siyasi görüntü şəklində mövcud olacaq. Çünki iştirakçıların əksəriyyəti üçün bu təşkilat təhlükəsizlik aləti deyil, rejimlərin qorunması və Moskva ilə kommunikasiya kanalıdır. Ondan çıxmaq isə işləməyən ittifaqda qalmaqdan daha baha başa gəlir”, – Otroşenkov yekunlaşdırıb.

Öz növbəsində, Strateji Təhlil üzrə Ekspert Mərkəzinin (STEM) direktoru Orxan Yolçiyev bildirib ki, Ermənistan baş nazirinin son illərdə KTMT ilə bağlı səsləndirdiyi bəyanatlar daha çox populizmə hesablanıb və reallıqla az uzlaşır.

İştirakın “dondurulması” anlayışı tam aydın deyil: ölkələr ya təşkilatın üzvü olurlar, ya da ondan çıxırlar. Məsələn, Azərbaycan 1992-ci ildə təşkilata üzv olmuşdu, lakin sonradan Rusiyanın Qarabağ münaqişəsində tutduğu ədalətsiz mövqeyə görə oradan çıxdı. Özbəkistan da üzvlüyünü bir müddət dayandırmış, sonra geri qayıtmışdı və nəhayət 2012-ci ildə təşkilatı tərk etdi.

KTMT-nin özü kifayət qədər spesifik təşkilatdır. Onun tarixçəsinə baxsaq, bütün fəaliyyət əsasən hərbi təlimlər və ya sammitlərdə dəyirmi masa arxasında böhranların müzakirəsi ilə məhdudlaşır və bundan o tərəfə keçmir. Ermənistanın 2021-ci ildə Azərbaycana qarşı KTMT-yə müraciət etməsi isə sözün əsl mənasında “absurd teatrı”dır. 1992-ci ildə Azərbaycan da öz ərazi bütövlüyünün qorunması üçün bu təşkilata müraciət etmişdi, lakin heç bir nəticə olmadı. Otuz il sonra Ermənistan eyni motivlərlə müraciət etdi və nəticə yenə eyni oldu.

KTMT-nin fəaliyyət mexanizmi və iştirakçı tərkibi Ermənistanın məqsədlərinə uyğun deyil. Nizamnamənin təcavüz zamanı ümumi müdafiəni nəzərdə tutan dördüncü maddəsi mürəkkəb müzakirə proseduru tələb edir. Ermənistan tərəfi isə 2020–2021-ci illərdə təşkilata hərbi əməliyyatlar başa çatdıqdan sonra müraciət etmişdi. Onlar yaxşı başa düşürdülər ki, KTMT onların avantürasında iştirak etməyəcək və buna görə də müzakirə prosedurunun gizli saxlanmasında maraqlı idilər.

Təşkilata üzv olan heç bir dövlət Azərbaycan torpaqlarının işğalı ideyası naminə öz əsgərlərini göndərməzdi, çünki KTMT-yə üzv bütün ölkələr Azərbaycanla yaxın münasibətlərə malikdir. 2021-ci ildə təşkilata prezidenti Emoməli Rəhmanun rəhbərlik etdiyi Tacikistan sədrlik edirdi və Ermənistanın müraciəti rədd edildi. KTMT-də qərarlar konsensusla qəbul olunur və heç kim Ermənistanın mövqeyini yekdilliklə dəstəkləməzdi.

KTMT-nin nizamnaməsi xırda sərhəd toqquşmaları üçün deyil, Birinci və ya İkinci dünya müharibəsi səviyyəsində genişmiqyaslı hərbi əməliyyatlar üçün nəzərdə tutulub – məsələn, “Baqration” əməliyyatı və ya Brusilov hücumu kimi. Mövcud şəraitdə KTMT-nin real kollektiv müdafiə tədbirləri həyata keçirməsi demək olar mümkün deyil.

Ermənistan siyasi alverdə qiyməti qaldırmağa çalışır, lakin bunu yalnız himayədarlarının icazə verdiyi çərçivədə edir və “qırmızı xətləri” keçmir. Hazırda İrəvanla Moskva arasında qarşıdurma olsa da, KTMT-dən çıxış Ermənistan üçün mahiyyət etibarilə heç nəyi dəyişməyəcək. Faktlara baxmaq daha vacibdir: Gümrüdə Rusiya hərbi bazasının mövcudluğu, sərhədlərin FSB qrupları tərəfindən qorunması və Rusiya–Ermənistan birgə hava hücumundan müdafiə sistemi. Bu amillər ölkələri birləşdirir və onların fonunda KTMT-dəki formal status çox şeyi dəyişmir”, – mərkəz direktoru bildirib.

Onun sözlərinə görə, başqa bir nümunəyə də baxmaq olar: təşkilat çərçivəsində iki müttəfiq ölkə – KTMT üzvləri Qırğızıstan və Tacikistan sərhəd müharibəsi ilə üzləşmişdilər. “Təşkilat nə etdi? Ümumiyyətlə hər hansı addım atdımı? 2020-ci ildə Tacikistan və Qırğızıstan arasında sərhəddə tanklar və minaatanlardan istifadə olunurdu.

Ən maraqlısı odur ki, həmin vaxt Qırğızıstanın müdafiə naziri məhz Tacikistanın paytaxtı Düşənbədə idi – orada KTMT Müdafiə Nazirləri Şurasının iclası keçirilirdi. Təşkilatın edə bildiyi maksimum şey o oldu ki, o vaxtkı baş katib Stanislav Zas bəyanatla çıxış etdi və tərəfləri sülhə çağırdı. Bu fakt da göstərir ki, təşkilat müttəfiqlərini müdafiə etmək və ya hərbi məsələləri həll etmək baxımından kifayət qədər effektiv deyil.

Ümumiyyətlə, təşkilatın nizamnaməsində müttəfiqlərin bir-birinə hücum etməsi və belə vəziyyətdə hansısa tərəfin yardım alması ilə bağlı bənd yoxdur. KTMT-nin iştirak etdiyi yeganə real hadisə 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələr oldu. Vəssalam. Bundan sonra artıq təşkilatın siyasi ölümünü qeyd etmək olar”, – Yolçiyev hesab edir.

Rauf Orucov