Logo
news content
User
Kateqoriyalar

Analitika

Cəzalandırma strategiyası
Rusiya iqtisadi qadağalarla Ermənistanda sabitliyi pozmağa çalışır

Rosselxoznadzor iyunun 12-dən etibarən Ermənistandan gətirilən bütün karantin nəzarətinə aid məhsulların, o cümlədən yerli və reeksport olunan malların idxalına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Qadağa, həmçinin, Rusiya ərazisindən keçməklə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə tranziti də əhatə edir. Məhdudiyyətlər daşınan məhsulların təhlükəsizliyinin və izlənilə bilməsinin təmin olunması üçün mexanizm hazırlanmasına qədər qüvvədə qalacaq. Qurum bildirib ki, artıq cari ilin may ayından etibarən Ermənistan mənşəli bəzi karantin nəzarətində olan məhsulların idxalı məhdudlaşdırılıb.

“İyun ayında Ermənistandan gətirilən qoz-fındıq, qurudulmuş şaftalı və qurudulmuş pomidor partiyalarında üç dəfə kapra böcəyi aşkarlanıb”, – xidmətin məlumatında bildirilir.

Xidmətin məlumatına görə, kapra böcəyi Rusiyada mövcud olmayan və anbar ehtiyatlarına zərər vuran zərərvericidir. O, taxıl, yağlı bitkilər, paxlalılar və digər kənd təsərrüfatı məhsullarına, həmçinin onların saxlanılması və emalı obyektlərinə zərər vurmaq qabiliyyətinə malikdir. Qeyd olunur ki, potensial zərər saxlanılan məhsulların 70 faizini əhatə edə bilər.

Qurum hesab edir ki, bu hallar “Ermənistanın səlahiyyətli orqanı tərəfindən nəzarətin yetərli səviyyədə həyata keçirilmədiyini göstərir və fitosanitar sertifikatlaşdırma sisteminə etimadsızlıq yaradır”.

Ermənistanın karantin və bitki mühafizəsi xidmətinin fəaliyyətinin qeyri-effektivliyi Rusiyanın və Aİİ-nin fitosanitar təhlükəsizliyini risk altına qoyur”, – Rosselxoznadzor vurğulayıb.

Hamıya yaxşı məlumdur ki, bütün bu tədbirlərin sırf siyasi mahiyyəti var.

Ticarət məhdudiyyətləri Rusiya-Ermənistan münasibətlərində kəskin soyuma fonunda başlayıb. Ermənistan 2025-ci ilin mart ayında Avropa İttifaqına üzvlük proseduruna start verib. Daha sonra baş nazir Nikol Paşinyan bəyan edib ki, İrəvan Ukrayna məsələsində Moskvanın müttəfiqi deyil və Prezident Vladimir Zelenskini Avropa Siyasi Birliyinin sammitinə dəvət edib.

Mayın 29-da Vladimir Putin Ermənistanı “Ukrayna ssenarisi” ilə hədələmiş, bundan əvvəl isə İrəvanın Aİİ-dən çıxacağı təqdirdə tərəflər “yumşaq, mədəni və qarşılıqlı faydalı boşanma” yolu ilə ayrıla bilmələri üçün Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməyi tövsiyə etmişdi. 

Mayın 26-da Rusiya qaz, neft məhsulları və almaz tədarükünə dair sazişlərin dayandırılması ilə hədələmişdi. Mayın 30-da isə Rusiya Xarici İşlər Nazirliyi məsləhətləşmələr aparmaq üçün İrəvandakı səfirini geri çağırmışdı.

Buna cavab olaraq Paşinyan bəyan etmişdi ki, ittifaqlar arasında seçim qaçılmaz olana qədər Ermənistan Aİİ çərçivəsində fəaliyyətini davam etdirəcək.

Rosselxoznadzor artıq əvvəllər də Ermənistandan gətirilən bəzi məhsul növlərinə kütləvi məhdudiyyətlər tətbiq etmişdi. Mayın 22-dən çiçəklərin idxalı qadağan olunub, mayın 30-dan isə pomidor, xiyar, bibər, göyərti və çiyələk də daxil olmaqla təzə tərəvəz və giləmeyvələrin tədarükü dayandırılıb.

İyunun 2-dən məhdudiyyətlər çəyirdəkli meyvələrə və üzümə, iyunun 3-dən isə tumlu meyvələrə, kartofa, badımcana və quru meyvələrə də şamil edilib. Məhdudiyyətlər Ermənistanın digər məhsul kateqoriyalarını da əhatə edib. Bunların sırasında mineral su, konyak, şərablar, diri balıq və balıq məhsulları da var.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Rusiyanın ixrac məhdudiyyətləri səbəbindən Ermənistana 50 milyon avro həcmində dəstək ayrılacağını vəd edib.

Bununla belə maraqlıdır ki, Kreml məhz indi bütün bu addımlarla nəyi nümayiş etdirmək istəyir? Onlar nəyə nail olmağa çalışırlar? Axı hər kəsə aydındır ki, alçanın və ya konyakın idxalına qadağa qoymaqla Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail ola bilməz. Xüsusilə də ölkədə artıq şəffaf demokratik seçkilər keçirilib və Nikol Pashinyanın Ermənistanın baş naziri kimi səlahiyyətləri bir daha təsdiqlənib. Bəs onda bu qadağalarla bağlı bütün bu mənasız hay-küy Moskvaya nə üçün lazımdır?

Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər aydınlıq gətiriblər.

Rusiyalı siyasi ekspert, hazırda Tbilisidə yaşayan Yeqor Kuroptevin sözlərinə görə, Kreml destruktiv məqsədlərinə nail olmaq üçün Ermənistanda mütləq hakimiyyəti dəyişməyə ehtiyac duymur.

Nəzarət olunan xaos və stabilliyi pozmaq, fermerlərin öz məhsullarını satmaqda çətinlik çəkməsi, qadağalar səbəbindən iqtisadiyyatın kəskin tənəzzüllə üzləşməsi və parlamentdə mandatların 33 faizinin sənin agenturanın əlində olması təsir göstərmək, təzyiq etmək, regional sülh təşəbbüslərini və Ermənistan hökumətinin inkişaf planlarını pozmaq üçün kifayət qədər effektiv vasitədir. Məqsəd Azərbaycan, Türkiyə və Avropaya göstərməkdir ki, Kreml Ermənistanı əməkdaşlıq yolu ilə olmasa belə, stabilliyin pozulması vasitəsilə nəzarətdə saxlayır.

Ermənistanın bu çağırışların öhdəsindən necə gələcəyi təkcə Paşinyandan deyil, həm də qonşularından və digər tərəfdaşlarından asılıdır. Onlar qısa müddətdə İrəvanın əvvəlki ticarət əlaqələrini əvəz etməli, Kremlin Ankara, İrəvan və Bakının bütün təşəbbüslərinə zidd qərarlar qəbul etməsinə imkan verməməlidirlər”, – Kuroptev vurğulayıb.

Öz növbəsində, Gürcüstan Strateji Analiz Mərkəzinin  aparıcı eksperti Gela Vasadze bildirib ki, Kreml alça və ya konyakın idxalına qadağa qoymaqla Paşinyanı devirməyin mümkün olduğunu göstərmək istəmir.

Əlbəttə ki, yox. Bunu Moskvada da anlayırlar. Məqsəd başqadır.

Birinci məqsəd müstəqil siyasi kursun qiymətini göstərməkdir. Ermənistan Avropa İttifaqına doğru addımlar atır, Ukrayna məsələsində Rusiyadan uzaqlaşır, suveren dövlət dili ilə danışır. Rusiya isə buna adət etdiyi üsulla cavab verir: yaxşı, müstəqillik istəyirsinizsə, onda iqtisadi itkilərlə üzləşin. Bu, münasibətləri inkişaf etdirmək strategiyası deyil, cəzalandırma strategiyasıdır.

İkinci məqsəd birbaşa Paşinyanı deyil, onun ətrafındakı sosial və biznes mühitini hədəfə almaqdır. İstehsalçılar, ixracatçılar, logistika şirkətləri, aqrar sektor və Rusiya bazarından asılı olan regionlar hiss etməlidirlər ki, Avropa seçimi abstrakt geosiyasət deyil, artıq bu gün itirilən pullardır. Kreml ümid edir ki, aşağıdan gələn təzyiq Ermənistan daxilində narazılıq yaradacaq: guya hakimiyyətin siyasəti səbəbindən biznes və sadə insanlar əziyyət çəkirlər.

Üçüncü məqsəd yalnız İrəvana deyil, bütün postsovet ölkələrinə siqnaldır. Bu, Rusiyanın orbitindən çıxmağın asan olmayacağı barədə xəbərdarlıqdır. Moskva göstərir ki, onun üçün Avrasiya İqtisadi İttifaqı bərabərhüquqlu iqtisadi birlik deyil, təsir rıçaqları sistemidir. Bu gün Ermənistan, sabah isə həm Rusiya bazarından yararlanmaq, həm də müstəqil xarici siyasət yürütmək istəyən istənilən başqa ölkəyə təzyiqdir.

Dördüncü məqsəd daxili auditoriya ilə bağlıdır. Kreml öz ictimaiyyətinə göstərmək istəyir ki, guya cavab verir, Ermənistan qaydaları pozur və Rusiya susmur. Bu, imperiya psixologiyasının mühüm hissəsidir: keçmiş müttəfiq uzaqlaşırsa, onu inandırmaq yox, cəzalandırmaq lazımdır. Hətta bu cəza xırda, bürokratik və mənasız görünsə belə”, – analitik izah edib.

Lakin onun sözlərinə görə, burada Moskvanın özü üçün problem yaranır: “Belə tədbirlər həqiqətən də iqtisadi ağrı yarada bilər. Ermənistan biznesinin bir hissəsinin münasibətini pisləşdirə bilər. Gərginliyi artıra bilər. Amma strateji baxımdan onlar Rusiyanın əleyhinə işləyir. Çünki hər belə qadağa Ermənistan cəmiyyətinə sadə bir həqiqəti göstərir: Rusiyadan asılı olmaq təhlükəlidir. Əgər sabah istənilən siyasi mübahisə məhsullara qadağa ilə nəticələnirsə, deməli, bu bazar deyil, şantaj alətidir.

Məhz buna görə mən bunu sadəcə “mənasız hay-küy” adlandırmazdım. Taktiki baxımdan bu, axmaqlıq deyil. Bu, təzyiq göstərməyin anlaşılan məntiqidir. Amma strateji baxımdan çıxılmaz məntiqdir. Rusiya Ermənistanı elə üsullarla saxlamağa çalışır ki, həmin üsullar Ermənistanın Rusiyadan daha da uzaqlaşmasını sürətləndirir.

Moskva onilliklər boyu istifadə etdiyi vasitələrə əl atır: qaz, bazar, sərhəd, miqrantlar, sertifikatlar, sanitar xidmətlər. Amma postsovet məkanı dəyişib. Ermənistan dəyişib. Əgər əvvəllər belə addımlar elitaları intizama sala bilirdisə, bu gün onlar getdikcə əks nəticə verir – cəmiyyətin siyasi yetkinləşməsinə və alternativlərin axtarışına səbəb olur.

Ona görə də cavab sadədir: Kreml alça ilə İrəvanda hakimiyyəti dəyişməyə çalışmır. O, Ermənistanın Rusiyadan uzaqlaşmasını ağrılı, bahalı və sosial baxımdan konfliktli etmək istəyir. Lakin uzunmüddətli perspektivdə bununla Ermənistandakı rusiyapərəst qüvvələrin əsas arqumentini özü dağıdır – yəni Rusiyanın etibarlı tərəfdaş olması barədə arqumenti. Çünki etibarlı tərəfdaş belə davranmaz”, – Vasadze yekunlaşdırıb.

Rauf Orucov