Logo
news content
User
Kateqoriyalar

Analitika

Cəmi bir il və həmin il...
21 Azər Hərəkatı haqqında nə bilirik?

76 il öncə - 1945-ci il dekabrın 12-də, Günəş təqvimi ilə 1324-cü ilin Azər ayının 21-də vətənimizin güneyində Azərbaycan Milli Hökuməti quruldu. Bu olay Pəhləvilər dönəmində ağır basqılar altında kimlik mücadiləsi verən Azərbaycan türklərinin dövlətçilik tarixində olduqca önəmli hadisə kimi dəyərləndirilir. Bəs, 21 Azər və ömrü bir ili aşmayan milli hökumətimiz haqqında toplum nə qədər məlumatlıdır? Həmin tarixdə baş verənlərə hansı prizmadan qiymət verilməsi obyektiv olar?

1945-ci ildə Təbrizdə Azərbaycan Demokrat Firqəsinin təşəbbüsü ilə qurulmuş Milli Hökumətlə bağlı opponentlərin bu gün də ortaya qoyduğu əsas arqument bu proseslərin bilavasitə Moskvadan idarə olunmasıdır. Yəqin kimsə etiraz etməz ki, 1945-ci ildə İkinci Dünya savaşının qalibi olan Sovet İttifaqının vaxtilə Almaniya ilə müttəfiqlik edən Pəhləvilərə qarşı İrandakı solçu qüvvələrin aktivləşməsində xüsusi rolu olub. Buna da şübhə yoxdur ki, Milli Hökumət də məhz 1945-ci ildəki ictimai-siyasi proseslərin sonucu olaraq ortaya çıxdı. Milli Hökumətin solçu mahiyyətini isə kimsə inkar edə bilməz. Hətta 21 Azərin süqutunu 1946-cı ildə sovet qoşunlarının İran ərazisindən çıxması ilə əlaqələndirənlərin də məntiqinə hörmətlə yanaşmaq olar. Amma bu faktın özü də sovetlərin millətimizə, eləcə də öz müttəfiqlərinə növbəti xəyanəti kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, Milli Hökumət 1 illik mövcudluğu dönəmində Azərbaycanda 20 il Pəhləvilərin görə bilmədiyi işləri həyata keçirməyi bacarmışdı. Amerikalı araşdırmaçı Con Furon yazırdı ki, Rza şahın 20 ildə həyata keçirə bilmədiyini bu hökumət bir il ərzində gerçəkləşdirmişdi. 

İran tarixində ilk dəfə qadınlara kişilərlə bərabər hüquq verildi. Anbarlarda saxlanılan məhsullar sabit dövlət qiyməti ilə bazarlara çıxarıldı, zəruri ərzaq məhsulları üzərindən vergilər götürüldü. Təbrizdə və Güney Azərbaycanın ayrı-ayrı şəhərlərində ana dilində təhsil ocaqlarının fəaliyyətə başlaması, universitet açılması, milli ordunun yaradılması, torpaq islahatının həyata keçirilməsi, dövlət məmurlarının rüşvət almasını əngəlləyən qanunların qəbul olunması, kəndlərdə belə xidmət göstərən səyyar klinikaların yaradılması, sosial proqramın həyata keçirilməsinə start verilməsi, işsizliyin aradan qaldırılması yönündə əsaslı addımların atılması və sair fəaliyyətlər cəmi bir neçə ay ərzində reallaşdırıldı. Mən diqqəti özəlliklə ana dilində məktəblərin yaradılması məsələsinə çəkmək istərdim. Bu gün İran coğrafiyasında 35 milyondan artıq Azərbaycan türkünün əsas mübarizəsi ana dilimizlə bağlı deyilmi?! Bu gün güneyli soydaşlarımızın şovinizmə qarşı əsas şüarı “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” deyilmi? Elə isə gəlin, yeddi onillik bundan öncə vətənimizin güneyində bizə bu qüruru yaşadan Pişəvərilər, Firidun İbrahimilər, Kavyanlar, Biriyalar, Qulam Yahyaların millət qarşısındakı xidmətlərini də bu pəncərədən dəyərləndirək. Güneyimizdə 1000 il taxtda oturmasına baxmayaraq, öz dilinə biganə yanaşan şahların belə gerçəkləşdirmək istəmədiyi ana dilimizin dövlət dili statusu qazanması da məhz 21 Azərin sonucu idi. 

Bu gün 21 Azər Hərəkatının mahiyyətinə obyektivlikdən uzaq, yalnız öz pəncərəsindən baxanlar bunu da unudurlar ki, 21 Azər Güney Azərbaycan dövlətçilik ənənəsinə cümhuriyyət tipli dövlət formasını da ərməğan edib. Belə ki, bu ənənəni 1918-ci ildə vətənin quzeyində qurulan Cümhuriyyətin davamı kimi də dəyərləndirmək olar. Digər tərəfdən, 21 Azər bu gün Güney Azərbaycandakı milli-azadlıq mübarizəsinə nümunə - presedent kimi dövlət forması modeli təqdim edib. Bu gün Güneydə milli haqları üçün mübarizə aparanların bir də 21 Azər Hərəkatına, onun məram və amallarına üz tutması 76 il öncə millət adına görülən işlərin bihudə olmadığının göstəricisidir. 21 Azər Hərəkatı həm də bizim qan yaddaşımızdır.

75 il öncə - 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya, qadına, uşağa da rəhm etmədi. O tarixdən 7 onillik keçsə də, düşünmürəm ki, Azərbaycan hələ də Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərin başlarının qurbanlıq kimi kəsilməsini, müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini unudub. 

26 Azərdə (17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı, “kitab qətliamı” da həyata keçirdi. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. O kitabların yeganə “günahı” isə yalnız ana dilimizdə olması idi. Pəhləvi qoşunları həmin günlərdə millətimizə qarşı gerçək bir etnosid həyata keçirdilər. Düşünürəm ki, tək bu acı olay 21 Azər Hərəkatının gerçək mahiyyətini dəyərləndirmək üçün yetərlidir. Çünki Güneydəki soydaşlarımız bütün tarix boyunca öz ana dilində oxuyub-yazma fürsətini məhz həmin il qazanmışdılar. Cəmi bircə il və həmin il...

Müəllif: Rüfət Muradlı