Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bu sənəd gülüşdən başqa heç bir reaksiyaya layiq deyil”

Fransa Senatının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağı tövsiyə edən qətnaməsi bir sıra suallar yaradıb. Fransa Ermənstana siyasi dəstək versə də, iqtisadi sahədə Azərbaycanla əlaqələri Ermənistanla əlaqələrindən daha çox inkişaf edib. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. Məsələn, 2018-ci ildə Fransanın Cənubi Qafqazın 3 ölkəsi ilə ümumi ticarət dövriyyəsinin 62,4 faizi məhz Azərbaycanın payına düşüb və 624,7 milyon dollar təşkil edib. 2019-cu ilin ilk 5 ayında iki ölkə arasında ticarət dövriyyəsi bir il əvvəlin eyni dövrü ilə müqayisədə 53 faizdən çox artıb. Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılıb.

Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki,  Senatın qətnaməsi hökumətin mövqeyi demək deyil: “Dağlıq Qarabağın müstəqilliyini birtərəfli tanımaq nə Ermənistana, nə Qarabağ əhalisinə, nə də Fransanın özünə fayda verər”.

Azərbaycan Xarici İşlər Nazirliyi də Senatın qərarını pisləyən bəyanat yayıb. Nazirlik vurğulayıb ki, qətnamənin hüquqi qüvvəsi olmasa da, siyasi mənası var: “Vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Press Klub”a bildirdi ki, bu sənədin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Onun fikrincə, sözügedən qətnamə erməni diasporunun Senata təsiri nəticəsində qəbul edilib:

“Bu sənəd gülüşdən başqa heç bir reaksiyaya layiq deyil. Bizdə daha çox qətnamənin Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması hissəsi müzakirə olunur. Amma başqa bəndlər də var. Məsələn, iddia olunur ki, 1994-cü ildə atəşkəsdən sonra ermənilərdə qalmış, indi isə azad edilmiş əraziləri Azərbaycan “Artsax”a geri qaytarmalıdır. Siyasi reallıqdan, Fransanın özünün, dünya ictimaiyyətinin mövqeyindən uzaq olan tələbdir. Yeganə mənfi məsələ budur ki, Fransa Senatındakı korrupsiyaya uğramış, erməni diasporunun təsiri altında olan adamlar guya bu münaqişəyə hansısa töhfə vermək istəyirlər. Həm gülüş doğurur, həm də acınacaqlıdır. Bu qərarın siyasi baxımdan nəticəsi yoxdur, ola da bilməz. Senat ümumiyyətlə, xarici siyasətə aid hansısa mövqe formalaşdıran orqan deyil. Azərbaycan üçün də bu qərarın təhlükəsi yoxdur”.

T.Zülfüqarov xatırlatdı ki, bundan əvvəl də bənzər sənədlər olub. Sabiq nazirin sözlərinə görə, müxtəlif şəhərlərin meriyaları, Amerikada ayrı-ayrı ştatların qanunverici orqanları oxşar qətnamələr qəbul edib, bəyanatlar verib. Onun fikrincə, baş verənlər siyasi alverdir:

“Bu, siyasi alverin bir növüdür. Erməni diasporu təsir göstərir və onların təsiri altında reallıqdan uzaq qərar qəbul edirlər. ABŞ-da dəfələrlə belə qərarlar qəbul edilib və heç bir təsiri olmayıb. Biz yenə məsələyə bu şəkildə yanaşmalıyıq. Fransa Senatı bu qətnamə ilə seçicilər qarşısında siyasi divident qazanmaq istəyir. Başqa bir məqsəd də şad günlərimizdə bizə acıq verməkdir. Sənədin Kəlbəcər azad edilən gün qəbulu da təsadüf deyil”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də “Press Klub”a açıqlamasında Fransa Senatının qətnaməsinin sadəcə, siyasi sənəd olduğunu, hüququ qüvvəsi olmadığını vurğuladı. Hüquq müdafiəçisi 300-dən çox deputatın sənədi dəstəklədiyi halda, yalnız bir nəfərin əleyhinə çıxmasına diqqət çəkdi. Onun fikrincə, bu göstərici Azərbaycan diplomatiyasının uğursuzluğudur. Diplomatik tədbirlərin zəif olduğunu deyən A.Məmmədlinin fikrincə, Azərbaycan hökuməti ancaq regiondakı güclərlə - Rusiya və Türkiyə ilə əlaqələrə üstünlük verir, bu da yanlış yanaşmadır:

“Hələlik faciəli durum yoxdur. Amma baş verənlərdən ciddi nəticə çıxarmaq lazımdır. Xüsusən də Xarici İşlər Nazirliyi və diplomatik korpuslarda yeni siyasi situasiyaya uyğun islahatlar getməli, yeni siyasi kurs hazırlanmalıdır”.

Gülər