Logo
news content
User
Kateqoriyalar

Analitika

“Bu cür sevinməyə, sevincdən ağlamağa çox ehtiyacım var idi...”

Sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi davam edir. İndiyədək 4 şəhər, 3 qəsəbə, 180-dən çox kənd düşmən işğalından azad edilib. Bu, o deməkdir ki, həmin yaşayış məntəqələrindən didərgin salınan vətəndaşlarımız artıq məcburi köçkün deyillər.

Rayonları, kəndləri azad olmuş tanınmış simalar hansı hissələri keçirir?

Media eksperti, professor, teletənqidçi Qulu Məhərrəmli  əslən Zəngilan rayonundandır. Keçirdiyi hissləri belə ifadə edir:

“Bu xəbər insanda elə emosional dalğa yaradır ki, keçirdiyin hissləri sözlə ifadə edə bilmirsən. Bütün hallarda qeyri-adi hissdir. Uzun illər görmədiyin, getmək haqqında düşünməkdə belə çətinlik çəkdiyin bir vəziyyətdə rayonun işğaldan azad olunması xəbəri gəlir və insan bir anda özünü bir boşluqda, fəzada, qeyri-adi bir vəziyyətdə hiss edir. Ona görə, bu, mənim üçün çox fərqli bir hiss idi və bu hissi yaşadım. Həmin torpaqlar işğal olunanda bir cür hiss keçirmişdim, çox sarsılmışdım, indi isə hissi bir terapiya yaranıb, bütün bədəndən bir ildırım kimi keçir bu xəbər... Bu xəbərdən dərhal sonra kəndimizdən olan ağsaqqal insanlara zəng etdim, gördüm ki, hamısı bilir və xəbəri hönkürtü ilə qarşılayıblar. Həmişə o insanlar məndən soruşurdular ki, görəsən, biz o yerlərə qayıdacağıqmı? Mən isə həmişə onları ümidləndirirdim ki, gedəcəyik. Nə yaxşı ki, ümid gerçəkləşdi. İlk olaraq o yerlərə ayaq basanda doğmalarımın məzarlarını ziyarət edəcəyəm, evimizə gedəcəyəm”.

Jurnalist, hazırda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Reklam və KİV-in monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışan Səfurə Çərkəzqızı isə Cəbrayıldandır. O, öz hisslərini “Press Klub”la bölüşərkən bunları söylədi:

“Bu hisslər sözlə ifadə olunmayacaq, o qədər dolu-dolu hissdir ki... Belə bir möhtəşəm hissə 27 ildir ki, ehtiyacım var idi. Bu cür sevinməyə, sevincdən ağlamağa çox ehtiyacım var idi. Xəbəri alanda evdə idim, ev işləri ilə məşğul idim, gördüm ki, brifinq gedir, səsini yüksəkdən etdim ki, eşidə bilim. Birdən eşitdim ki, işğaldan azad olunmuş ərazilərin adları açıqlanır, TV-yə yaxın əyləşdim, ürəyim başladı döyünməyə. Ürəyimdə deyirdim ki, kaş mənim də torpaqlarım azad olunardı. Birdən Böyük Mərcanlının adını çəkdilər. Təsəvvür edin, 27 ildir ki, o kəndə həsrətəm, orada doğulub, böyümüşəm, orada uşaqlığımı, gəncliyimi yaşamışam. Bütün bunlara həsrət qalmış biri kimi qızımla ikimiz də eyni anda qışqırdıq, qucaqlaşıb, ağlamağa başladıq. Tək qızımla deyil, hamıyla - dost, qohum-əqrəbayla sevincimi yaşamaq istədim. Telefonu aldım əlimə, qardaşıma, rəfiqəmə zəng vurdum, aylarla danışmadığım insanlara belə zəng vurdum. Hamıya deyirdim ki, məni təbrik edin, kəndim alınıb. Neçə gün mən elə həmin əhval-ruhiyyədə oldum.

Atam ömrünün sonuna kimi arzu edirdi ki, kaş Allah ona möhlət verərdi, gedib o yerləri görüb, sonra ölərdi. Təəssüf ki, atam bu günü görə bilmədi... Mən də fikirləşirdim ki, bəlkə, heç mənə də o yerləri görmək nəsib olmayacaq. Şükürlər olsun ki, mənə qismət oldu. Bu günü bizə yaşatdığı üçün Allahıma hər gün şükür edirəm. Ordumuzun, Ali Baş Komandanımızın qarşısında baş əyirəm. Hələ də eşitdiklərimə, gözlərimə inanmıram və deyirəm ki, insan bu qədər xoşbəxt ola bilərmi? Çox istərdim ki, atam, anam, bacım da o yerləri görərdi. Təəssüf ki, onlar dünyasını dəyişib. Bu sevinci qardaşımla, yaxınlarımla, qohularımla bölüşdüm. O torpaqlara ayaq basanda ilk ziyarət edəcəyim yer atamın yurdu olacaq. O torpağa ayağım dəyəndə dünya mənim olacaq. İndi orada daş üst-üstə olmasa belə, məhləmizi, torpağımızı gözüm bağlı ola-ola, əllərimlə də tapa bilərəm. Həmişə arzu edirdim ki, jurnalist kimi bu xoşbəxtliyi yaşayım. Qismət elə gətirdi ki, bu dönəmdə televiziyada işləyə bilmədim. Çəkiliş etsəm, mütləq öz telefonuma doğulub, boya-başa çatdığım evimizi çəkəcəm. Gördüyüm hər yeri lentə alacam. İşğaldan azad olunan torpaqların hamısını gəzəcəm”.

Ülviyyə Şahin