Logo
news content
User
Kateqoriyalar

Analitika

Benzin böhranından “Çin anbarı”na doğru
Rusiya sentyabr seçkilərinə qədər tab gətirə bilər...

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) və enerji infrastrukturuna endirdiyi ardıcıl dron zərbələri Rusiya daxilində indiyə qədər görünməmiş kəskin yanacaq böhranına yol açıb. Hazırda ölkənin 62 regionunda benzin və dizel satışına ciddi məhdudiyyətlər tətbiq olunub, qiymətlər son 20 ilin rekord həddinə çatıb. Rusiya hökuməti daxili bazardakı çatışmazlığı qapatmaq üçün təcili şəkildə Qazaxıstan və Hindistandan yanacaq idxal etmək üçün yollar axtarır.

Bu barədə “Reuters”, “Bloomberg” və RBC agentlikləri geniş məlumat yayıb. “Vajnıye istorii” nəşrinin hesablamalarına görə, hazırda Rusiyada benzin çatışmazlığı daxili istehlakın 20 faizinə çatıb.

“Reuters”in mənbələrinə görə, Rusiya defisiti aradan qaldırmaq üçün Qazaxıstanla 50 min ton “Aİ-92” markalı benzin tədarükünə dair danışıqlara başlayıb, lakin Qazaxıstanın Energetika Nazirliyi hələlik rəsmi müraciət almadıqlarını bildirib. Eyni zamanda, Dövlət Duması Hindistandan benzin idxalını stimullaşdırmaq üçün Vergi Məcəlləsinə dempfer mexanizminin tənzimlənməsini nəzərdə tutan təcili düzəlişləri təsdiqləyib.

“Rosstat”ın məlumatına görə, təkcə iyunun 16-dan 22-nə qədər olan bir həftə ərzində Rusiyada benzinin qiyməti orta hesabla 3% bahalaşıb. “Bloomberg” qeyd edir ki, bu, son 20 illik əlçatan statistika dövründə qeydə alınan ən kəskin həftəlik sıçrayışdır.

Baş nazirin müavini Aleksandr Novak vəziyyəti “mürəkkəb, lakin nəzarət altında olan” adlandıraraq, bunu bəzi regionlardakı logistik problemlərlə əlaqələndirməyə çalışıb. Lakin real mənzərə tamamilə fərqlidir. Dağıstanda artıq nəqliyyat vasitələrinə bir dəfəyə 20 litrdən artıq benzin, 50 litrdən artıq dizel vurulmasına qadağa qoyulub. Bir çox bölgələrdə isə yanacaq qıtlığı səbəbindən ictimai nəqliyyat marşrutları ləğv edilir.

Ən kritik vəziyyət ilhaq edilmiş Krımdadır. Yarımadanın separatçı rəhbəri Sergey Aksyonov bəyan edib ki, bütün yanacaqdoldurma məntəqələrində yanacaq satışı nəinki sərbəst ticarətdə, hətta talonla belə tamamilə dayandırılıb. Ukraynanın zərbələri nəticəsində Krımda elektrik və su təchizatında da kəskin kəsintilər yaranıb, Rusiyaya gedən “Tavriya” qatarlarının sayı azaldılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Krımdakı bu əməliyyatların “dəqiqliklə hesablandığını” və bunun Rusiyanı gec-tez sülhü seçməyə məcbur edəcəyini vurğulayıb.

İyunun 23-də Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dron zərbələrinin yaratdığı yanacaq qıtlığına münasibət bildirərək, bunun cəbhədəki vəziyyətə və hücumlara təsir etməyəcəyini iddia edib. Siyasi analitik Sergey Şelin isə Putinin bu çıxışının xalq üzərində heç bir effekt yaratmadığını vurğulayır: "Sosial şəbəkələrdəki reaksiyalardan və dolayı, lakin aydın əlamətlərdən göründüyü kimi, Putinin bu bəyanatı insanlarda heç bir inam yaratmadı. Əksinə, insanlar çiyinlərini çəkir və ya onun bu sözlərinə sadəcə gülürlər. Onun hərəkətləri effektiv görünmür.

Mənim fikrimcə, Rusiya hakimiyyəti bu vəziyyətdə təxminən payıza qədər - sentyabrda keçiriləcək növbəti “seçkilərə” qədər tab gətirə bilər. Onlar hansısa fors-major üsullarla insanları yanacaqla təmin etməyə, nəsə etməyə və xalq qarşısında bəraət qazanmağa çalışacaqlar. Amma payızda, əgər Ukrayna dronlarının hücum intensivliyi bu templə davam edərsə və ya artarsa, Kremlin qarşısında iki seçim qalacaq: ya ölkədə çox sərt hərbi-səfərbərlik tədbirləri tətbiq etmək, ya da Rusiyanın rəsmən sülh axtardığını bəyan etmək”.

Ekspert Mixail Krutixin Rusiyanın xaricdən yanacaq almaq planlarını və daxili bazardakı qiymət fəlakətini belə izah edir: “Hazırda Hindistan Rusiyadan xam nefti böyük endirimlərlə alır və ondan hazırladığı neft məhsullarını, o cümlədən Avropaya ixrac edir. Hindistan hökuməti rəsmən elan edib ki, dövlət şirkətləri ABŞ sanksiyalarından qorxduqları üçün birbaşa Rusiya nefti almır, bunu yalnız özəl şirkətlər böyük endirim tələb edərək edirlər. İndi Rusiyanın öz xam neftindən Hindistanda istehsal olunmuş dizel və ya benzini dünya qiymətləri ilə geri almasının harası kommersiya baxımından rentabellidir? Amma Rusiya öz zavodlarında neft emal etmək imkanını itirdiyi üçün haradansa yanacaq almalıdır. Hindistan bu variantlardan biridir. Biz görürük ki, hazırda Rusiyaya iki Belarus NEZ-indən də yanacaq gəlir. Lakin oradakı həcm çox kiçikdir - Belarusun ümumi ixrac gücü illik 13 milyon tondur, bu isə cəmi bir böyük Rusiya zavodunun gücü deməkdir, yəni defisiti bağlamır.

Qiymətlərə gəldikdə, tədarükdəki çökmələr və defisit səbəbindən müstəqil YDM şəbəkələrinin sahibləri hökumətin “qiymətləri ucuz saxlayın” tələbinə tamamilə məhəl qoymadan qiymətləri qaldırırlar. “Rosneft”, “Tatneft” kimi dövlət nəhəngləri hələlik qiyməti saxlamağa çalışsalar da, müstəqil şəbəkələrdə artıq üçrəqəmli qiymətlər - litri 140-150 rubl qeydə alınır. Ona görə də tədricən bu nəhənglər də qiymətləri qaldırmağa başlayırlar”.

Krutixin hökumətin vaxtilə neft şirkətlərinə daxili bazarda qiymətləri sabit saxlamaq üçün büdcədən verdiyi milyardlarla rublluq kompensasiya (“dempfer mexanizmi”) planının iflas etdiyini bildirir: “Hökumət indi ayılıb ki, bu kompensasiyalarla qiymətləri saxlaya bilmir və yeni plan hazırlayır: gəlin dempferi ümumiyyətlə ləğv edək. Əgər şirkətlərə kompensasiya ödənilməsi dayandırılsa, onlar yanacağı əhalinin ala biləcəyi ən yüksək sərbəst bazar qiymətinə satacaqlar. Bu isə o deməkdir ki, Rusiyada benzinin qiyməti tezliklə Avropadakı qiymətlərlə bərabərləşəcək”.

Mixail Krutixin Ukraynanın Krımda tətbiq etdiyi tam blokada taktikasının tezliklə Rusiyanın mərkəzi şəhərlərinə də daşınacağını proqnozlaşdırır: “Ukrayna Silahlı Qüvvələri bu strategiyanı mərkəzi regiona, Moskvaya köçürəcək və paytaxtı da yanacaq almaq imkanından məhrum edəcək. Əgər Moskvada yanacaq bitərsə, avtomobil nəqliyyatı dayanacaq, şəhərin təchizatı, ərzaq tədarükü və hər şey iflic olacaq. Avtomobil nəqliyyatı olmadan moskvalılara ərzaq necə çatdırılacaq?

Bu böhran yalnız yanacaqla bitməyəcək. Biz artıq görürük ki, Rusiyanın gübrə, metal və digər strateji yüklərinin ixracı da logistika iflici səbəbindən dayanıb. Nəqliyyatı yanacaqla təmin edə bilməsə, Rusiya sadəcə uzun müddət yaşaya bilməz. Rusiya onsuz da hazırda yüksək texnoloji mallar deyil, yalnız xammal tədarükçüsüdür. Bu gedişlə ölkə sadəcə nəhəng “Çin anbarına” çevriləcək - çinlilər nə vaxt, nəyi istəsələr gəlib oradan aparacaqlar. Yəni perspektivdə bu, nəhəng bir ərzaq, təchizat və sistem böhranına çevriləcək. Vəziyyət durmadan pisləşəcək. Hökumətin rəsmi “tədbirlər kompleksi hazırlanıb” bəyanatları isə arxasında heç bir praktiki addım durmayan axmaq bürokratik ifadələrdən başqa bir şey deyil”.

Turqut