Logo
news content
User
Kateqoriyalar

Analitika

Baş prokuror vəkilə cavab vermir

“İyulun 14-dən 15-nə keçən gecə orduya dəstək aksiyası zamanı saxlanılan şəxslər 48 saatdan artıqdır ki, qanunsuz olaraq həbsdədirlər və hələ də məhkəmə önünə çxarılmayıblar. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci, İnzibati Xətalar Məcəlləsinin 89-cu, CPM-nin 148-ci maddələrinin kobud şəkildə pozulmasıdır”.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, həbs olunanların insan ləyaqətini alçaldan və qeyri-insani şəraitdə polis bölmələrində saxlanılması ilə bağlı baş prokurora şikayəti məqsədli şəkildə araşdırılmır. Vəkilin sözlərinə görə, Ombudsman aparatının da müdaxiləsi bir fayda vermir.

Qeyd edək ki, Milli Məclisin qarşısında hadisələrin foto və video çəkilişini apararkən saxlanan reportyorlar Anar Abdullayev və Firudin Səlimovun qaldıqları şəraitdən narazı olduqları bildirilir. Bunu “Azadlıq” radiosuna onların yaxınları deyib. Verilən məlumata görə, A. Abdullayev və F. Səlimov Binəqədi rayon 4 saylı polis bölməsində balaca otaqda digər üç nəfərlə birlikdə saxlanılırlar. "Bildiyimizə görə, balaca otaqda beş nəfərdirlər. Yatmaq üçün şərait yoxdur. Gecə stulları birləşdirib yatıblar. Otaq ayaqyolunun yanındadır deyə, orada pis qoxu var. Həmçinin, orada daim siqaret çəkilir, havasızlıqdır. Belə şəraitdə yemək yemək mümkün deyil”, - deyə saxlanılanların yaxınlarından biri söyləyib.

Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə isə "Turan"a bildirib ki, bu məsələ ilə bağlı qurumun “qaynar xətt”inə məlumat daxil olub:

"Şəxslərin yaxınları “qaynar xətt”ə zəng vuraraq məlumat verdilər. Biz də lazımi tədbirləri görürük. Vəkillə görüş məsələsi həll olundu. Yeməklə bağlı müraciəti araşdırırıq. Hər halda, orada yemək və su problemi ola bilməz. Şəxslərin saxlanma şəraiti və ya vəkillə görüşlə əlaqəli hər hansı problem olarsa, yaxınları bizim “qaynar xətt”ə bu barədə məlumat verə bilər, kömək etməyə hazırıq".

Xatırladaq ki, iyulun 15-nə keçən gecə Bakıda keçirilən nümayişlərlə bağlı Baş Prokurorluq Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, hadisələr zamanı 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

AXCP-nin yaydığı məlumata görə, rəhbər heyətinə daxil olan şəxslər də daxil olmaqla, təşkilatın 7 üzvü saxlanılıb.

Turqut