Logo
news content
User
Kateqoriyalar

Analitika

Baş katibin səfəri: NATO Bakıdan nə istəyib?
Rusiya ilə Cənubi Qafqaz uğrunda mübarizə başlayır – Nəticə Ukrayna müharibəsindən asılıdır...

NATO Baş katibi Yens Stoltonberqin regiona səfəri davam edir. O, Azərbaycan və Gürcüstana səfərindən sonra bu gün Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə görüşlər keçirib. 

Qeyd edək ki, Şimali Atlantika İttifaqının Cənubi Qafqaz ölkələrinin hər biri ilə fərqli əməkdaşlıq münasibətləri var. Baş katib səfər öncəsi NATO-nun növbəti illər üçün prioritet hədəflərini, bu hədəflərin icrasında Qafqaz regionunun rolu belə sıralayıb:

Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox vacibdir. NATO və Avropa İttifaqı Qafqaz ölkələri ilə əlaqələrin daha da inkişafında maraqlıdır. Təbii ki, Gürcüstan bu baxımdan fərqli mövqedədir. Belə ki, bu ölkə NATO üzvlüyünə müraciət edib. NATO bunun baş verəcəyini dəfələrlə bəyan edib”.

Azərbaycan NATO-ya üzvlük hədəfi qoymasa da, ötən 30 ildə ikitərəfli münasibətlər bəlli çərçivədə - Rusiyanı qıcıqlandırmamaq cizgisini qorumaqla inkişaf edib. 2001-ci ilin 11 sentyabrında Əl-Qaidənin ABŞ-a terror hücumundan sonra rəsmi Bakı NATO-nun Əfqanıstandakı missiyasına logistik, humanitar dəstək verib, Kabilə sülhməramlı missiya göndərib. Uzun illər ərzində təşkilatın yüklərinin münaqişə zonasına daşınmasında tranzit rol oynayıb, habelə hava yükdaşımaları ilə bağlı çoxsaylı sifarişləri icra edib. 

Azərbaycan NATO-nun ikinci ən böyük üzvü Türkiyə və bu hərbi alyansın ən yaxın tərəfdaşı İsraillə strateji münasibətlərə malikdir. Ermənistanın 30 illik işğalına son qoyan müharibədə bu ölkələrin hərbi sənaye kompleksinin ən müasir məhsullarından istifadə edib. Azərbaycan Türkiyə ilə Şuşa bəyannaməsi çərçivəsində hərbi, təhlükəsizlik sistemlərinin inteqrasiyasını və moderinləşdirilməsini həyata keçirir. 

Bakıda Stoltonberq bu məqamları xüsusi ilə vurğulayıb və Azərbaycanın müasir, güclü ordu sisteminə malik olduğunu, bacarıqlı, öhdəliklərini ləyaqətlə icra edən tərəfdaş olduğunu vurğulayıb.

Baş katib AZƏRTAC-a müsahibəsində NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparıldığını qeyd edərək, burada əsas məqsədin Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün birgə işləmək olduğuna diqqət çəkib:

Biz, həmçinin hərbi təhsil məsələlərinə də önəm veririk. Bu da tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək. Biz, eyni zamanda, əməkdaşlığımızı, gələcəkdə inkişaf etdirə biləcəyimiz digər sahələri də nəzərdən keçiririk. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və düşünürəm bu, hər iki tərəf üçün faydalı olacaq”.

Bu, Azərbaycan-NATO münasibətlərində yeni dövrün başlanmasının anonsu sayıla bilər. Doğrudur, indiki geosiyasi gərginlik dövründə Bakıdan nümayişkəranə addımlar gözləmək doğru deyil. Amma sakit, təmkinli iş davam edəcək. Azərbaycan dünyanın ən güclü hərbi ittifaqının ona verdiyi dəyəri və önəmi yaxşı başa düşür və perspektivdə bu nəhəng potensialdan yararlanmaqla özünün təhlükəsizliyini daha da möhkəmləndirəcək. 

NATO-nun hazırkı geosiyasi gərginlik dövründə Azərbaycandan istəklərinə gəlincə, Stoltonberq bu barədə açıq danışıb. O, vurğulayıb ki, Qafqaz Rusiyanın genişmiqyaslı təcavüzkar müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil:

Bu da həm Avropa, həm də Qafqaz üçün vacibdir. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn pozulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdlərini azaldacaq. Ona görə də NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Mən, həmçinin Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirirəm. Lakin düşünürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.

Beləliklə, cənab Stoltonberqin Azərbaycandan Rusiya ilə bağlı mümkün qədər aydın mövqe istəyib. Baş katib Rusiyanın Ukraynada qələbə çalma ehtimalının Azərbaycan üçün yaradacağı təhlükələri qabardıb və rəsmi Bakını Qərbin Putinə qarşı səylərinə dəstək verməyə çağırıb. NATO rəhbəri xüsusi ilə Azərbaycanın Qərbin Rusiyaya qarşı elan etdiyi iqtisadi sanksiyalara qoşulmağa çağırıb. Bundan başqa, Ukraynaya daha çox humanitar yardım göstərməsini də xahiş edib. Qeyd edək ki, müharibə başlayandan SOCAR Ukraynaya humanitar məqsədlərlə təmənnasız olaraq yanacaq məhsulları verir. Habelə dağıdılmış kritik infrastrukturun bərpasına dəstək göstərir, indiyə qədər on milyonlarla dollar dəyərində dava-dərman, ərzaq, texniki avadanlıqlar göndərib. Qeyd edək ki, əldə olunan razılaşmaya görə, İrpin şəhərinin bərpası da Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək. Ukrayna lideri Volodimir Zelenski bu dəstəyi yüksək qiymətləndirib və Azərbaycana təşəkkür edib. 

Stoltenberq onu da vurğulayıb ki, Azərbaycan NATO ilə hərbi əməkdaşlığı dərinləşdirməli, Rusiyadan birgə müdafiə strategiyasını qəbul etməlidir. İndiki geosiyasi şərtlər daxilində bu istəklərə cavab vermək çətindir, amma proseslərin inkişaf trayektoriyası Bakıda fərqli qərarların qəbul olunmasına gətirib çıxara bilər. 

NATO Baş katibi Bakıda Azərbaycan-Ermənistan sülh prosesinə xüsusi dəstəyini də ifadə edib. Bu, Qərbin regionla bağlı ümumi strategiyasının ən vacib məsələsidir. Kollektiv Qərb regionda davamlı təhlükəsizliyin, sabitliyin əldə olunmasında və Rusiyanın bölgədən çıxarılmasında başlıca məsələ kimi sülh müqaviləsinin imzalanmasını görür. Stoltonberq Prezident İlham Əliyevlə görüşdən sonra bu istiqamətdə nikbin mesajlar aldığını vurğulayıb. Bu, kollektiv Qərbin regionla bağlı ümumi strategiyasının tərkib hissəsidir. Son zamanlar Birləşmiş Ştatlar, Türkiyə, Böyük Britaniya, Avropa İttifaqı da eyni bəyanatları səsləndirirlər. 

Beləliklə, Cənubi Qafqaz Qərbin əsas maraq dairələrindən biri olmaqla Rusiya ilə geosiyasi mübarizənin qaynar nöqtələrindən biridir. Qərb Moskvanın bölgədən çıxarılmasında Azərbaycanla münasibətlərin dərinləşdirilməsini vacib hesab edir. Bu istiqamətdə səylər davam edəcək və onun əsas nəticələri yalnız Ukraynadakı müharibənin taleyindən asılıdır…

Turqut