Logo
news content
User
Kateqoriyalar

Analitika

Bank kreditləri ilə bağlı əhaliyə güzəştlər niyə gecikir?  

Bank kreditlərinin ödənişi sahəsində əhaliyə möhlət verilməsi məsələsi hazırda vətəndaşları narahat edən əsas mövzulardan biridir. Biznes kreditləri ilə bağlı problemin həllində müəyyən addımlar atılsa da, sadə vətəndaşların qarşılaşdığı problemin həlli ləngiyir. 

Millət vəkili Vüqar Bayramov bir neçə gün əvvəl bizə açıqlamasında bildirmişdi ki, istehlak kreditləri üzrə güzəştlərin verilməsi və bu istiqamətdə atılacaq addımlar hazırda müzakirə olunur: “Hələlik Maliyyə qrupu öz təkliflərini təqdim etmədiyi üçün hansı güzəştlərin veriləcəyi bəlli deyil. Amma bu istiqamətdə müzakirələr davam edir. Bütün işçi qrupları tərəfindən təkliflərin təqdim edilməsi üçün son vaxt 3 apreldir.” (Yazı aprelin 2-də hazırlanmışdı.) 

Artıq bu müddət başa çatıb. Məsələ ilə əlaqədar yenidən V.Bayramovla əlaqə saxladıq. Maliyyə qrupu tərəfindən hansı güzəşt variantlarının təklif olunduğunu və həmin təkliflərin nə zamandan tətbiq ediləcəyini öyrənməyə çalışdıq. Millət vəkilinin sözlərinə görə, bank sektoru ilə bağlı atılacaq addımlar Makroiqtisadi stabillik qrupu tərəfindən  hazırlanır: “İndiki mərhələdə ilkin qiymətləndirmə aparılır. Eyni zamanda, həmin qrupa iki ay müddətində təkliflərin hazırlanması və bu sektorla bağlı lazımı addımların atılması tapşırılıb. Hələlik yalnız sahibkarların kreditləri ilə əlaqədar qərarlar qəbul edilib. Sahibkarlara faiz subsidyası tətbiq ediləcək. Bu, sahibkarların aldığı kreditlərin 10 faizininin dövlət tərəfindən subsidiya edilməsi anlamına gəlir. Real kreditlər üzrə faiz dərəcəsi 12 fazi ətrafında dəyişir və bunun 10 faizini dövlət subsidiya edəcək, digər iki faiz isə sahibkar tərəfindən ödəniləcək.”

Vətəndaşların kreditlərinə gəlincə isə, V.Bayramov qeyd etdi ki, Makroiqtisadi stabillik qrupu tərəfindən araşdırma aparılır: “Nəzərə almaq lazımdır ki, kommersiya bank sektorunda bankların  yalnız ikisində dövlətin payı var və digər banklar özəl banklardır. Təbii ki, özəl banklar olduğu üçün dövlətin bu halda müdaxilə imkanları praktik olaraq məhduddur. Güzəştlərin tətbiqi bankların özləri tərəfindən edilsə, daha məqsədəuyğun olardı. Amma hələlik müzakirələr gedir. Məqsəd də ondan ibarətdir ki, elə bir mexanizm işlənib hazırlansın ki,  həm vətəndaşların ödəmə qabiliyyətinə, eyni zamanda sosial vəziyyətinə mənfi təsir göstərməsin, həm də bütövlükdə bankların da sağlamlığı və likvidliyi azalmasın. Güman olunur ki, yaxın vaxtlarda bu istiqamətdə təkliflər təqdim olunacaq. Qrupun rəhbəri Mərkəzi Bankdır”. 

Mövzuya dair iqtisadçı ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərlinin də rəyini öyrəndik. “Bank kreditləri ilə bağlı problemin həlli üçün ən optimal yolu nədə görürsünüz və hökumət hansı addımlar atmalıdır”, - sualına cavab verən N.Cəfərli bildirdi ki, hökumətin elan etdiyi Tədbirlər Planında bununla bağlı qısa bir açıqlama var:

“Amma təbii ki, bu, yetərli deyil. Tədbirlər Planında biznes kreditlərinin faiz dərəcələrinin yarısının hökumət tərəfindən ödənilməsi nəzərdə tutulur. Amma burada məntiqsiz yanaşma ondan ibarətdir ki, tamamilə qapadılan sahələr var, məsələn, ictimai iaşə obyektləri, qeyri-ərzaq ticarət obyektlərində sahibkar kimi fəaliyyət göstərən insanlar 15 faizlik biznes kreditləri götürüblərsə, indi isə onların obyekti işləmirsə və hökumət bunun 7,5 faizini öz üzərinə götürəcəyini söyləyirsə, həmin iş adamı yerdə qalan 7,5 faizi nə ilə verəcək? Əgər iş yoxdursa, heç bir dövriyyəsi, gəliri yoxdursa, ödəniş qabiliyyəti olmayandan sonra 15 faiz və ya 7,5 faiz olması fərq etməz, onsuz da o, ödəyə bilməyəcək. Bu, problemli kreditlərin artmasına səbəb olacaq.”

İstehlak kreditlərinə gəlincə isə, ekspert vurğuladı ki, Tədbirlər Planında ümumiyyətlə, bu sahədə heç bir addım nəzərdə tutulmayıb: “Bu da çox ciddi problemdir. Çünki ölkədəki kredit portfelinin 48%-ə yaxını istehlak kreditləridir. Sadə vətəndaşlar daha çox istehlak kreditlərindən istifadə edirər. İndi isə minlərlə, hətta yüz minlərlə insan qazancsız, işsiz qalıb. Onlar aylıq ödənişləri edə bilməyəcəklər, bir müddətdən - təxminən 2-3 aydan sonra rəsmi rəqəmlərdə də görəcəyik ki, problemli kreditlərin həcmi kəskin artıb. Bu isə bank sektoruna çox böyük ziyan vuracaq. Bir müddət sonra yenidən dövlətin müdaxiləsinə ehtiyac yaranacaq. Dövlətin müdaxiləsi olmadan problemli kreditlərin həlli mümkün olmayacaq, necə ki, keçən il prezident fərmanı ilə dollarla olan kreditlərlə bağlı müəyyən qərarlar verildi. İndi yenə problemli kreditlərin artması ehtimalı  çox yüksəkdir. Önləyici tədbirlər görmək əvəzinə, gözləmə mövqeyi tutmaq o deməkdir ki, bir qədər sonra hökumət daha çox xərclə bu problemi həll etməli olacaq.”

N.Cəfərli hesab edir ki, həm istehlak, həm də biznes kreditləri üzrə ən azı üç aylıq (mart ayını da hesablamaq şərtilə) bütün faiz ödənişlərinin dondurulması lazım idi: “Bu, həm sadə vətəndaşlara, həm biznes çevrələrinə çox ciddi kömək olardı. Təbii ki, bu zaman banklar zərər görəcəkdi. Onun əvəzinə bankları da üç ay müddətində bütün növ vergilərdən, sosial və digər ödənişlərdən tam azad etmək olardı. Əgər bunu kompensasiya etmək yetərli olmayacaqdısa, banklara Mərkəzi Bank tərəfindən uzunmüddətli faizsiz kredit verilə bilərdi. Məsələn, iki-üç illik faizsiz və yaxud çox aşağı faizlə kreditlər vermək mümkün idi ki, banklar da buna çox böyük məmnuniyyətlə razılaşardılar. Çünki üç ay faiz hesablamaqdan sonra alacaqları çox aşağı faizlı kreditləri dövriyyəyə buraxaraq, daha çox pul qazanacaqdılar və həmin o ödənilməyən faizləri kompensasiya edə biləcəkdilər. Çox təssüf ki, hələlik atılan addımlar yetərli deyil”.

Ülviyyə Şahin