Logo
news content
User
Kateqoriyalar

Analitika

Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Azərbaycan və Rusiya münasibətlərinin artıq əvvəlki formasında bərpası mümkün deyil

Bakı məhkəməsi Rusiya vətəndaşları İqor Zabolotskix və İlnur Valitovu cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasında təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrum edib. Adları çəkilən şəxslər, eləcə də Rusiya vətəndaşı olan daha doqquz şəxs AZAL təyyarəsinin 2024-cü ilin dekabrında Çeçenistan üzərində hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasından sonra Moskva ilə Bakı arasında yaranmış gərginlik fonunda saxlanılıblar. Məhkəmənin qərarına görə, Zabolotskix və Valitovun kibercinayət nəticəsində əldə edilmiş 98 min manatı (təxminən 4,2 milyon rubl) leqallaşdırılmağa cəhd etdikləri sübuta yetirilib.

2025-ci ilin yayında Bakıda Rusiya vətəndaşlarının saxlanılması Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda Azərbaycan diasporuna qarşı keçirdiyi reydlərdən qısa müddət sonra baş verib. Xatırladaq ki, həmin reydlər zamanı diasporun iki üzvü öldürülüb. The Moscow Times-ın iddiasına görə, Azərbaycanda saxlanılanların əksəriyyəti bir-birini tanımayan, müharibədən qaçan fərarilər, proqramçılar və turistlərdir. Məsələn, Zabolotskix guya İjevsk şəhərindəndir, biznesin təşviqi üçün ClickChat servisinin yaradıcısı olan IT-sahibkarıdır. Bununla belə, Azərbaycan Rusiya vətəndaşlarını cinayətkar qrup yaratmaqda, narkotik qaçaqmalçılığında və kiberdələduzluqda ittiham edib.

Azərbaycan prezidenti İlham Əliyevlə Vladimir Putin arasında 2025-ci ilin payızında baş tutan şəxsi görüşdən sonra ölkələr arasında gərginlik sanki azalmağa başlayıb. Lakin nə rusiyalılar azadlığa buraxılıb, nə də Yekaterinburqda azərbaycanlılar barəsində çıxarılan çox sərt hökm dəyişib. Yəni, “barışığın” sərt hökmlərlə necə uzlaşdığını anlamaq çətindir.

Ortaya sual çıxır – bu fonda Bakı ilə Moskva arasında əvvəlki münasibətlərin bərpası barədə deyilənlər necə görünür? Axı hər iki tərəfin addımlarını “bir addım irəli, iki addım geri” kimi xarakterizə etmək olar.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

İlk növbədə onu deyim ki, mən bunu Bakı ilə Moskva arasındakı münasibətlərin siyasi göstəricisi kimi qiymətləndirməzdim. Həddindən artıq kiçik məsələdir. Bu, böyük siyasi oyunun elementi olmaqdan daha çox adi kriminal hadisəyə bənzəyir.

Bəli, kontekst əlbəttə ki, siyasidir. Bu şəxslər AZAL təyyarəsi ilə bağlı hadisədən sonra Azərbaycanla Rusiya arasında münasibətlərin kəskinləşdiyi bir vaxtda saxlanılıblar. Buna görə də, bu gün Bakıda rusiyalılara çıxarılan istənilən hökm avtomatik olaraq ikitərəfli böhran prizmasından qəbul edilir. Amma bu o demək deyil ki, hər cinayət işi Kremlə göndərilən siyasi siqnal və ya Moskvaya cavabdır.

Bakı ilə Moskva arasında münasibətlərin bərpası prosesi həqiqətən də qeyri-bərabər gedir. Amma mən bunu “bir addım irəli, iki addım geri” adlandırmazdım. Bu, münasibətlərin əvvəlki modelinə qayıtmaqdan daha çox işgüzar kommunikasiya yaratmaq cəhdidir. Əvvəlki model artıq yoxdur. Təyyarə hadisəsindən, qarşılıqlı ittihamlardan, saxlanılmalardan və nümayişkaranə addımlardan sonra etimad bitib. Onu bir telefon zəngi, bir görüş və ya bir diplomatik bəyanatla geri qaytarmaq mümkün deyil”, – ekspert hesab edir.

Onun sözlərinə görə, burada əsas məqamı anlamaq vacibdir: Bakı ilə Moskva dostluqda deyil, münaqişənin idarəolunan formada qalmasında maraqlıdır. “Rusiyaya Azərbaycanla münasibətlərin tam qırılması lazım deyil, çünki Azərbaycan logistika, Cənubi Qafqaz, Türkiyə və İranla münasibətlər baxımından vacibdir. Azərbaycana da Rusiya ilə nəzarətsiz münaqişə lazım deyil, çünki Rusiya təhlükəsizlik, miqrasiya, ticarət və regional təzyiq amili olaraq qalır. Amma bunlar artıq etimada deyil, hesablanmış maraqlara əsaslanan münasibətlərdir.

Buna görə də zahirdə ziddiyyətli mənzərə görürük: haradasa təmaslar davam edir, haradasa normallaşma ilə bağlı bəyanatlar verilir, haradasa iqtisadi və diplomatik kanallar işləyir, paralel olaraq isə cinayət işləri, sərt açıqlamalar, informasiya hücumları və güc nümayişi ortaya çıxır. Bu təsadüf deyil, münasibətlərin yeni reallığıdır.

Konkret olaraq Zabolotskix və Valitovla bağlı hökmə gəldikdə, mən onun əhəmiyyətini şişirtməzdim. Əgər söhbət həqiqətən kibercinayətlər yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasından gedirsə, bu, cinayət işidir. Amma indiki atmosferdə hətta cinayət işi belə siyasi fonun bir hissəsinə çevrilir. Siyasi fonla siyasi sifariş isə eyni şey deyil.

Əsas nəticə budur: Bakı ilə Moskva arasındakı münasibətlər əvvəlki formada bərpa olunmur. Onlar soyuq praqmatizm rejiminə keçirilir. Tərəflər özlərinə sərf edən yerdə razılığa gələcək, lazım bildikləri yerdə isə bir-birlərinə təzyiq göstərəcəklər. Buna görə də ziddiyyətlər qalmaqda davam edəcək. Bu artıq əvvəlki illərin müttəfiqlik ritorikası deyil, münaqişənin qiymətini anlayan, amma artıq aralarında hər şeyin əvvəlki kimi olduğunu göstərməyə hazır olmayan iki oyunçunun münasibətləridir”, – Vasadze bildirib.

Rauf Orucov