Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanlıların bir-birinə qarşı vuruşduğu müharibə...
Diplomatiya və hüquq mühafizə orqanları hərəkətə keçməlidirlər

44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmiş tibb xidməti kapitanı Həsənov Qafur Cəmaləddin oğlu Ukraynada gedən müharibədə həlak olub.

Hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkə hesabında yazıb ki, o, Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra Rusiyaya gedərək, bu ölkənin silahlı birləşmələrinin tərkibində Ukraynaya qarşı hərbi əməliyyatlara qoşulmuşdu...

Rusiyanın Ukraynaya qarşı 4 ilə yaxındır apardığı müharibə həm də bir sıra xalqların nümayəndələrinin, eləcə də azərbaycanlılarının bir-birlərinə qarşı döyüşdüyü müharibədir. Qeyri-rəsmi məlumatlara görə, bu günə qədər hər iki tərəfdən yüzlərlə soydaşımız hərbi əməliyyatlarda iştirak edir. Onların sırasında xeyli sayda həlak olan və ya yaralananlar var. Ukraynada 100-ə yaxın, Rusiyada isə yüzlərlə (qeyri-rəsmi məlumatlara görə 1000-ə yaxın) azərbaycanlı həyatını itirib. 

Hərbi ekspertlərdən əldə etdiyimiz məlumata görə, Ukraynada əcnəbilərin döyüşlərə cəlb edilməsi qanunla tənzimlənir. Əməliyyatlarda iştirak etmək istəyən əcnəbi könüllülər əvvəlcə xüsusi xidmət orqanlarının yoxlamasından keçirilir və daha sonra hərbi hazırlığa cəlb edilir və cəbhə bölgəsinə göndərilir. Azərbaycanlılar əsasən gürcü legionerlərin təşkil etdiyi batalyonlarda vuruşur. Qeyd edək ki, Ukrayna tərəfdən rəsmi elan olunmuş həm gürcü, həm də çeçen birlikləri müharibədə iştirak edir. 

Döyüşə qatılanların təxminən üçdə biri Ukrayna vətəndaşı olan soydaşlarımızdır, qalanları isə bu ölkədə daimi yaşamaq hüququ olanlar və xarici ölkələrin vətəndaşlarıdır. Onların əməliyyatlarda iştirakı ölkə qanunvericiliyi ilə tənzimlənir, xidmət şəraitinə görə, min dollardan 3-4 min dollaradək maaş alırlar. Yaralanan, müxtəlif səbəblərdən tərxis edilənlər də yüksək müavinətlə təmin edilir, ölkədə və xaricdə müalicələri təşkil edilir. Döyüşlərdə həlak olanların ailələrinə isə bir neçə yüz min dollar kompensasiya verilir, ailə dövlət himayəsinə götürülür.

Rusiyada isə vəziyyət fərqlidir. Müharibənin ilk illərində “xüsusi hərbi əməliyyata” cəlb edilənlərin əhəmiyyətli hissəsi qeyri-ruslar olub. Hərbi qurumların qeyri-rəsmi göstərişi əsasında Rusiyanın bölgələrində yaşayan azsaylı xalqların nümayəndələri səfərbərlik və ya müxtəlif şirnikləndirici vədlərlə müharibəyə cəlb olunub. Nəticədə itkilərin böyük bir hissəsini onlar təşkil edir.

Britaniyanın BBC Rus xidməti və “Mediazona”nın könüllülərlə birgə apardıqları araşdırmasına görə, həlak olanların sayına görə Başqırdıstan və Tatarıstan ilk yerlərdədir.

Araşdırmada qeyd olunur ki, müharibə başlayandan bəri öldürülən 155 368 Rusiya hərbçisinin şəxsiyyətini müəyyən ediblər. Tədqiqat göstərir ki, həlak olanların üçdə biri müharibə başladıqdan sonra ordu ilə müqavilə imzalamış könüllülərdir. Bir il əvvəl bu kateqoriya cəmi 15% təşkil edirdi. Araşdırmaçılar artımı könüllülərin Donetsk vilayəti başda olmaqla ən ağır döyüş bölgələrinə göndərilməsi ilə izah edirlər. Ölənlərin 13 faizi isə koloniyalardan və istintaq təcridxanalarından cəlb edilmiş məhkumlardır.

11 faizlə üçüncü sırada səfərbər olunanlar gəlir.

Jurnalistlər siyahını yalnız açıq mənbələrə əsaslanaraq tərtib edirlər: yerli administrasiyaların məlumatları, media xəbərləri, qohumların sosial şəbəkə paylaşımları və qəbiristanlıqlardan əldə olunan məlumatlar. Bu səbəbdən siyahıya düşən say real mənzərənin yalnız bir hissəsini əks etdirir.

Araşdırmaya görə, Rusiyanın ümumi itkiləri 239 000–345 260 nəfər arasında ola bilər.

Hərbi ekspertlər bildirirlər ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti səfərbərlikdən və ya məcburi cəlb edilməkdən yayınmağa çalışırlar. Təəssüf ki, bir çox hallarda bu, mümkün olmur. Vətəndaşlığı olanlar arasında ölkəni tərk edə bilməyənlərin yayınma şansı çox azdır, bundan başqa, həbsxanalarda cəza çəkən soydaşlarımızın bir hissəsi müharibəyə aparılıb. Araşdırmada qeyd olunduğu kimi, Ukraynada öldürülənlər sırasında onlar ikinci yerdə gəlirlər. Bu itkilərin içində, təəssüf ki, həmvətənlərimiz də var. Bununla belə, müxtəlif şirnikləndirici vədlərə inanaraq müharibəyə gedənlər də var, onların sağ qayıtması nadir hallarda mümkün olur. 

Beynəlxalq hərbi araşdırma qurumlarının məlumatına görə, Rusiya ordusu hər gün Ukraynada 1000-1500 hərbçi itirir, bu isə ayda 30 mindən artıq canlı qüvvə deməkdir. İtkilərin yerini doldurmaq üçün aylıq 2-4 min dollar ödəniş vəd edilən müqavilələr imzalanır. Amma çoxsaylı faktlar göstərir ki, həlak olanların meyitləri bir çox hallarda döyüş meydanından götürülmür, onlar itkin kimi rəsmiləşdirilir və ailələri kompensasiyadan məhrum edilir. Ukrayna tərəfi indiyə qədər mediaya çoxsaylı belə faktlar təqdim ediblər.  

Qeyri-rəsmi mənbələrə görə, Rusiya xüsusi xidmət orqanları döyüşçü cəlb etmək üçün postsovet ölkələrində, eləcə də dünyanın müxtəlif yerlərində - Latın Amerikası, Pakistan, Afrika qitəsi və s. - genişmiqyaslı işlər aparır. Xüsusi ilə hərbi təlim görmüş, müharibədə iştirak etmiş şəxslərin Ukraynaya qarşı müharibəyə cəlb edilməsi üçün cəhdlər edilir. 

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində vətəndaşların xarici hərbi birləşmələrdə iştirakı ağrı cinayət əməli sayılır. “Əməli ölkədə deyil, xaricdə etmişəm” arqumenti keçərli deyil.

Cinayət Məcəlləsinə (CM) görə, xarici ölkədə, Azərbaycanın maraqlarına aid olmayan silahlı münaqişədə pul və ya digər maddi maraq qarşılığında iştirak muzdluluq sayılır.

Bu, ağır cinayətdir və əməli törədənlər uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

CM-in görə, Azərbaycan vətəndaşının başqa ölkənin ordusunda, qeyri-dövlət silahlı dəstəsində, separatçı və ya qeyri-qanuni hərbi birləşmədə Azərbaycan dövlətinin icazəsi olmadan iştirak etməsi cinayət məsuliyyəti yaradır. Əməli törədənlər, konkret haldan asılı olaraq, 10–15 ilədək həbslə cəzalandırılırlar.

Xatırladaq ki, ötən illərdə Yaxın Şərqdə baş vermiş vətəndaş müharibələrində iştirak edən terror təşkilatlarına qoşulmuş xeyli sayda azərbaycanlı DTX tərəfindən aşkar edilərək, barələrində sərt tədbirlər görülüb. 

Bu gün Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının hər iki cəbhədə həm də bir-birlərinə güllə atması, həlak olması, yaralanması ürəkağrıdıcı faktdır. Həm də  cinayət əməlidir. Hüquq mühafizə orqanları, diplomatik korpuslar maarifləndirici tədbirlər həyata keçirməklə yanaşı, bu əməlləri törədənlərin aşkar edilərək məsuliyyətə cəlb olunmasına da çalışmalıdırlar.   

Turqut