Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanın hücumunu erməni əsgərləri burada gözləyirdilər

Müəllif: Seymur Kazımov

İstər İkinci Qarabağ müharibəsi dövründə, istəsə də 10 noyabr Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatından sonra “Azərbaycan orudusu əks-hücum əməliyyatını Ağdam istiqamətindən nə üçün qurmadı?” kimi suallar səslənirdi. Yazılarımızın birində bu məsələyə dair mövqeyimi bölüşmüşdük. Hazırkı məqalədə də eyni suala cavablar tapmaq mümkündür. old.pressklub.az saytının əməkdaşı 30 ilə yaxın tarixi olan münaqişə dövründə Ağdamın Yusifcanlı kəndinə səfər etmiş jurnalist kimi, bu məntəqənin hərbi-strateji əhəmiyyətindən söz açır.

Yusifcanlıda Ermənistan silahlı birləşməsinin tutduğu mövqe Ağcabədi rayonunun Hindarx və Ağdam rayonunun müharibədən əvvəl işğalda olmayan kəndlərini nəzarətdə saxlamağa imkan verirdi. Kənddə Ermənistan silahlı birləşmələrinin xeyli müşahidə məntəqələrinə, səngərlərinə və Azərbaycan tərəfdən mümkün hücumun qarşısını almaq üçün qurduqları torpaq vallara - sipərlərə rast gəlinir. Başqa kəndlərdəki kimi, burada da evlər dağıdılıb. Dağıntıların üstünü yaşıl otlar örtüb, amma bəzi yerlərdə onların arasından divarların qalıqları görsənir. Səngərlər isə göz işlədikcə uzanır. Kənddə tam olaraq minadan təmizlənmə işləri aparılmayıb.

Düzəngahda yeganə salamat tikili müharibə dövründə erməni əsgərlərinin silah-sursat saxladıqları yer olub. İçərisində  hərbi geyimlər və ərzaq dolu qablar atılıb qalıb. Divarlarda müxtəlif yazılar cızılıb. Onların əksəriyyəti ruscadır: “Burada 9-cu bölük olub”, “Burada Martuni ASALA qrupu olub”... 

Doğrudur, Mərzili ilə müqayisədə Yusifcanlıda qurulmuş müdafiə sistemi o qədər də mürəkkəb və “zəngin” deyil. Bunun səbəbləri var: Yusifcanlı müdafiənin “birinci eşelonu” hesab olunurdu. Erməni döyüşçüləri Azərbaycan tərəfinin Ağdamın Əfətli və Ağcabədinin Qiyaməddinli kəndləri istiqamətindən hücuma keçəcəyini daha çox ehtimal edirdilər. Yusifcanlı isə hər iki kənddən hündürlükdə yerləşir. Burada ilk hücum dəf edildikdən sonra onlar Ağdamın Mərzili kəndi ilə sərhəddə yerləşən Qarakəndə (Xocavənd rayonu) çəkilə bilərdilər və dağlarda daha da möhkəmlənmək imkanı əldə edərdilər. Mərzili kəndindəki komanda məntəqəsindən isə Azərbaycan ordusunun bütün hərəkət marşrutunu rahatlıqla müşahidə etmək mümkün idi. 

Ancaq Azərbaycan ordusu əks-hücum əməliyyatını fərqli istiqamətdən həyata keçirdi. Bu ərazilər isə 10 noyabr bəyanatına əsasən, hərbi əməliyyatlar dayandırıldıqdan sonra döyüşsüz Azərbaycana geri qaytarıldı. 

Kəndin qəbristanlığı öz strateji mövqeyinə görə xüsusi seçilir. Bu məzarlıq uzun illər “neytral zona” hesab olunub. Qəbirlərin arasında qazılmış səngərlərə rast gəlinir. Qəbristanlıqla üzbəüz hər iki tərəfin postları olduğundan 90-cı illərdə məzarlar ortada qalıb. Bir müddətdən sonra Azərbaycan ordusu postlarını bir qədər irəli çəkib, bu səngərlər də onda qazılıb. Qarşı tərəfin səngərləri ilə aradakı məsafə cəmi 70-100 metr olub. İllər ərzində tərəflərin tutduqları mövqelərdə müəyyən dəyişikliklər olsa da, qəbristanlıq həmişə “neytral zona” kimi qalıb. Ərazinin minalanmış olması təhlükəsi hələ də qalmaqdadır. 

Yusifcanlı kəndi 1994-cü il aprelin 12-də işğal olunub. İşğal 2020-ci il noyabrın 20-dək davam edib.