Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanı və regionu dəyişdirən 1 ay...

Müharibənin ilk ayı arxada qaldı. Azərbaycan Ordusu sentyabrın 27-də başladığı hərbi əməliyyatları davam etdirir. Son məlumatlara görə, əsas döyüşlər Laçın və Xocavənd istiqamətində gedir. Cəmiyyət ümidlə cəbhədən yeni uğurlar gözləyir...

Ötən bir ay Azərbaycan dövləti, onun ordusu və diplomatiyası üçün çox uğurlu olub. Əldə olunan nəticələr göstərir ki, Silahlı Qüvvələrin qarşısına qoyulan vəzifələr əsasən yerinə yetirilib. Belə ki, 30 gün ərzində Azərbaycan Ordusu 160-dan çox kəndi, 3 qəsəbəni (Hadrut, Ağbənd, Suqovuşan) və 4 rayon mərkəzini – Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərini işğaldan azad edib. İran İslam Respublikası ilə dövlət sərhədinin işğalda olan 132 kilometrlik hissəsinə nəzarət bərpa olunub. Azərbaycanlılar üçün tarixi, mənəvi əhəmiyyəti olan Xudafərin körpüsünün işğaldan azad edilməsi rəmzi məna daşıyan uğurlardan biridir.

Döyüş əməliyyatları zamanı Ermənistan Ordusu sarsıdıcı zərbə alıb, minlərlə canlı qüvvə və hərbi texnika itirib. Azərbaycanın Türkiyədən, İsraildən aldığı, habelə özünün istehsal etdiyi pilotsuz uçuş aparatlarından bacarıqla istifadə etməsi düşmən üzərində əsas üstünlüyü təmin edib. Rəsmi məlumata görə, 1 ay ərzində Ermənistana məxsus  305 tank, 79 piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minatan, 53 tank əleyhinə vasitə, 82 "Qrad” qurğusu, 2 "Uraqan”, 2 YARS (Yaylım Atəş Raket Sistemi), 1 TOS, 4 TOR zenit-raket kompleksi, 40-a yaxın OSA zenit-raket kompleksi, 4 KUB və bir KRUQ zenit-raket kompleksi, iki "S-125” zenit-raket kompleksi məhv edilib. Ən bahalı qurğulardan olan 6 ədəd "S-300” zenit-raket kompleksi, bir aşkaretmə stansiyası, bir lokatr, 2 əməliyyat-taktiki raket kompleksi - "Elbrus” və 1 "Toçka-U” raketi dağıdılıb. Erməni ordusu toplam 404 yük avtomobilindən məhrum edilib ki, onun 20-si sursatla dolu olub.

Qeyd edək ki, statistikada qeyd olunan hərbi texnikanın bir hissəsi hərbi qənimət kimi götürülüb.

Hərbi əməliyyatlarda böyük üstünlük qazanması Azərbaycan diplomatiyasının əlini gücləndirib. Bakı indi şərtləri diktə edən tərəfdir. Minsk Qrupu həmsədrləri bilavasitə və ya BMT Təhlükəsizlik Şurasını prosesə qoşmaqla hərbi əməliyyatların dayandırılmasına, qalıcı atəşkəsin bərpasına nail olmağa çalışır. Moskvada, Vaşinqtonda təşkil olunan müzakirələrin ana xətti də bundan ibarət olub. Amma Ermənistan hər iki görüşdə Azərbaycanın tələbələrini qəbul etməyib və ya hər hansı təklif irəli sürməyib.

Prezident İlham Əliyev Ermənistana və vasitəçi dövlətlərə açıq mətnlə bildirib ki, müharibənin dayandırılmasının yeganə şərti Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxmasıdır. “Bunun üçün Azərbaycanın ərazi bütövlüyü qəbul olunmalıdır və bizə cədvəl verilməlidir ki, filan ərazidən nə vaxt çıxırlar. Əks təqdirdə, biz sona qədər gedəcəyik”, - deyə dövlət başçısı bəyan edib.

Ordunun naliyyətlərindən güc alan diplomatiyanın da ciddi uğurlar əldə etdiyini qeyd etmək olar. Əvvəla, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində hərbi əməliyyatlar aparması bütün tərəflərə qəbul etdirilib. Hətta Rusiya prezidenti Vladimir Putin bunu etiraf edərək “Azərbaycanın əraziləri uzun müddət işğal altında qala bilməzdi” deyib. Fransa əvvəlki mövqeyindən geri çəkilərək daha çox bitərəf görünməyə üstünlük verib. ABŞ isə münaqişədən kifayət qədər uzaqda qalıb. Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə dövlət katibi Mayk Pompeonun görüşünün təşkil olunmasının isə daha çox ABŞ-dakı seçkiqabağı situasiyaya hesablandığı barədə şərhlər var. Konkretləşdirsək, hazırkı mərhələdə böyük dövlətlərdən Azərbaycana təzyiqlər olsa da, Bakı müttəfiqi Ankaranın dəstəyi ilə onları neytrallaşdıra bilib.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin bəhrə verməsi, koordinasiyalı xarici siyasət yürütməsi də bir aya sığdırıla biləcək uğurlar sırasındadır. Ankara faktiki, Azərbaycanı ehtimal olunan xarici təhlükələrdən sığortalayır, habelə hərbi əməliyyatların uğurlu alınması üçün mənəvi, siyasi dəstəyini əsirgəmir. Bu dəstək indiki gərgin məqamda Azərbaycan Ordusu və diplomatiyası üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan cəmiyyətinin qısa müddətdə müharibəyə adaptasiya olması, hakimiyyətə, silahlı qüvvələrə birmənalı dəstək, milli birlik, həmrəyliyin ən üst səviyyəyə qalması dövlətin ən böyük uğurları sırasındadır. Xalqın qələbə üçün səfərbər olunması, siyasi qüvvələrin bütün narazılıqları arxa plana atması prezidentin təbirincə desək, xalqı yumruq kimi birləşdirib. Bu vacib amil Azərbaycanı gücləndirir, xarici risklərdən sığortalayır və bununla yanaşı, hərbi uğurların əldə olunmasına misilsiz töhfələr verir.

Turqut