Logo
news content
User
Kateqoriyalar

Analitika

Azərbaycanda minlərlə neftçi öz işini itirəcək?

Ülviyyə Şahin

“SOCAR-da çalışan 5 minə yaxın işçi may ayından etibarən öz iş yerini itirə bilər.” Bunu Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib. O bildirib ki, “Azneft” İstehsalat Birliyində 2 mindən çox quyu bağlanır.

Bu iddiaya SOCAR-dan rəsmi münasibət öyrənmək mümkün olmadı.

Enerji məsələləri üzrə ekspert, Neft Tədqiqatları Mərkəzinin rəhbəri İlham Şaban isə qeyd etdi ki, Azərbaycan öz üzərinə öhdəlik götürüb və bu öhdəliyə əsasən hasilatı gündəlik 164 min barel azaltmalıdır:

“164 min barel 2018-ci ilin oktyabr ayının göstəricisindən hesablanır. Real olaraq hazırkı risk göstəricilərinə baxsaq, bu, təqribən 110 min bareldir.  Yəni o dövrdən bəri bizdə hasilat azalıb. Amma 110 min barel də kifayət qədər yüksək göstəricidir. Razılaşmaya görə, 23% azadılma olmalıdır və bu miqdar bütün bazar iştirakçıları arasında bölünür. Azərbaycandakı hasilatçı şirkətlərin hamısı hasilatı azaltmalıdır. Nəzərə alsaq ki, 500 min bareldən bir qədər artıq “Azəri-Çıraq-Günəşli”dən olan hasilatdır, onda ixtisarın təqribən 100 min bareli BP-nin üzərinə düşməlidir. Bu zaman belə bir sual ortaya çıxır ki, BP bunu necə reallaşdıra bilər? Bir platformanı təmirə dayandırmaqla. Yəni bunu etməklə 50 min barel müvvəqəti azaltmaq mümkün ola bilər. İkincisi isə hasilatı digər quyuları bağlamamaq şərtilə aşağı sala bilər və bunu da bacarar. Biri var quyunun bağlanması, biri də var quyudan neftin hasilatının azaldılması. Yerdə qalan 10 min bareli də gündəlik olaraq SOCAR və daha 12 əməliyyat şirkəti yataqların vəziyyətinə görə, azalda bilər. Yəni iki ay müddətinə, may-iyun ayları ərzində, heç bir şeyə xələl gətirmədən bu məsələni həll etmək olar.

Mirvari xanımın dediklərinə gəlincə isə, o, statistik göstəricini deyib. Şirkətdə 4 il kəşfiyyat bölməsində işləyən adam kimi mən texnoloji baxımdan deyirəm ki, əgər biz qoca yataqları bağlasaq, onları yenidən işə salmaq üçün quyuların kapital təmiri həyata keçirilməlidir ki, onu laylardan çıxarmaq mümkün olsun. Bu isə çox böyük bir zərər bahasına başa gələ bilər. Elə yataqlar var ki, onları bərpa etmək mümkün olsa belə, maya dəyəri o qədər yüksək olar ki, onun işlədilməsinin heç bir mənası qalmaz. Ona görə də hasilatın öz rejimində onu qismən azaltmaq olar.”

İ.Şaban bildirdi ki, 2015-2016 -cı illərdə neftin qiyməti kəskin ucuzlaşdığı zaman dünya neft sənayesində 400 min nəfərlik ixtisar baş verib: “Hazırkı enmə daha uzunmüddətli və daha ağrılı bir prosesdir. Ona görə ki, bu, təkcə neft bazarının çökməsi deyil, həm də insanların sağlamlığı ilə əlaqədar olan bir problemdir. Neft bazarının çökməsi və bunun ardınca dünya iqtisadiyyatının böhranı baş verir. İkinci bir məsələ isə odur ki, şirkətlər öz xərclərini optimallaşdırmağa başlayıblar. Bir çox neft şirkəti daxili büdcəsini neftin 40 dollarlıq orta illik qiyməti əsasında götürmüşdü. İndi isə biz görürük ki, cari orta qiymətə dair hələ ki sonuncu proqnoz 35 dollardır, yəni onlar bu proqnozla zərərə doğru gedirlər. Ona görə də onlar görüləcək işləri təxirə salırlar, layihələri həyata keçirən işçi heyətləri ilə olan müqavilələri müvvəqəti də olsa, dayandırırlar. Məsələn, layihələr bir-iki il müddətinə təxirə salınır. Çünki onlar böyük kapital xərci tələb edir. Bizim neft şirkəti dövlət şirkətidir, dövlətdən dotasiya alıb, istənilən hər şeyi həyata keçirə bilər, hətta işçilərinin sayını artıra da bilər. Ona görə də burada biznes mühiti tam tətbiq olunmadığından, demək olmaz ki, dövlət şirkətində işçilər ixtisar olunacaq. Mirvari xanımın nöqteyi-nəzərindən yanaşsaq, Rusiya 2,5 mln. barel, reallıqda isə praktik olaraq 1,8 mln. barel hasilatı azaltmalıdır, yəni ümumilikdə 30 min quyuda hasilatı dayandırmalıdır. Görün, onda Rusiya nə günə düşməlidir.”