Azərbaycanda 28 aprel susqunluğu
28 Aprel 2021
Azərbaycan 101 il əvvəl – 1920-ci il 28 aprel tarixində baş vermiş sovet işğalının ildönümünü bu il fərqli situsiyada qarşılayır. Ötən il 44 günlük müharibə nəticəsində Ermənistanın işğal etdiyi torpaqların böyük qismi azad edilib və bu, tarixi uğurdur. Amma 10 noyabr 2020-ci il tarixində imzalanmış atəşkəs bəyanatı ilə 1993-cü ildə Azərbaycanı tərk etmiş Rusiya ordusu sülhməramlı adı altında geri qayıdıb. Onlar hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vulayətinin təxminən üçdə iki hissəsinə nəzarət edirlər, həmin zona faktiki olaraq, Moskvanın nəzarətindədir. Təxminən 3 min kvadrat kilometrlik ərazidə Azərbaycanın suverenliyi tapdalanır.
Ötən bir əsrdə regionda köklü, radikal dəyişikliklər baş verib, Sovet imperiyası dağılıb, 1918-ci ildə formalaşmış Cənubi Qafqaz ölkələri yenidən müstəqillik əldə ediblər. Amma Kremlin bölgə siyasəti və qonşularına münasibəti 1920-ci illərdəki bolşevik siyasətindən az fərqlənir. Rusiya rəhbərliyi yenə imperiya ambisiyaları ilə yaşayır, sərhədlərindəki müstəqil dövlətlərə öz nüfuz dairəsi, “arxa bağçası” kimi baxır. Bu yaxınlarda prezident Putin yeni dövlətlərdən bəzilərini "kvazi dövlətlər" adlandırmışdı. Rusiyanın təzyiq siyasəti gənc dövlətlərin daxili və xarici siyasətində ciddi problemlər yaradır. Separatizmin dəstəklənməsi, ölkələrin müstəqil xarici siyasət seçimlərinin kobud müdaxilələrlə əngəllənməsi Kremlin regionda əsas fəaliyyətidir.
Müasir beynəlxaq münasibətlər sistemi, beynəlxalq hüquq, iqtisadi əlaqələr 100 il əvvəlki dövrlə müqayisədə kardinal dəyişiklik və inkişaf mərhələsi keçib. Bu da keçmiş imperiyanın tərkibindən çıxmış müstəqil ölkələrin başlıca təhlükəsizlik qarantiyasıdır. BMT-nin fundamental, toxunulmaz elan etdiyi dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn əsas normasıdır. Buna baxmayaraq, Rusiyanın postsovet məkanında təcavüzkarlığı Ukraynanın, Azərbaycanın, Moldova və Gürcüstanın BMT tərəfindən tanınmış sərhədlərinin pozulması ilə nəticələnib.
Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsindən sonra Azərbaycan Moskvanın açıq-gizli təzyiqləri ilə üzləşib. Xankəndində separatçı rejim dirçəldilib, onun oyuncaq hökuməti və parlamenti fəaliyyət göstərməyə, qərarlar verməyə davam edir. Ötən ay məlum oldu ki, Rusiya 44 günlük müharibədə heç də tərəfsiz qalmayıb, Şuşa azad olunduqdan sonra oraya qadağan olunmuş "İskəndər - M" operativ-taktiki raketi atıb. Rəsmi Bakı dövlət başçısı səviyyəsində Rusiyadan izahat istəsə də, etinasız reaksiya verilib. Üstəlik, separatçı rejimin başçısı, Azərbaycanın "İnterpol" xətti ilə beynəlxaq axtarışa verdiyi Araik Arutunyan Moskvaya dəvət edilib.
Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri bölgədən çıxarılmayıb, 10 noyabr bəyanatına zidd olaraq Kəlbəcər yolu açılmayıb, azərbaycanlı köçkünlərin geri qaytarılmasından isə hələlik söhbət getmir. Rusiya Laçın dəhlizindən erməni separatçılarının, İrəvan rəsmilərinin sərbəst hərəkətinə şərait yaratmaqla da Azərbaycanın suverenliyini tapdalayır.
Bu hadisələrə rəsmi Bakının çəkingən reaksiyası Kremli belə addımlardan çəkindirmir. Azərbaycan sadalanan problemləri qeyri-rəsmi kanallarla və "xalq diplomatiyası" üsulları ilə Moskva qarşısında qaldırır. Rusiya səfirinin XİN-ə çağırılaraq ona etiraz notası təqdim edilməsi, problemlərin ikitərəfli müstəvidə müzakirəyə çıxarılması kimi addımlar və demarşlar yoxdur. Rəsmi Bakı Qərblə açıq geosiyasi qarşıdurmada olan, sıxışdırılmış Rusiyanın asimmetrik aqressiyasından ehtiyatlanır. Bəlkə də reallıqları nəzərə alıb, bu ehtiyatlılığı təbii qəbul etmək olar. Amma 101 il əvvəl baş vermiş işğalın ildönümündə onu xatırlamamağa, susqun qalmağa bəraət qazandırmaq çətindir.
Bu işğal Azərbaycan dövlətçiliyinə, xalqına ağır zərbələr vurub, onun aydınlarını məhv edib, yüz minlərlə vətəndaşına qarşı repressiya tətbiq olunub. Sovet sistemindən çıxmış əksər ölkələrdə bu tip tarixi günlər anım mərasimləri, dövlət tədbirləri ilə yad olunur. Azərbaycan Xarici İşlər Nazirliyinin 28 aprel tarixi ilə əlaqədar bəyanat yayması, parlamentdə, AMEA-da bu mövzularda tədbirlər keçirilməsi, Cümhuriyyət liderlərinin məzarlarının ziyarət olunması və sair addımar yerinə düşərdi. Əvvəla, bu, dövlətin öz tarixinə münasibətini ehtiva edir, ikincisi, bugünkü imperialist Rusiyanın siyasətinə qarşı tarixi yaddaşın təzələnməsi üçün də əvəzsiz fürsətdir. Çünki Rusiya Azərbaycana qarşı siyasətini prinsipial olaraq dəyişməyib, ötən əsrin 20-ci illərinin ab-havası davam edir. Bu da Azərbaycan dövlətçiliyinə qarşı əsas təhlükədir.
Turqut