Azərbaycan-Rusiya münasibətləri – Güllələnmiş “dostluq”
Moskvanın mülki təyyarənin vurulması ilə bağlı günahını etiraf etdiyini hesab etmək olarmı?
17 Aprel 2026
Belə bir təəssürat yaranır ki, Azərbaycan rəhbərliyi Moskvanın AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması və qəzaya uğraması ilə bağlı məsuliyyətini etiraf etməməsinə, həmçinin Rusiya ərazisində azərbaycanlı diaspor nümayəndələrinə təzyiqlərin davam etməsinə baxmayaraq, Rusiya ilə tam normallaşmaya razılaşıb.
Aprelin 15-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə bəyanatı yayılıb:
“Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiyanın hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər:
Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir. Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək
Hava gəmisinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk və bu faciədən zərər çəkmiş hər kəslə birlikdə ağrını bölüşürük”.
Bundan bir gün əvvəl, aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Gündəlikdə duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb.
Tərəflər qeyd ediblər ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır və bu mexanizm çərçivəsində görülmüş işlər və perspektiv istiqamətlər müzakirə edilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Daha sonra aprelin 16-da Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İstanbulda keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib ki, Rusiya Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətindədir.
Onun sözlərinə görə, Bakı ilə Moskva arasındakı münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur.
Matviyenko həmçinin 2024-cü ildə AZAL-a məxsus təyyarənin qəzaya uğramasının nəticələrinin tənzimlənməsi prosesinin başa çatmasının əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinə başsağlığı verib.
Danışıqlar zamanı tərəflər parlamentlərarası əlaqələrin müntəzəm xarakter daşıdığını qeyd ediblər. Ötən ilin sonunda Moskvada Federal Məclis ilə Milli Məclis arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclası keçirilib, növbəti iclas isə Bakıda baş tutacaq.
“13-cü Rusiya-Azərbaycan Regionlararası Forumunun keçirilmə vaxtı və yeri ilə bağlı Azərbaycan tərəfinin təkliflərini gözləyirik. Hazırda Rusiya Federasiyasının yetmişdən çox subyekti Azərbaycanla münasibətləri inkişaf etdirir”, – Valentina Matviyenko bildirib.
Aprelin 16-da Zəngilanda Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin həmsədrlik etdiyi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası da keçirilib. Görüşdə iki ölkə arasında praktiki əməkdaşlığın bütün aktual məsələləri müzakirə olunub. Diqqət mərkəzində ticarət-iqtisadi, sənaye, energetika, nəqliyyat-logistika və aqrar-sənaye sahələrində əməkdaşlığın gücləndirilməsi olub.
Bu arada Yekaterinburqda Kirov Rayon Məhkəməsi Ural bölgəsində Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və onun oğlu Mütvalini həbs cəzasına məhkum edib. Onlar “hüquq-mühafizə orqanı əməkdaşına qarşı zor tətbiq etməkdə” təqsirli biliniblər. Mart ayında Şıxlinski-ata həm də qəsd və qətldə iştirakına görə məhkum edilmişdi.
Məhkəmə işinə səbəb olan hadisə 1 iyul 2025-ci ildə “Baku Plaza” ticarət mərkəzinin qarşısında baş verib. Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları Mütvalinin idarə etdiyi, atası Şahinin sərnişin olduğu “Mercedes” avtomobilini saxlayıblar. Onlar Şahinə dindirilmə üçün çağırış təqdim etmək istəyiblər, lakin Mütvali geri hərəkət edərək əməliyyatçı əməkdaşlardan birini vurub.
Ata və oğul barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Onlar günahlarını etiraf etməyiblər. Dövlət ittihamçısı onların hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakim Şahin Şıxlinskini təqsirli bilib və ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Əvvəlki hökm nəzərə alınmaqla yekun cəza 24 il müəyyən edilib. O, ilk 4 ili həbsxanada, qalan müddət isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirməlidir.
Nə baş verir? Bakı geri addım atdı? Nəyin müqabilində? Bu aqressiv rejimlə mehriban qonşuluq münasibətlərini bərpa etmək həqiqətənmi bu qədər vacibdir?
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Pressklub.az-a açıqlamasında bildirib ki, o, Azərbaycanın geri çəkilməsi ilə bağlı fikirlərlə razı deyil.

“Əksinə, Azərbaycan sonda Rusiyanı rəsmi bəyanatda əks olunan reallıqları qəbul etməyə məcbur etdi.
Rusiya etiraf etdi ki, Qroznı üzərində Azərbaycan mülki təyyarəsi Rusiya HHM qüvvələrinin qeyri-ixtiyari atəşi nəticəsində vurulub. Bununla da Rusiya məsuliyyəti öz üzərinə götürdü. Bəyanatda bunun “qeyri-ixtiyari” baş verdiyi qeyd olunsa da, bu, günahı aradan qaldırmır. Çünki ağır nəticələrə (29–39 nəfərin həlak olması və sağ qalanlar arasında əlillərin yaranması) səbəb olan hərəkət və ya hərəkətsizlik hətta Rusiya Federasiyasının Cinayət Məcəlləsinə görə də məsuliyyət doğurur. Günahını etiraf etməklə Rusiya zərərçəkənlərə və AZAL şirkətinə təyyarənin itirilməsinə görə kompensasiya ödəməyi öhdəsinə götürdü.
Bu mənada burada heç bir cəzasızlıqdan söhbət gedə bilməz. Əksinə, Rusiya bu məsələni uzun müddət uzadır, müxtəlif versiyalar irəli sürərək vəziyyətdən çıxmağa çalışırdı: qaz balonunun partlaması, quşlarla toqquşma, hətta Ukrayna PUA-larının məsuliyyətə cəlb edilməsi kimi ehtimallar səsləndirilirdi. Lakin aydın oldu ki, prosesin daha da uzadılması yalnız ikitərəfli münasibətləri zədələyəcək və Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək. Azərbaycan öz maraqlarını qətiyyətlə müdafiə etdi və bu nəticəyə nail oldu”, – analitik bildirib.
Azərbaycan diasporunun nümayəndələri ilə bağlı vəziyyətə gəlincə, o qeyd edir ki, burada həm həddindən artıq sərtlik, həm də sübutların olmaması müşahidə olunur. “Məsələn, vəkil və Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şıxlinskinin 25 il əvvəl baş vermiş qətl işində iştirakı ilə bağlı heç bir sübut yoxdur. Bütün ittiham yalnız bir nəfərin ifadələrinə əsaslanır və həmin şəxs ifadəsini dəyişə bilər, amma buna baxmayaraq, insana 24 il həbs cəzası verilib.
Bununla paralel olaraq Azərbaycanda internet üzərindən narkotik ticarəti ilə məşğul olan rusiyalı İT mütəxəssisləri də cəzalandırılıb. Çox güman ki, sonda mübadilə baş verəcək: Rusiyada məhkum olunmuş azərbaycanlılar vətənə qaytarılacaq, burada məhkum edilən Rusiya vətəndaşları isə Rusiyaya göndəriləcək. Hər halda, Bakı hətta Rusiya vətəndaşlığı olsa belə azərbaycanlılara qarşı özbaşınalığa göz yummayacaq. Rusiyada da bunu artıq anlayıblar.
Hazırda Azərbaycan diasporunun nüfuzlu nümayəndələrinə qarşı “ovun” dayandırıldığı görünür. Münasibətlərin normallaşmasında hər iki tərəf maraqlıdır, çünki bizi qonşuluq, ticarət, nəqliyyat və insan əlaqələri bağlayır. Ola bilsin ki, əvvəlki etimad və səmimiyyət artıq olmayacaq, lakin bugünkü sərt və praqmatik dünyada münasibətlər qarşılıqlı maraqlar və onları müdafiə etmək bacarığı üzərində qurulmalıdır”, – Musabəyov yekunlaşdırıb.
Rauf Orucov