Logo
news content
User
Kateqoriyalar

Analitika

Avtobus zolaqları sıxlığı aradan qaldıracaq?

Ötən günlərdə şəxsi avtomobilləri ilə avtobus zolaqlarında hərəkət edən və ya maşını orada saxlayan sürücülərin cərimələnəcəyi ilə bağlı məlumat yayıldı. Dövlət Yol Polisi bu cür sürücüləri avtobus zolaqlarından uzaq durmağı çağırdı.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtobus zolaqları və dayanacaqların zəbt edilməsi ictimai nəqliyyatın hərəkətində fasilələrə səbəb olur:

“Metronun bağlı olması avtobusların da yükünü artırır ki, bu da əlavə çətinliklər yaradır. İnsanların əsasən şəxsi nəqliyyat vasitələrinə üstünlük verməsi, texniki cəhətdən nasaz avtomobillərin yollarda məcburi dayanması da sıxlıq və tıxac yaranmasına gətirib çıxarır”.

Əsədov qeyd edib ki, bütün bunların qarşısını almaq üçün yol polisi müəyyən addımlar atmağa başlayıb:

“Bu, təkcə sürücüləri cərimələmək və məsuliyyətə cəlb etmək deyil, maarifləndirmə işləri aparmaqla problemlərin həllinə nail olmaqdır. Lakin təəssüf ki, bəzi avtobus dayanacaqları və taksi duracaqlarının düzgün təşkil olunmaması da əlavə problemlər yaradır”.

Avtobuslar üçün yaradılan xüsusi zolaqların təyinatı bəzən dəyişir. Çünki həmin zolaqlarda başqa digər nəqliyyat vasitələrini də görmək mümkündür. Amma belə sürücülər cərimələrdən yayına bilməyəcəklər. Qayda pozan sürücülər kameralar vasitəsilə izlənir və

protokol tərtib edilir. Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev deyir ki, bir çox küçə və prospektlərdə, o cümlədən Qara Qarayev prospekti, Gəncə prospekti, Məhəmməd Hadi, Mikayıl Hüseynov, Rəşid Behbudov, Əhməd Rəcəbli küçələrində avtobus zolaqlarının təşkili təmin olunub, digər küçə və prospektlərdə də bu cür zolaqların təşkili ilə bağlı işlər aparılır.

Onun sözlərinə görə, bununla da avtobusların yükü azalacaq:

“Beləliklə, sərnişinlər uzun müddət avtobus gözləməli olmayacaqlar. İntervallar azalacaq, sıxlığın qarşısı alınacaq. Sərnişinlərimizin daha rahat şəkildə, daha az vaxt sərf edərək mənzil başına çatmasına şərait yaradılacaq ki, bu da pandemiya şəraitində olduqca mühümdür. Bir daha fərdi avtomobil sürücülərinə müraciət edərək onlara tövsiyə edirik ki, maksimum dərəcədə avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar və avtobus zolağı tələbinə əməl edib, avtobusların sərbəst hərəkətinə hər hansı maneə törətməsinlər”.

Başı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirdi ki, bu cür zolaqlar avtomobillərin sıx hərəkət etdiyi küçələrdə yaradılır. Paytaxtın 10 küçə və prospektində bu cür zolaqlar olacaq:

“Həmin avtobus zolaqlarına təyinatı üzrə daxil olmayan nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə edilə bilərlər. Əlavə olaraq, sürücülərimizdən və bütün hərəkət iştirakçılarından xahiş edirik ki, avtobus dayanacaqlarının zəbt olunması kimi hallardan yayınsınlar. Belə ki, həmin halda da İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub”.

Ülviyyə Şahin