Logo
news content
User
Kateqoriyalar

Analitika

Avropa çempionatında təzə qan
Gürcüstan və Ukrayna ora necə gedib çıxdı, heyətlərində kimlərə diqqət etmək lazımdır?

Bu yay Almaniyada keçiriləcək futbol üzrə növbəti Avropa çempionatının seçmə mərhələsi martın 27-də başa çatdı. Başqaları ilə yanaşı, turnirdə Ukrayna və Gürcüstan da çıxış edəcəklər - sonuncu üçün bu, tarixində ilk dəfədir. “Meduza” çempionatda bu iki komandadan nə gözləməyin mümkünlüyündən və heyətlərində kümə diqqət vermək lazım olmasından danışır. 

Ukrayna

Avropa çempionatına necə düşdü?

Müharibə səbəbindən Ukrayna millisi bütün ev oyunlarını başqa ölkələrdə keçirirdi - Almaniya, Çexiya və Polşada. Bu, İngiltərə, İtaliya, Şimali Makedoniya və Maltadan ibarət qrupda yetərincə uğurlu çıxış etməyə mane olmadı. Ukraynalılar ingilislərdən geri qaldılar, italiyalılarla (hazırkı Avropa çempionları) eyni xal topladılar. Doğrudur, İtaliya dörd qol çox vurduğundan qrupda ikinci yeri tutdu, bu da çempionata vəsiqə üçün bəs idi. Ukraynalılar üçüncü oldular və ələnmə matçları keçirməli oldu. 

 Birinci oyunda Ukrayna Bosniya və Herseqovinanı məğlub etdi. Özü də matç yetərincə dramatik alındı. 56-cı dəqiqədə Nikolay Matviyenko topu öz qapısına göndərdi, amma matçın lap sonunda ukraynalılar gedişatı dəyişə bildilər. 85-ci dəqiqədə Roman Yaremçuk hesabı bərabərləşdirdi, üç dəqiqə sonra isə Artyom Dovbik qələbə topunu vurdu. 

Həlledici oyunda rəqib İslandiya idi. Komanda yenə geriyə düşdü, qələbə topunu isə Mixail Mudrik (“Çelsi”nin yarımmüdafiəçisi, Ukrayna tarixində ən bahalı oyunçu) yalnız 84-cü dəqiqədə vurdu.

Avropa çempionatlarında əvvəllər necə çıxış edib?

Ukraynalılar ilk dəfə Avro-2012-də çıxış ediblər. O zaman turnirə seçmə mərhələsiz düşmüşdülər. Belə ki, məhz Ukrayna (Polşa ilə birlikdə) turnirin ev sahibi idi. 

Püşkatma Oleq Bloxinin komandasını İngiltərə, Fransa və İsveç ilə bir qrupa saldı. Ukrayna İsveçi uddu (2:1), amma sonrakı iki oyunu uduzdu. Qrupda üçüncü yeri tutan komanda pley-offa çıxa bilmədi. 

Dörd il sonra komanda Fransada keçirilən Avro-2016-ya vəsiqə qazandı, amma orada olduqca uğursuz çıxış etdi. Mixail Fomenkonun rəhbərlik etdiyi komanda Almaniya, Polşa və Şimali İrlandiyadan ibarət qrupda bircə qol vura bilməyərək, bütün oyunları uduzdu. 

Avro-2020 (COVİD səbəbindən 2021-ci ildə keçirilirdi) Ukrayna tarixində ən yaxşısı oldu. Mavi-sarılar Avstriya, Niderland və Şimali Makedoniyanın olduğu qrupdan çıxaraq, ilk dəfə pley-offa düşdülər. Andrey Şevçenkonun komandası burada İsveçə qalib gəldi - 2:1. 

1/4 finalda ingilislər komandanı darmadağın etdilər (0:4), amma bu, ukraynalıların bayram əhvalını korlamadı: hava limanında onları fanatlar kütləsi qarşıladı. 

Heyətdə kimə diqqət vermək lazımdır?

Mavi-sarıların tarix boyu ən güclü heyətə malik olduqlarını söyləmək olar. Oyunçuların yarıdan çoxu nüfuzlu Avropa çempionatlarında çıxış edirlər. Məsələn, Vitali Mikolenko “Everton”un, İlya Zabarnı “Bornmut”un, Mixail Mudrik “Çelsi”nin, Ruslan Malinovski “Cenoa”nın, Roman Yaremçuk isə “Valensiya”nın oyunçusudur.  

Qapıçı Andrey Lunin Madrid “Real”ında oynayır. İspaniya qrandının əsas qapıçısı Tibo Kurtua ötən il zədə aldı. Madridlilər onun yerinə Kepu Arrisabalaqunu “Çelsi”dən icarəyə götürdülər, amma o, Luninlə rəqabəti uduzdu. Ukraynalı 23 oyunda 19 qol buraxıb, 10 oyunda isə ümumiyyətlə buraxmayıb. Şayiələrə görə, Luninlə “Mançester Yunayted” maraqlanır, Kurtua isə hətta sağalandan sonra belə əsas heyətə düşməyə bilər. 

İspaniyanın daha bir təmsilçisinin - “Jirona”nın heyətində iki ukraynalı çıxış edir: Artyom Dovbik və Viktor Sıqankov. Heç də ən güclülərdən olmayan klub əsasən məhz bu cütlüyün sayəsində çempionatın çox hissəsi boyu liderlik uğrunda “Real”la mübarizə aparırdı. “Jirona” bu rəqabəti uduzdu, indi isə ikinci yer uğrunda “Barselona” ilə yarışır. 

Dovbik keçən yay 8 milyon avro müqabilində “Dnepr-1”dən “Jirona”ya keçdi və klub tarixində ən bahalı oyunçu oldu. Ukraynalı forvard yeni komandanın heyətində elə ilk oyunda qol vurdu və çox tezliklə klubun əsas ulduzuna çevrildi. İspaniya çempionatının 37 matçında 14 dəfə qol vurub və 5 məhsuldar ötürmə edib. Nəticədə bir il ərzində Dovbikin qiyməti 30 milyona çatıb və şayiələrə görə, “Real” onu almaq barədə düşünür.

Ukrayna millisinin vacib qollarını məhz Dovbik vurur. Avro-2020-də İsveçə qarşı oyunda məhz onun son saniyələrdə vurduğu qol mavi-sarıları 1/4 finala çıxardı, bu yaxınlrda isə Bosniya və Hersoqovinaya qarşı ələnmə matçında son dəqiqələrdə qələbə topunu vurdu. 

Amma Ukrayna millisinin əsas ulduzu - London “Arsenal”ında çıxış edən Aleksandr Zinçenkodur.

Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçunun ailəsi 10 il əvvəl Donbasdakı müharibə üzündən Moskvaya köçüb. Zinçenko Rusiyada “Ufa”da çıxış etməyə başlayıb və burada “Mançester Siti”nin məşqçisi Hosep Qvardiolanın diqqətini çəkib. İngiltərəyə dəvət olunan yarımmüdafiəçi əsas heyətdə özünə yer edib və “şəhərlilər”lə birlikdə 10 mükafat qazanıb, o cümlədən dörd dəfə İngiltərə çempionu olub. 

Ukraynalı 2022-ci ildə “Arsenal”a keçib və dərhal aparıcı oyunçulardan birinə çevrilib. Londonlular artıq ikinci ildir ki, çempionluq uğrunda “Liverpul” və “Mançester Siti” ilə mübarizə aparırlar. Ötən il “topçular” uzun müddət lider olsalar da, ikinci yer tutdular. İndi də ikinci yerdədirlər. 

Avro-2024-də nə gözləməli?

Ukrayna Avropa çempionatında Belçika, Rumıniya və Slovakiya ilə birlikdə B qrupunda çıxış edəcək. Analitiklər hesab edirlər ki, Sergey Rebrovun məşqçi olduğu komanda pley-offa çıxacaq və hətta bəxti gətirsə, qrupda birinci yer tuta bilər. Hərçənd, ekspertlər onların 1/8 və ya 1/4 finaldan çox gedəcəyinə inanmırlar. 

Gürcüstan

Avropa çempionatına necə düşdü?

Gürcüstanın Avropa çempionatının final turnirinə yolu gərgin və  həyəcanlı alındı. Seçmə mərhələdəki 8 görüş ərzində cəmi 8 xal topladı və yalnız iki dəfə qalib gəldiyi Kiprdən yüksək yer tutdu. 

Amma milli komandalar üçün daha bir turnir olan Millətlər liqasındakı nəticələri sayəsində Avro-2024-ə düşmək üçün daha bir şans qazandı. Bolqarıstan, Cəbəllütariq və Şimali Makedoniyanın yer aldığı qrupda gürcülər birinci yer tutdular və ələnmə görüşlərində iştirak hüququ qazandılar. 

Gürcüstan ilk oyunda Lüksemburqu məğlub etdi - 2:0. Yunanıstana qarşı ikinci oyun da Tbilisidə keçirildi. Oyunun əsas və əlavə vaxtında hesab açılmadı, iş penaltilərə qaldı. Burada gürcülər daha dəqiq oldular - 4:2. 

Niki Kvekveskirinin həlledici zərbəsindən sonra minlərlə fanat meydana qaçdı və millinin Avropa çempionatına ilk çıxışını futbolçularla birlikdə bayram etdi. Tbilisi bütün gecə qələbəni qeyd etdi. Birinci Respublika meydanında keçirilən mərasimə ölkənin baş naziri İrakli Kobaxidze və paytaxt meri, Gürcüstan millisinin və “Milan”ın keçmiş futbolçusu Kaxa Kaladze qoşuldu. 

Heyətdə kimə diqqət vermək lazımdır?

Komandaya Villi Sanyol başçılıq edir - “Bavariya”nın və Fransa millisinin keçmiş müdafiəçisi. Onun komandası ən güclü sayılmır, amma heyətində Avropa çempionatlarında çıxış edən bir neçə oyunçu var. Məsələn, Georgi Koçoraşvili “Kopenhagen”də, Saba Sazonov “Torino”da, Georgi Çakvetadze “Uotford”da,  Georgis Mekautadze “Mets”də, Georgi Mamardaşvili “Valensiya”da, Lüksemburqa iki qol vuran Budu Zivzivadze isə “Karlsrue”də oynayır.

Komandanın əsas ulduzu “Napoli”də çıxış edən 23 yaşlı Xviça Kvaratsxeliyadır. Xviça 2019-2022-ci illərdə Rusiyanın “Lokomotiv” və “Rubin” komandalarında oynayıb. O, artıq həmin vaxt çox perspektivli sayılırdı. 2020-ci ildə “Rubin”in məşqçisi Leonid Slutski deyirdi ki, Xviçanın “tavan”ı yoxdur. Avropa klubları da onunla maraqlanırdılar. Tezliklə “Napoli”yə keçdi və ilk oyunlardan klubun aparıcı oyunçularından birinə çevrildi. 

Neapolluların heyətində keçirdiyi birinci mövsümdə Kvaratsxeliya 12 qol vurdu və 10 məhsuldar ötürmə etdi. Bununla da “Napoli”nin son 30 ildə ilk dəfə çempion olmasına kömək etdi. İndi Xviça Avropanın ən perspektivli oyunçularından sayılır, qiyməti isə 80 milyon avroya çatır. 

Avro-2024-də nə gözləməli?

Sanyolun komandası Çexiya, Portuqaliya və Türkiyənin yer aldığı çox çətin qrupa düşüb. Analitiklər gürcüləri çempionatın autsayderlərindən biri hesab edirlər. Onlar Kvaratsxeliya və yoldaşlarının qrupdan çıxmayacaqlarına əmindirlər. Amma çempionatda iştirakın özü Villi Sanyolun komandası üçün artıq nəhəng nəticədir. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2024/03/31/gruziya-vpervye-v-istorii-probilas-na-chempionat-evropy-po-futbolu-sbornaya-ukrainy-tozhe-budet-na-turnire-v-germanii