Logo
news content
User
Kateqoriyalar

Analitika

Atəşkəs razılaşması əhəmiyyətini itirir

Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunan atəşkəs razılaşması əhəmiyyətini itirmək üzrədir. Cəbhədə şiddətli döyüşlər davam edir, Azərbaycan Müdafiə Nazirliyi ötən gecə bir neçə istiqamətdən hücumların dəf edildiyi, düşmənin böyük sayda canlı qüvvə və hərbi texnika itirdiyini açıqlayıb. Bu gün nazirlik azad edilmiş Hadrut qəsəbəsinin videosunu da yayıb.

Qalıcı atəşkəsə onsuz da inam yox idi. Hazırda Azərbaycan cəmiyyəti ümumiyyətlə, bu barədə müzakirələri yaxına buraxmır. Oktyabrın 10-da Gəncə şəhərinin ballistik raketlə vurulması, Rusiyanın bu təcavüz aktına reaksiya verməməsi Moskvanın vasitəçi obrazını tamamilə darmadağın etdi. İndi humanitar atəşkəs rejiminin adı ancaq onun pozulması ilə bağlı ard-arda verilən rəsmi açıqlamalarda çəkilir.

Məlumdur ki, Rusiya münaqişəni həll etmək iqtidarında olmasına rəğmən, ciddi-cəhdlə əvvəlki status-kvonun bərpasına çalışır. İlk baxışda Moskvanın öz sərhədlərində müharibə ocağının söndürülməsində maraqlı olmaması qəribə görünür. Çünki münaqişənin həll olunmaması hər an regionda böyük fəlakətə səbəb olacaq müharibəni alovlandıra bilərdi. Necə ki, 2016-cı ilin aprelində, 2020-ci ilin iyun ayında bütün dünya gördü ki, Azərbaycan vəziyyətlə barışmır, status-kvonu dəyişmək üçün fürsət gözləyir. Sentyabrın 27-də isə düşmənin növbəti hücumuna genişmiqyaslı əks-hücumla cavab verən Azərbaycan Ordusu 35 kəndi, bir şəhər və qəsəbəni düşməndən azad edib. Müharibə davam edir.

Bəs, Rusiya niyə öz milli təhlükəsizlik maraqlarının tələb etdiyi kimi, sərhədlərində sabitlik istəmir? Hər an partlamaq potensialı olan münaqişələri idarə etmək onun nəyinə lazımdır? Bu vəziyyət təkcə Cənubi Qafqazda deyil, Ukrayna və Moldovada da eyni siyasət yürüdülür. Belarusda xalqdan qopmuş diktator Lukaşenkonun dəstəklənməsi isə daha bir qeyri-sabitlik ocağı yaradıb. Rusiyanın postsovet məkanında özünü zəncirvari münaqişələrlə əhatələməsi 90-cı illərin hərbi-siyasi konyukturasına uyğundur. Moskva ətrafındakı ölkələri etnik münaqişələr yaratmaqla, özünə bağlı siyasi qüvvələri hakimiyyətə gətirməklə nəzarətdə saxlayıb. Bununla da ölkələri iqtisadi və siyasi inkişafdan saxlayıb, onların Qərbə inteqrasiyasının qarşısını alıb, konfliktdə olduğu beynəlxalq güclərlə öz arasında bufer zonaya çevirməyə çalışıb. 90-cı illərin sonunda Putinin hakimiyyətə gəlməsi ilə bu siyasət daha da dərinləşdirilib, qonşu ölkələrə təzyiq üsulları artırılıb. Başlıca məqsəd dəyişməsə də, dövrün siyasi reallıqlarının ortaya çıxardığı cari maraqlar da eyni üsullarla təmin edilməyə çalışılır.

Moskvada anlayırlar ki, məsələn, Azərbaycanın güc vasitəsilə Qarabağ münaqişəsini həll etməsi Rusiyanın Gürcüstanda, Ukraynada, Moldovada yürütdüyü siyasətin iflasına gətirib çıxara bilər. Bu ölkələr də üzləşdikləri münaqişələri eyni qaydada Rusiyanın monopoliyasından çıxarıb, həll etməyə həvəslənə bilərlər. Türkiyənin Cənubi Qafqazda nüfuzu güclənər. Azərbaycanın nəzarətdən çıxması avtomatik olaraq Rusiyanın İranla coğrafi sərhədini təmin edən əsas əlaqənin də sıradan çıxması deməkdir. Bu da regionda Qərbə qarşı siyasətlərini çox yaxşı uzlaşdıran Moskva və Tehranın maraqlarına qətiyyən cavab vermir.

Kremlin daha bir qorxusu Rusiyanın yaratdığı münaqişələrdən zərər çəkən GUAM ölkələrinin - Ukrayna, Azərbaycan, Moldovanın postosovet məkanında siyasi bloka çevrilməsidir. Bu, vaxtilə ABŞ-ın müstəqil ölkələrin Rusiyaya qarşı birgə müqavimətini təşkil etmək üçün irəli sürdüyü layihə olsa da, Rusiyanın aqressivləşməsi, təcavüzü onun gerçəkləşməsinə imkan vermədi. Qərbin sərt təzyiqləri altında olan Rusiyanın zəifləməsi perspektivdə GUAM-ın dirçəlməsi, bu dəfə regionda xeyli aktivləşən Türkiyənin ona hərtərəfli dəstək verməsini  aktuallaşdıra bilər.

Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi həm də onun Orta Asiyaya maneəsiz çıxışını təmin edir. Ankara bu çoğrafiyada yerləşən türkdilli ölkələrlə dərin iqtisadi-siyasi əlaqələri dərinləşdirməyi hədəfləyir. Hazırda Moskvanın nəzarətində olan Özbəkistan, Qazaxıstan, Qırğızıstan təbii müttəfiqləri ilə sıx əlaqə qurmaqda çətinlik çəkirlər. Həm siyasi, həm də coğrafi amillər bu əlaqələrin qurulmasına mane olur. Təbii ki, Türkiyənin bu cəhdləri regionu ciddi nəzarətdə saxlamağa çalışan Rusiya üçün qəbuledilməzdir.

Beləliklə, aydın olur ki, Rusiya gücü çatdığı qədər 90-cı illərdən bəri yürütdüyü siyasəti davam etdirməyə çalışacaq. Azərbaycanın işğalda olan torpaqlarını azad etmək üçün apardığı müharibənin dayandırılması, Bakıya qarşı sərt təzyiqlər edilməsi cəhdləri bu siyasətin tərkib hissəsidir. Nəticədə məlum olur ki, elə Ermənistan da Kreml tərəfindən bu münaqişənin qurbanına çevrilib, güclü Azərbaycan qarşısında onun heç bir perspektivi yoxdur. Qarabağ və ona bitişik rayonlar Rusiya tərəfindən işğal edilib və nəzarətdə saxlanır. Azərbaycan Ordusunun keçmiş Dağlıq Qarabağın inzibati ərazi bölgüsünə daxil olan Hadrut qəsəbəsini azad etməsi, Madagiz yüksəkliklərinə, Murov dağına  nəzarəti ələ alması Kremli möhkəm qəzəbləndirib. Güman ki, Moskva danışıqlarında Azərbaycandan əvvəlki təmas xəttinə çəkilmək tələb edilib, amma rədd cavabı alınıb. Bu zaman Türkiyə dövriyyəyə girərək Moskvadan Azərbaycana qarşı təzyiqləri dayandırmağı tələb edib. Müdafiə naziri Hulusi Akar açıq mətnlə bildirdi ki, müdaxilə olunacağı halda, Türkiyə Qarabağa qoşun yeridəcək. Rusiyanın müdafiə naziri onunla telefon danışığında Qarabağa guya “boyevik”lərin gətirildiyini iddia edib. Bu, olduqca təhlükəli ritorikadır və Rusiyanın hansısa formada münaqişə zonasına hərbi qüvvə yeritmək üçün zəmin hazırlamaq məqsədi güdə bilər.

 

Turqut