Logo
news content
User
Kateqoriyalar

Analitika

Ali məktəblərə ixtisas seçimi başlayıb

Avqustun 20-dən abituriyentlərin ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Bu il üçüncü qrup üzrə təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır. Belə ki, 16 min 567 abituriyent 12 min 853 yer üçün mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək.

İkinci qrup üzrə isə 13 min 642 yer üzrə cəmi 8 min abituriyent mübarizə aparır. Bu qrupda 5 mindən  çox plan yeri boş qalacaq.

Bu, qeyri-bərabər bölgü deyilmi? Yeni ixtisasların balları necə müəyyən olunacaq?

Təhsil eksperti Qoşqar Məhərrəmov “Press Klub”a şərhində yeni ixtisasların ballarını builki tələbələrin müəyyən edəcəyini söylədi:

“Yeni ixtisasların balları müsabiqəyə uyğun müəyyən olunacaq. Həmin ixtisasları 500-600 bal toplamış abituriyentlər seçsə, növbəti ilin abituriyentləri üçün həmin ballar təqdim olunacaq. Əgər həmin ixtisaslara az seçim olacaqsa, o zaman balları da aşağı olacaq”.

Plan yerləri arasında bölgüyə gəldikdə, ekspert bunu həqiqətən də qruplar və ixtisaslar arasında qeyri-bərabər bölgü hesab edir:

“Bunu normal bölgü hesab etmirəm. Çünki nəticədə Dövlət İmtahan Mərkəzi abituriyentlərin 3 və 4-cü qrupa müraciəti zamanı bunu tam olaraq müəyyən edə bilir. Həmin plan yerlərinin ayrılması məsələsini əvvəlcədən tənzimləyə bilərdilər. Hər bir universitet həmin ixtisaslarda yerlərin ayrılması üçün dövlətə müraciət edir. Misal üçün, bu müraciətin nəticəsində Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və sair universitetlərə hər bir ixtisas üçün plan yerləri ayrılır. Biz görürük ki, universitetlərə yerlər qeyri-bərabər ayrılır. Burada koordinasiya pozuntusunun olduğunu görürük. Dövlət İmtahan Mərkəzi, həmin ixtisaslara görə yerlərin ayrılmasına qərar verən Nazirlər Kabineti və Təhsil Nazirliyi arasında bir koordinasiya problemi var. Bunun nəticəsində də müraciət edənlərin sayı bir qrupda ayrılan yerlərin sayından çox, digər qrupda isə dəfələrlə azdır. Bu isə o deməkdir ki, bir qrupda bütün abituriyentlər tələbə adını qazana biləcək, digər qrupda isə abituriyentlər çox yaxşı bal toplasalar belə, minlərlə abituriyent kəsiləcək”.

Təhsil eksperti koordinasiyanın düzgün aparılmasının vacibliyini vurğuladı:

“Bu yöndə qurumlar arasındakı əlaqə düzgün təşkil olunmalıdır. Universitetlər istəyir ki, çoxlu yerlər ayrılsın, daha çox tələbə cəlb olunsun. Daha çox tələbə daha çox gəlir deməkdir. Ödənişli əsaslarla tələbə qəbul etdikdə daha çox gəlir əldə olunur. Bəzi universitetlər müxtəlif əlaqələrindən istifadə edərək yerlərin sayını artırmağı bacarır. Biz bu qeyri-bərabər bölgünü daha çox üçüncü qrupda görürük”.

Qoşqar Məhərrəmov ümumiyyətlə, qruplara bölünmə işinin ləğv olunmasını təklif edir:

“Biz, ümumiyyətlə qrup anlayışını ləğv etməliyik. Abituriyent istədiyi fənlərə görə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etməlidir. O, həmin fənlərdən əldə etdiyi balı universitetlərə göndərməli və universitet özü abituriyenti istədiyi ixtisasa qəbul etməlidir. Məsələn, 2-ci qrupa imtahan verən abituriyentlər ordakı ixtisaslara həbs olunmamalıdır. Yəni müəyyən bal əldə edibsə, digər ixtisaslara da müraciət edə bilməlidir. İxtisasları qruplara bölüşdürüb, limitlər qoymağa gərək yoxdur. Qrup anlayışını ləğv etmək lazımdır. Biz bunu inkişaf etmiş ölkələrin bir çoxunda da görürük. Həmin ölkələrdə qrup deyilən bir anlayış yoxdur. Biz də daha təkmil üsulları tətbiq etməliyik”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə də xatırlatdı ki, 2-ci ixtisas qrupu üzrə bu il plan yerləri 13 min 642-dir:

“Ötən il bu say 13 min 800 olub. 2-ci qrup üzrə dövlət sifarişli yerlərin sayı 119 yer artaraq 4 min 234 olub. Həmçinin, 3-cü ixtisas qrupu üzrə də plan yeri artıb. Bu il yerlərin sayı 12 min 853 olub ki, ötən il bu say 12 min 286 idi. Ötən illə müqayisədə 3-cü ixtisas qrupu üzrə 97 dövlət sifarişli yerin sayı artıb. Subbakalavrlar da bakalavrlarla birlikdə ixtisas seçimini həyata keçirəcəklər”.

X.Xanlarzadə qeyd edib ki, müsabiqə şərtlərinə görə imtahanın hər iki mərhələsində ixtisas qrupları üzrə minimal bal 200 və daha yuxarı olmalıdır:

“İxtisas qrupları üzrə olan imtahandan isə minimal olaraq 50 və daha yuxarı bal olmalıdır. Hər ixtisas qrupunda müəyyən ixtisaslar mövcuddur ki, onlar üçün ayrıca müsabiqə şərtləri var. Birinci ixtisas qrupunda on belə ixtisas var ki, əgər abituriyentin ümumi balı 150, imtahanın ikinci mərhələsindən balı 50-dirsə, o zaman həmin ixtisasları öz ərizəsində göstərə bilər. İkinci ixtisas qrupunda beş, üçüncü ixtisas qrupunda iki, dördüncü ixtisas qrupunda  beş belə ixtisas var.”

Xanlar Xanlarzadə onu da əlavə edib ki, bəzən abituriyentlər sistemdə “yadda saxla”nı basdıqdan sonra “təsdiq edin”i qeyd etmirlər:

“Bu zaman onların seçimi sistemdə görünmür. Həmçinin, ixtisas seçimini məlumatı olmayan şəxslərə internet klublarda etdirərək risk alınmamalıdır”.

Dövlət İmtahan Mərkəzinin rəsmisi balların enmə ehtimalının olub-olmaması məsələsinə də aydınlıq gətirib:

“Hər hansı ixtisas qrupu üzrə balların enməsi və yaxud da qalxması ixtisaslara görə dəyişə bilər. Buna görə plan yerlərinə, abituriyentlərin sayına, ötənilki vəziyyətə baxmaq lazımdır. Odlar Yurdu Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universitetində pulsuz şəkildə xidmət göstərən məsləhət mərkəzləri yaradılıb. Təxminən sentyabr ayında kolleclərə ixtisas seçiminin başlanması da nəzərdə tutulub. 9-cu siniflər üçün isə qabiliyyət imtahanları bitdikdən sonra jurnal çıxacaq və onlar ixtisas seçimi edə biləcəklər”.

Ülviyyə Şahin