Logo
news content
User
Kateqoriyalar

Analitika

Ali məktəblərdə tədris uzadıldı: bəs orta məktəblər?

Ülviyyə Şahin

Azərbaycanın ali təhsil müəssisələrində tədris ilinin müddəti 15 gün uzadılıb. Bununla əlaqədar təhsil nazirinin müavini Firudin Qurbanovun imzası ilə ali təhsil müəssisələrinə məktub göndərilib.

Məktubda bildirilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci il mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Qeyd olunanları nəzərə alaraq və təhsil proqramlarının icrasını təmin etmək məqsədilə aşağıdakı tədbirlərin görülməsi tapşırılır: - Buraxılış kursları istisna olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlansın və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin (15 gün - 2 həftə artırılsın). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı beş deyil, dörd həftə müəyyən edilsin və 15 iyun -13 iyul tarixlərində keçirilsin; - Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq, müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməsin, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılsın. “Təhsil” ixtisasları qrupuna daxil olan ıxtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyun ayının 14-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdirilsin və bu zaman dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılsın.

Bəs, orta ümumtəhsil məktəblərində tədris müddətinin uzadılması nəzərdə tutulurmu? Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sualımıza cavabında qeyd etdi ki, bu barədə hələ heç bir qərar yoxdur: “Nazirlik belə bir qərar qəbul edərsə, həmin qərar da rəsmi olaraq mətbuata bildiriləcək.”