Logo
news content
User
Kateqoriyalar

Analitika

Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi

Ali Məhkəmənin Plenumu ReAL Partiyasının sədri İlqar Məmmədov və partiya İdarə Heyətinin üzvü Rəsul Cəfərov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verib. Vaxtilə yerli məhkəmələrin bu şəxslərə qarşı çıxardığı hökmlər və onları qüvvədə saxlayan yuxarı instansiyaların qərarları ləğv edilib. Mənəvi ziyana görə İ.Məmmədova 234 min manat, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəniləcək.

Plenum həm İ.Məmmədov, həm də R.Cəfərovun işinə Avropa İnsan Haqları Məhkəməsinin onların haqqında çıxardığı qərarlar əsasında, hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni hallar üzrə baxıb. Belə nəticəyə gəliblər ki, onlar barəsində yerli məhkəmələrin hökm və qərarları əsassız, qanunsuz olub.

Plenumun qərarını şərh edən İ.Məmmədov bildirib ki, onun təqsirsizliyi təsdiqlənib və bəraət alıb. Belə bir qərarın çıxarılmasını ölkənin məhkəmə-hüquq tarixində yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirən partiya sədri vurğulayıb ki, haqlı olduğunu Azərbaycan qanunvericiliyi əsasında bir daha sübut edib: “Barəmdəki cinayət işinə xitam verildi. Mən hazırda təqsirsiz insanam. Siyasi mübarizəmi də davam etdirəcəyəm”.

İ.Məmmədovun vəkili Fuad Ağayev ümid edir ki, Plenumun bu qərarı yerli məhkəmələrin təcrübəsinə müsbət təsir göstərəcək: “İlqar Məmmədovun işində Avropa Məhkəməsinin Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıması açar rolunu oynadı. Məhz buna görə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətindən dəfələrlə İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib. Bu, nəticə verməyəndə isə Avropa Şurası tarixində ilk dəfə üzv dövlətin Avropa Məhkəməsinin qərarını icra etməməklə öz beynəlxalq-hüquqi öhdəliyini pozub-pozmamasının müəyyənləşdirilməsi üçün sorğu verib. Avropa Məhkəməsinin Böyük Palatası da tarixdə ilk dəfə bu sorğuya baxaraq, pozuntu baş verməsinə dair qərar qəbul edib. Hesab edirəm ki, bugünkü məhkəmə qərarı yerli məhkəmələrin praktikasına müsbət təsir etməlidir”.

R.Cəfərov isə haqqındakı qərarı şərh edərkən bildirib ki, gec də olsa, ədalət bərpa olundu: “Dövlət hüquqları pozulmuş vətəndaşının bəraət haqqını tanıdı, məhdudlaşdırılmış mülki və siyasi hüquqlarını bərpa etdi”.

R.Cəfərov xatırladıb ki, üzərindəki məhkumluğa görə Vəkillər Kollegiyasına üzv ola bilmirdi, fevralın 9-da keçirilən parlament seçkilərində namizəd kimi iştirakına isə imkan verilməyib: “Bu məhdudiyyət aradan qalxıb və növbəti mərhələlərdə öz hüquqlarımdan istifadə etməyi düşünürəm”.

Xatırladaq ki, İ.Məmmədov 2013-cü ilin fevralında İsmayıllıda etirazların təşkilində ittiham edilərək həbs olunub. 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə 5 il 6 ay 9 gündən sonra şərti azadlığa buraxılıb. Şərti cəza ilə əlaqədar ona 2 il də sınaq müddəti təyin edilib. 2019-cu ilin martında Ali Məhkəmə İ.Məmmədovun işinə baxıb, cəzasını həbsdə olduğu müddətə - 5 il 6 ay 9 günə endirib, üzərindəki şərti cəzanı, sınaq müddətini də götürüb. R.Cəfərov isə 2014-cü ilin avqustunda QHT-lərə qarşı cinayət işi çərçivəsində həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsində cəzası 3 ay azaldılan hüquq müdafiəçisi 2016-cı ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa Məhkəməsi həm İ.Məmmədov, həm də R.Cəfərova münasibətdə Avropa Konvensiyasının 5 (azadlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb.