Logo
news content
User
Kateqoriyalar

Analitika

Alayarımçıq dəstək paketi

Nəhayət ki, Nazirlər Kabineti növbəti sosial yardımla bağlı qərar verdi. Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Nazirlər Kabinetinin digər qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərinin də davam etdirilməsi nəzərdə tutulur.

Beləliklə, gözləntilər özünü doğrultmadı, hökumət yalnız əhalinin bir qrupuna bir aylıq 190 manat ödəniş verməyə razılaşdı. Karantin günlərində fəaliyyətini dayandıran biznes qurumlarına, iş yerlərini itirən muzdlu çalışanlara hər hansı dəstəkdən söhbət getmir. Nazirlər Kabinetinin bu alayarımçıq, ölkədəki pandemiya şəraitinə uyğun gəlməyən qərarı hansı şəraitdə ortaya çıxıb?

Əvvəla, qərarın 14 günlük növbəti sərtləşdirilmiş karantin rejimi elan olunan gün açıqlanmaması bir sıra suallar yaradır. Operativ Qərargah karantin şərtləri ilə bərabər vətəndaşlara dəstək tərbirlərini açıqlamadı. İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ümumiyyətlə, həmin gün ictimaiyyətin qarşısına çıxmaqdan imtina etdilər. Halbuki ortada ciddi tənqid hədəfi olsa da, bir dəstək mexanizimi var və aprel ayında elan olunub. Əgər avqustun 1-nə qədər ölkədə karantin rejiminin saxlandıldığı açıqlanırsa, avtomatik olaraq aztəminatlı vətəndaşlara, biznesə, sahibkarlıq subyektlərinə əvvəlki həcmdə də olsa, dəstək verilməliydi. Rəsmi məlumata görə, iki aylıq bu dəstəyin ümumilikdə maliyyə tutumu 550 milyon manat civarında olub. Əgər pandemiyaya qarşı mübarizəyə 3.5 milyard manat ayrıldığı bəyan olunubsa, bu məbləği qarşılamaq məntiqlə hökumət üçün problem olmamalı idi. Görünür, reallıqlar heç də deyildiyi kimi deyil...

Hökumət bu dəstəyi göstərməkdən niyə imtina edib? Ehtimallar irəli sürmək olar ki, bu, bilavasitə hökumətin üzləşdiyi maliyyə çətinlikləri ilə bağlıdır. Dövlət Statsitika Komitəsinin  ötən rüblə bağlı təqdim etdiyi rəqəmlərdən görünür ki, bütün sahələrdə geriləmə var, büdcə gəlirləri kəskin azalıb, tədiyyə balansında kəsir yaranıb. İdxal və ixracın həcmi ötən illə müqayisədə xeyli aşağı düşüb. Maliyyə naziri Samir Şərifov da parlamentdə vəziyyətin ürəkaçan olmadığını bildirmişdi.

İqtisadçı ekspert Rövşən Ağayev qərarı şərh edərkən bildirib ki, 190 manatı yalnız sərt karantin rejimi tətbiq olunan ərazilər üzrə vermək ədalətli deyil və mövcud iqtisadi reallığı nəzərə almayan qərardır:

"Çünki sərt karantin elan olunan ərazilər ölkə iqtisadiyyatının ən azı 85 faizini formalaşdırır. Ölkənin bütün ərazisindən olan insanlar bu sərt karantin rejimi olan şəhər və rayonlara, xüsusən Bakı, Sumqayıt, Abşeron və Gəncəyə bağlıdır. Onların böyük əksəriyyəti qeyri-rəsmi və günəmuzd məşğullar kimi bu ərazilərdə yaşayıb və işləyib".

İqtisadçı deyir ki, pandemiya ərazi fərqi olmadan bütün iqtisadiyyatı inkişafdan saxlayır: "Bütün bunları nəzərə alaraq hələlik avustun 1-dək 190 manat işsizlik müavinəti bütün ölkə üzrə verilməli idi".

Ekspertin fikirlərindən də o nəticə çıxır ki, hökumətin pandemiya xərclərini azaltması, problemi birətəhər ötüşdürmək cəhdi real situasiyaya adekvat deyil və tezliklə mənfi nəticələr verə bilər. Çünki karantin elan olunan və olunmayan bölgələrdə əhalinin, biznesin vəziyyəti təxminən eyni dərəcədə ağırdır. Hər bir sahəyə ünvanlı dəstək proqramlarının həyata keçirilməməsi verilmiş dəstəyin effektini azaltdı və əvvəlki situasiya bərpa olundu.

Əslində hökumətin əlində bir sıra ciddi dəstək mexanizmləri var ki, onlardan istifadə olunmayıb. Məsələn, Azərbaycanın özü istehsalçısı olduğu benzin və dizel yanacağının, elektrik enerjisinin tariflərinə yenidən baxıb, onları ucuzlaşdırmaqla əhaliyə və sahibkarlığa real dəstək vermiş olardı. R. Ağayev hesab edir ki, Gürcüstandakı kimi, kommunal xidmətlərə görə bir paket müəyyənləşdirilə bilər: “Demirəm ki, bütün istehlakçılar üçün. Kommunal xidmət şirkətləri yoxsul abonentlərini asanlıqla müəyyənləşdirə bilərlər. Bəlkə də ölkə üzrə ümumi yoxsulluq səviyyəsini müəyyənləşdirmək bir qədər çətindir, amma kommunal xidmətlərdən istifadə həcminə görə kasıb istehlakçıları müəyyənləşdirmək elə də çətin deyil. Hər kəsin aylıq sərfiyatı şirkətlərdə var. Aşağı sərfiyatlı abonentlər üçün kommunal xidmətlərdə güzəştlər verilə bilər. Qəribə vəziyyət yaranıb: gəlirlər bu qədər azalır, amma hökumət yoxsulların, işsizlərin sayına dəyişiklik etmək istəmir. Bu iki göstəriciyə bir daha təkmil metodlarla yenidən baxılmalı, təsərrüfatların çətin dönəmi daha az ağrılı keçirməsi üçün zəruri dəstək verilməlidir”.

Belə situasiyada biznesin, ev təsərrüfatlarının mümkün olan qədər çox dəstəklənməsi zəruridir. Əlbəttə, heç vaxt bütün zərərin dövlət tərəfindən qarşılanması mümkün deyil. Amma heç olmasa, imkanlara görə bir dəstək mexanizmi tətbiq etmək olar. Dünya dövlətləri buna görə ən ağır borclanmaların altına girərək mümkün qədər biznesə və ev təsərrüfatlarına daha çox yardım edirlər. Bu da səbəbsiz deyil. İqtisadiyyat biznesin, ev təsərrüfatlarının çiyinlərində mövcuddur. Onlar olmasa, hansı iqtisadiyyatdan danışmaq mümkündür?

R. Ağayevin sözlərinə görə, sahibkarlara növbəti dəfə heç bir dəstəyin verilməməsi də yanlış qərar oldu: "Ən azından sərt karantin rejimi tətbiq edilən ərazilər üzrə sahiblarlara maddi dəstək paketi olmalı idi. Xüsusən də kiçik və orta sahubkarların buna böyük ehtiyacı var. Hökumətin yanaşması budur ki, mümkün qədər az xərcləyim, birdən böhran daha da uzanar, mümkün qədər az itkim olsun. Hesab edir ki, biznes və əhalinin böhranın yükünü özləri çəkməsi daha məqbul variantdır. Yəni hökumətin hazırkı yanaşması strateji və peşəkar iqtisadi yanaşmadan daha çox, hakimiyyətin siyasi maraqlarını güdən bir yanaşmadır. Hesab edirlər ki, ehtiyatları nə qədər çox saxlayarıqsa, büdcəyə nə qədər çox qənaət edəriksə, postpandemiya dövründə özümüzü uzunmüddətli dövrdə daha rahat hiss edərik. Cəmiyyət bu dönəmi mümkün qədər az itki ilə və az ağrı ilə başa vursun yanaşması yoxdur".

R. Ağayevin fikrincə, hökumət yeni karantin müddəti üzrə kiçik və orta sahibkarlığın icarə haqlarından azad olması üçün zəruri tədbirlər görməlidir. Ekspert hesab edir ki, itirilmiş gəlirin mümkün qədər çox hissəsi kompensasiya olunmalıdır: "Elə bir hissəsi ki, fəaliyyəti dayandırılacaq sahibkarlar ayaqda qala bilsinlər: gözəllik salonları, bərbərxanalar, ticarət mərkəzləri və mollardakı sahibkarlar, kafe-restoranların sahibləri və sair".

Turqut