Logo
news content
User
Kateqoriyalar

Analitika

Adil İsmayılovu itirdik...

Azərbaycanın tanınmış vəkili Adil İsmayılov bu gün - dekabrın 3-də vəfat edib. Yaxınlarının məlumatına görə, vəkilin ölümünün səbəbi koronavirusa yoluxması olub.

Təxminən iki həftə idi ki, virusa yoluxmuşdu. Klinikada müalicə olunurdu. Əvvəl vəziyyəti pis deyildi. Amma son günlər vəziyyəti pisləşdi... Dedilər ki, meyiti klinikadan birbaşa qəbristanlığa aparacaqlar, ailəyə də verilmir. Xırdalan qəbristanlığında dəfn olunacaq, anasının yanında...”, - deyə A.İsmayılova yaxın şəxslərdən biri “Press Klub”a açıqlamasında bildirdi.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov A.İsmayılovun vəfatının Azərbaycan vəkilliyi üçün böyük itki olduğunu deyib. Onun sözlərinə, son bir həftədə üç vəkil COVİD-19-dan həyatını itirib. Vəfat edən digər iki vəkil Tahir Əlirzayev və Yusif Seyidovdur.

Adil İsmayılov 1955-ci il iyulun 6-da Göyçayda anadan olub. Bakıdakı 172 saylı orta məktəbi bitirdikdən sonra 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Daha sonra Sumqayıt şəhər Prokurorluğunda, ardınca da Respublika Prokurorluğunda xüsusilə mühüm işlər üzrə müstəntiq işləyib. 1991-ci ildə prokurorluqdakı durumdan narazı qalaraq, öz ərizəsi ilə işdən gedib. 1993-cü ildən vəkillik fəaliyyətinə başlayıb. Vəkil kimi fəaliyyət göstərdiyi 27 il ərzində bir sıra səs-küylü işlərdə iştirak edib.

A.İsmayılov 1992-93-cü illərdə Milli Məclisin sədri olmuş İsa Qəmbər, sabiq daxili İşlər naziri İsgəndər Həmidov, generallar - Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəhbəri Sübahir Qurbanov, Macarıstanda erməni hərbçisini öldürmüş Ramil Səfərov, vaxtilə Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi olmuş, hazırda isə Ədliyyə Nazirliyinin Regional İcra Xidmətinə rəhbərlik edən Nizami Qocayev və başqa tanınmış şəxslərin vəkili olub. Bu ilin avqustunda həbs edilən keçmiş baş prokuror və səfir Eldar Həsənovun vəkili də A.İsmayılov idi.

A.İsmayılovun vəkil kimi son uğurlu işlərindən biri psixi xəstəlikdən əziyyət çəkən Səfər Əliyevin həbsdən buraxılması oldu. S.Əliyev qonşuluqda bir neçə ay əvvəl baş vermiş qətl hadisəsini törətməkdə təqsirləndirilərək həbs edilmişdi. Bir neçə ay sonra onun müdafiəsinə qoşulan A.İsmayılov S.Əliyevin təqsirsizliyini təsdiqləyən faktları ortaya çıxarmaqla, onun qanunsuz həbs olunduğunu sübut etdi.

Allah rəhmət eləsin...

Gülər