Logo
news content
User
Kateqoriyalar

Analitika

ABŞ-Azərbaycan anlaşması: A-dan Z-yə qədər...
Vensin səfəri Cənubi Qafqazda böyük yerdəyişmənin olacağını anons edib

“Rusiyanın uzun müddətdir öz maraq dairəsi hesab etdiyi Cənubi Qafqazda mühüm addım atan ABŞ vitse-prezidenti C.D.Vens bu həftə Ermənistan və Azərbaycana Moskvadan asılılığı zəiflədə biləcək, həmçinin qonşu İranın təsirini azaldacaq bir sıra ticarət və müdafiə sazişləri təklif edib”. 

Bu barədə ABŞ-də nəşr olunan nüfuzlu "Washington Post" qəzetinin Vensin Azərbaycan və Ermənistana səfərinə həsr olunmuş məqaləsində belə deyilir.

Məqalədə qeyd olunur ki, hazırkı ABŞ prezidenti və ya vitse-prezidentinin əvvəllər heç vaxt ziyarət etmədiyi paytaxtlar olan Bakı və İrəvana səfər zamanı Vens yeni tranzit dəhlizi planlarını açıqlayıb. Bu layihə sovet dövründən qalmış istifadəsiz dəmir yolu xəttini “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”na (TRIPP) çevirməlidir. Bu, Ermənistan vasitəsilə Azərbaycanı öz eksklavı olan Naxçıvan və Türkiyə ilə birləşdirən, Rusiya və İrandan yan keçən 26 millik ticarət xəttidir.

Məqalə müəllifi yazır ki, bu layihə Vaşinqtonun vasitəçiliyi ilə razılaşdırılan və ötən ilin avqustunda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan sülh təşəbbüsünün əsas elementinə çevrilib. ABŞ Prezidenti Donald Tramp bunu iki ölkə arasındakı “bitməyən müharibə”nin sonu elan edib.

Məqalədə xatırlanır ki, Bakıya iki günlük səfəri çərçivəsində ABŞ Vitse-prezidenti Azərbaycan Prezidenti İlham Əliyev ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalayıb. Razılaşmalar çərçivəsində ABŞ Azərbaycana ölkənin ərazi sularını qorumaq üçün gəmilər təqdim etməyi vəd edib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq müdafiə satışı və süni intellekt texnologiyalarının inkişafı sahəsində “tamamilə yeni bir mərhələ” açır.

Qeyd edək ki, sözügedən Xartiya ikitərəfli münasibətlərin strateji çərçivəsini müəyyənləşdirir və əməkdaşlığın beş əsas məqsədini vurğulayır. Xartiyada tərəflər bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcəklərini bir daha təsdiqləyiblər. Eyni zamanda sənəd regional bağlantılar, iqtisadi sərmayə, enerji, texnologiya və təhlükəsizlik sahələrində qarşılıqlı fayda doğuran əməkdaşlığın əhəmiyyətini vurğulayır. Qeyd olunur ki, əməkdaşlıq yalnız dövlət qurumları ilə məhdudlaşmayacaq, həm də özəl sektorların iştirakı nəzərdə tutacaq.

Regional bağlantılar və enerji infrastrukturunun inkişafı

Xartiyada Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz, TRIPP) əsas layihə kimi göstərilib. Azərbaycan və ABŞ quru, dəniz və hava nəqliyyatı infrastrukturunu inkişaf etdirməyi, enerji və data bağlantısını genişləndirməyi, ticarət və tranzit imkanlarını artırmağı, gömrük və sərhəd keçidlərini asanlaşdırmağı, multimodal logistika layihələrini təşviq etməyi planlaşdırırlar.

TRIPP layihəsi Azərbaycan və Naxçıvan arasında maneəsiz bağlantı təmin etməklə, regionun beynəlxalq ticarət potensialını artırmaq məqsədi daşıyır. Həmçinin, Əsrin Müqaviləsi və Cənub Qaz Dəhlizi kimi uğurlu enerji layihələrinin təcrübəsi əsasında yeni biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişafı vurğulanır.

Xartiya iqtisadi əməkdaşlığın genişləndirilməsini də əsas hədəf kimi göstərir. Buraya iqtisadi artım və sərmayələrin təşviqi, ikitərəfli ticarət və sərmayə dialoqunun inkişafı, süni intellekt (AI) və rəqəmsal infrastruktur sahəsində birgə layihələr, kosmik sənaye, texnologiya transferi və R&D dəstək mexanizmləri daxildir.

Bu bölmədə həmçinin özəl sektorun iştirakı, beynəlxalq təcrübələrin paylaşılması və texnoloji işçi qüvvəsinin inkişafı xüsusi vurğulanır.

Cənubi Qafqazda sülh və təhlükəsizlik də Azərbaycan və ABŞ üçün ortaq maraqdır. Sənəddə tərəflər:

müdafiə sənayesi və təhlükəsizlik əməkdaşlığını genişləndirməyi,

antiterror əməkdaşlığını gücləndirməyi,

kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsini inkişaf etdirməyi,

mina və digər partlayıcı maddələrin təmizlənməsi sahəsində humanitar yardımı artırmağı planlaşdırırlar.

Xartiya çərçivəsində işçi qruplar yaradılacaq, layihələrin siyahısı və yol xəritələri üç ay ərzində razılaşdırılacaq. Hər iki tərəf ildə ən azı bir dəfə görüşməyi və əməkdaşlığın monitorinqi üçün dialoq platformaları yaratmağı öhdəsinə götürüb.

Beləliklə, geosiyasi baxımdan Xartiya ABŞ-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldırır və regionda ABŞ təsirinin güclənməsinə şərait yaradır. Bu, Cənubi Qafqazda Rusiya və İran amilləri nəzərə alınsa, xüsusilə əhəmiyyətlidir.

Enerji və tranzit sektorunda TRIPP və digər multimodal layihələr Azərbaycanın nəqliyyat və enerji tranzit potensialını artırır, ölkəni beynəlxalq bazarlara birbaşa çıxış imkanına sahib edir.

Bunlarla yanaşı rəqəmsal infrastruktura və süni intellekt sahəsində əməkdaşlıq Azərbaycanın texnoloji modernləşməsini sürətləndirə bilər, eyni zamanda özəl sektorun rolunu artırır.

Ən vacib məqamlardan biri təhlükəsizlik və müdafiə strategiyasıdır. Xartiya Azərbaycan üçün strateji müdafiə dəstəyini təmin edir, həmçinin mina təmizləmə və kibertəhlükəsizlik sahələrində texniki yardım alır.

Potensial risklərə gəlincə, sənədin icrası zamanı ABŞ təsirinin güclənməsi region balansına təsir edə və Bakı üçün diplomatik manevr imkanlarını məhdudlaşdıra bilər.

Beləliklə, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası həm Azərbaycan üçün iqtisadi, texnoloji və təhlükəsizlik baxımından əhəmiyyətli imkanlar yaradır, həm də ölkənin Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirir.

"Washington Post" da yazır ki, Vaşinqton ilə tərəfdaşlıq, İsrail ilə sıx strateji əlaqələri olan, Rusiya və İran arasında yerləşən Azərbaycana Qərbə müttəfiq kimi öz mövqeyini möhkəmləndirməyə imkan verəcək. Vensin səfəri Cənubi Qafqazda böyük yerdəyişmənin olacağını anons edib. Qəzet qeyd edir ki, ənənəvi olaraq Azərbaycanı öz nüfuz dairəsi hesab edən Rusiya, İkinci Qarabağ müharibəsindən sonra mövqelərini nəzərəçarpacaq dərəcədə zəiflədib. Həmin vaxt Azərbaycanın həyata keçirdiyi ildırımsürətli əməliyyat regionu yenidən Bakının nəzarətinə qaytarıb: “Azərbaycan diplomatik dəstək, hərbi təlimlər və digər təhlükəsizlik sahəsində əməkdaşlığı təmin edən Türkiyə ilə ittifaqını gücləndirir. Azərbaycan həmçinin “iri neft və qaz kəmərlərini Türkiyə vasitəsilə yönləndirərək, Moskvadan iqtisadi asılılığı tədricən azaldıb”.

Turqut