Logo
news content
User
Kateqoriyalar

Analitika

Tbilisidə Tehran izi: Gürcüstanın geosiyasi kursu hara dəyişir?
Hadson İnstitutunun “Gürcüstanın İrana üz tutması” məqaləsi ciddi məqamlardan xəbər verir

İran rejimi sanksiyalardan yayınmaq və hərbi maşınını maliyyələşdirmək üçün Gürcüstandan istifadə edir. Fox News-in məlumatına görə, bu barədə Hudson İnstitutunun hesabatında bildirilir.

Materialda qeyd olunur ki, Tehran Cənubi Qafqazda Gürcüstanla əlaqələri dərinləşdirir. Yaxın vaxtlara qədər Aİ və NATO üzvlüyünə potensial namizəd kimi qiymətləndirilən Gürcüstan da tədricən İranla yaxınlaşır. Hudson İnstitutunun hesabatında qeyd olunur ki, Gürcüstanın İran rejiminə bu yaxınlaşması ABŞ-ın regiondakı maraqları üçün problem yarada bilər.

İran Gürcüstanda geniş təsir infrastrukturu yaradıb. Buraya ABŞ hökumətinin ekstremizmlə əlaqələrinə görə sanksiya tətbiq etdiyi subyektlər tərəfindən təsdiqlənmiş strukturları da daxildir. Vaşinqtonda bu strukturlar İslam İnqilabı Keşikçiləri Korpusunun qolu kimi qiymətləndirilir”. Bunu Fox News Digital-a Gürcüstan parlamentinin sabiq deputatı Georgi Kandelaki bildirib.

Hudson İnstitutunun “Gürcüstanın İrana üz tutması: Tehranın bir zamanlar ABŞ-ın sadiq müttəfiqi olan ölkədə təsirinin sürətlə genişlənməsi” adlı hesabatının həmmüəllifi olan Kandelaki qeyd edib ki, Tbilisinin İranla yaxınlaşması həm Gürcüstanın özünə, həm də ABŞ-ın regiondakı maraqlarına zərər verir.

Gürcüstanda Qərb dəyərlərinə sadiq olan açıq Amerikayönümlü ictimai rəy üstünlük təşkil edir və Vaşinqtonda ölkə ənənəvi olaraq ABŞ-ın müttəfiqi hesab olunur. Bu reallığın dəyişməsi təhlükəli presedent yaradır və bu istiqamətin dəyişdirilməsi həm ABŞ, həm də gürcü cəmiyyəti üçün vacibdir”, – o əlavə edib.

Gürcüstan formal olaraq diplomatik neytrallığını qorusa da, hesabatda iki ölkə arasında artan əlaqələr və İranın cəmiyyətə təsir göstərmək üçün Gürcüstandan dini, təhsil və mədəni institutlara nüfuz edən təsir infrastrukturu kimi istifadə etməsi ətraflı təsvir olunur.

Məqalədə Gürcüstanda fəaliyyət göstərən “Əl-Mustafa” universitetinin filialı da qeyd olunur. Bildirilir ki, bu qurum İran İslam Respublikasının qurucusu ayətullah Ruhulla Xomeyninin ideologiyasının xaricdə yayılmasının əsas alətlərindən biridir.

ABŞ Maliyyə Nazirliyi 2020-ci ildə bəyan etmişdi ki, İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsi Gürcüstandakı “Əl-Mustafa” universitetindən beynəlxalq cəlb etmə şəbəkəsi və İslam Respublikasının ideoloji və güc maraqlarını təşviq edən vasitə kimi istifadə edir… Gürcüstan hökuməti ilə təsdiqlənmiş əlaqələri olmasa da, mövcud məlumatlara görə, Gürcüstan vətəndaşı, mütəşəkkil cinayətkarlıqla əlaqəli Aqil Aslanov 2022-ci ildə “Qüds” qüvvələri tərəfindən Azərbaycanda tanınmış yəhudi liderinə sui-qəsd üçün cəlb edilib. 2025-ci ildə isə Gürcüstan vətəndaşı Polad Ömərov Nyu-York federal məhkəməsində tanınmış iranlı fəal Məsih Əlinejadın qətlinə cəhdə görə ittiham olunaraq 25 il həbs cəzasına məhkum edilib. Qeyd edək ki, Əlinejad İslam Respublikasında dinc etirazçılara zorakılıq tətbiq edilməsini kəskin tənqid edir”, – məqalədə deyilir.

Müəllif xatırladır ki, 2003-cü ildə baş verən “Qızılgül inqilabı”ndan sonra Gürcüstan ABŞ-la siyasi və müdafiə əlaqələrini gücləndirmək istiqamətində ciddi addımlar atmışdı və Qara dəniz regionunda təhlükəsizliyin dayaqlarından birinə çevrilmişdi. Sovet hakimiyyətinin süqutundan sonra ölkə ABŞ-ın müttəfiqi olmuşdu, İraq və Əfqanıstandakı missiyalarda iştirak etmişdi və 2009-cu ildə ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasını imzalamışdı.

Tbilisinin Tehranla əlaqələri 2012-ci ildə hakimiyyətə gələn və bəzi dairələr tərəfindən Rusiyayönümlü hesab olunan “Gürcü Arzusu”nun dövründə genişlənməyə başlayıb. Analitiklərin fikrincə, bu əlaqələr 2024-cü ildə Qərbyönlü prezident Salome Zurabişvilinin səlahiyyət müddəti başa çatdıqdan və onun yerinə “Gürcü Arzusu” tərəfdarlarının formalaşdırdığı yeni seçki kollegiyası tərəfindən seçilən Mixeil Kavelaşvilinin gəlməsi ilə daha da möhkəmlənib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze 2024-cü ilin mayında helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edib, daha sonra isə iyul ayında hazırkı prezident Məsud Pezeşkianın andiçmə mərasiminə qatılıb. İran KİV-lərinin məlumatına görə, tərəflər bu səfərlər zamanı ikitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndiriblər.

Civic IDEA gürcü qeyri-hökumət təşkilatının məlumatına görə, bir çox gürcü şirkətləri İran nefti və neft məhsullarını idxal edir ki, bu da rejimin iqtisadi dayaqları və regional hərbi fəaliyyətinin maliyyələşdirilməsində mühüm rol oynayır.

Civic IDEA-nın məlumatına əsasən, 2022–2025-ci illər arasında Gürcüstanda qeydiyyatdan keçmiş 72 şirkət İran nefti və neft məhsullarının idxalı ilə məşğul olub, onlardan səkkizi “Gürcü Arzusu” partiyasının donorları ilə əlaqəlidir. Fox News Digital yazır ki, bu, Qərb ölkələrinin sərt sanksiyalarına baxmayaraq, İranın gəlirlərinin artmasına səbəb olub.

Bəs, bütün bu iddialar reallığa nə dərəcədə uyğundur? “Gürcü Arzusu”nun rəhbərliyi həqiqətən İran rejiminin mövcudluğunu dəstəkləyirmi? Onları buna hansı motivlər sövq edir?

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə doktor, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani bu vəziyyəti Pressklub.az-a şərh edib.

Bu, çox həssas və birmənalı cavabı olmayan məsələdir. Lakin Fox News kimi nüfuzlu nəşrdə Gürcüstan üçün bu qədər arzuolunmaz mövzuda belə bir məqalənin dərc olunması özü çox şey deyir. İlk növbədə, bu fakt onsuz da kifayət qədər gərgin olan ABŞ–Gürcüstan münasibətlərinə xidmət etmir. Gürcüstanla ABŞ arasında yüksək səviyyəli münasibətlərin faktiki olaraq dayandığı bir vaxtda, özü də belə bir məqamda “Gürcü Arzusu”nu mövcud İran rejimi ilə əlaqələndirmək bu münasibətlərin bərpası perspektivlərini, yumşaq desək, qeyri-müəyyən edir.

Əlbəttə, mən məqalədə təqdim olunan faktları nə təsdiq, nə də təkzib edə bilərəm. Lakin son dövrlərdə Gürcüstan rəhbərliyi ilə İran rejimi arasında əlaqələrin ABŞ üçün qəbul edilən həddi aşdığı şübhə doğurmur. ABŞ-da Gürcüstan baş nazirinin İranın keçmiş prezidentinin dəfn mərasimində iştirakı və ABŞ–İran münasibətlərinin son dərəcə gərgin olduğu bir vaxtda Tbilisi teleqülləsinin İran bayrağının rəngləri ilə işıqlandırılması yaxşı xatırlanır.

Bununla yanaşı, əgər Fox News-da Gürcüstan rəhbərliyi ilə bağlı təqdim olunan faktlar sübuta yetirilərsə, bu, hazırkı ABŞ administrasiyasının oxşar hallara reaksiyasını nəzərə alsaq, onlar üçün ciddi nəticələrə – hətta siyasi “hökm”ə çevrilə bilər. Bundan əlavə, unutmaq olmaz ki, “Meqobari aktı” adlandırılan məsələ sanki “Gürcü Arzusu”nun üzərində Damokl qılıncı kimi asılıb və ABŞ-ın Helsinki Komissiyası artıq uzun müddətdir ki, bu siyasi qüvvəni diqqət mərkəzində saxlayır. İndi yalnız hadisələrin necə inkişaf edəcəyini gözləmək qalır”, – Xevtsuriani bildirib.

Rauf Orucov