Logo
news content
User
Kateqoriyalar

Analitika

190 manatın hikməti...

Ülviyyə Şahin

Koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinliklər səbəbi ilə işsiz vətəndaşlar üçün hökumətin müəyyənləşdirdiyi birdəfəlik ödəniş hazırda əsas müzakirə mövzusudur.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Lakin 190 manatı əldə etmək üçün qoyulan əsas şərtlərdən biri odur ki, əgər ailədə işləyən və ya müavinət, təqaüd alan varsa, ailənin digər işsiz üzvü (və ya üzvləri) birdəfəlik ödəmə ala bilməyəcək. Yəni gərək ailədə hər kəs işsiz olsun ki, o ailədən bir nəfər 190 manat aylıq müavinət təyin olunsun. Bu, nə qədər doğru və ədalətlidir? Digər tərəfdən, məbləğin yaşayış minimumu həcmində müəyyənləşdirilməsi ehtiyaclara nə dərəcədə uyğundur? Daha artıq məbləğ verilə bilərdimi, dövlətin bunun üçün imkanları varmı? Sualları müsahiblərimizə ünvanladıq.

Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, dövlət hazırda pul xərcləyir:

“Amma pul nəhayətsiz deyil ki. Müəyyən məbləğdə xərcləməlidir ki, bütün əhalini bu müddət ərzində təmin etmək mükün olsun. Söhbət burada təkcə işsizlərdən getmir, hər bir müavinətə ehtiyacı olan ailəyə 190 manat veriləcək. Yəni ümumi qayda müəyyən olunub.”

Deputat qeyd etdi ki, əgər ailədə kimsə sosail müavinət alırsa, ikinci bir müavinət nəzərdə tutulmur: “Dövlətin bu istiqamətdə atdığı addımlar ehtiyatlı addımlardır. Çünki müddət uzana bilər. Bu müddət ərzində elə olmalıdır ki, dövlət ödənişi hər ay həyata keçirə bilsin. Bilsək ki, iqtisadi həyat may ayından bərpa olunacaq, o zaman tamam fərqli davranış olardı. Müddətin nə vaxta qədər uzanacağı bilinmir. Ona görə də 190 manat məncə, imkana görə nəzərdə tutulan vəsaitdir. Başqa cür artırmaq imkanları yoxdur ki, belə bir addım atılıb.”

İqtisadçı ekspert Azər Mehtiyev isə hökumətin hansı səbəbdən belə şərtlər müəyyən etdiyini dəyərləndirməkdə çətinlik çəkdiyini bildirdi:

“Niyə evdə bir neçə nəfər işləmirsə, bu məbləğ onlardan yalnız birinə verilməlidir? Bu sualı bir ekspert kimi cavablandırmaqda çətinlik çəkirəm, bunun cavabı yoxdur. Hökumət bunu nəyə əsasən, hansı meyarları götürərək edib? Əgər ailədə 2-3 nəfər varsa, bunların heç biri işləmirsə, niyə yalnız bir nəfər yardım almalıdır? 190 manat ölkədə müəyyən edilmiş bir nəfərin minimum istehlak səbətinə uyğun məbləğdir. Bu halda necə ola bilər ki, bir nəfərin ehtiyacı əsasında iki, üç, hətta dörd nəfərlik bir ailəyə bu qədər məbləğdə yardım müəyyən olunur? Hətta biz onu bilmirik ki, ölkədə minimum istehlak səbətinin dəyəri nə dərəcədə reallığı əks etdirir. İndiki halda insanların karantin şəraitində heç bir işi olmadığı bir şəraitdə, 190 manatla ailəni saxlamaq nə qədər mümkündür? Biz də sizin kimi bu sualların cavablarını tapa bilmirik, əslində bunun heç cavabı da yoxdur”.

Digər iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu isə qeyd etdi ki, 190 manat minimum əmək haqqından 60 manat, orta aylıq əmək haqqından isə 522 manat azdır: “Təbii ki, bu məbləğ normal yaşayışı təmin etməyə yetərli deyil. Əhalinin minimal fizioloji tələbatını ödəmək üçün təyin edilən minimum əməkhaqqı ölkədə 250 manatdır. Hesab edirəm ki, birdəfəlik yardım ən azı bu səviyyədə - 250 manat məbləğində müəyyənləşdirilməli və 3 aylıq ödənilməlidir. Bunu həyata keçirmək üçün dövlət büdcəsindən 150 milyon manat vəsait ayrılması yetər. 150 milyon manat da büdcə üçün böyük maliyyə yükü deyil."