“120 min” əfsanəsi: Qarabağ erməniləri niyə vətəndaşlıq almırlar?
Ekspert: Onların böyük əksəriyyəti Rusiyanın təsiri altındadır
05 Noyabr 2025
2025-ci il oktyabrın 30-na olan məlumata görə, Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş 21 916 nəfər Ermənistan Respublikası vətəndaşlığı almaq üçün müraciət edib. Bu barədə noyabrın 3-də 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan məlumat verib.
Nazirin sözlərinə görə, onlardan 14 064 nəfər artıq vətəndaşlıq alıb.
Maraqlı məqam ondadır ki, Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında separatçı silahlı birləşmələrin qalıqlarına qarşı birgünlük antiterror əməliyyatından sonra Ermənistan tərəfi ölkə sərhədini keçən ermənilərin sayını “hesablamışdı”. Erməni tərəfinin “hesablamalına” görə, ən azı 120 min erməni Qarabağdan Ermənistana köç etmişdi.
Bəs necə olur ki, iki il sonra həmin kütlənin yalnız altıda biri Ermənistanda qalmağa qərar verir? Bu hansı mənaya gəlir?
Pressklub.az saytının suallarına beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavab verib.
Onun sözlərinə görə, əslində Qarabağ regionunu daha az sayda erməni tərk edib.
“Azərbaycan tərəfinin qiymətləndirməsinə əsasən, bu rəqəm 90 min nəfərdən çox deyildi. Və indi Ermənistan tərəfinin təqdim etdiyi göstəricilərə baxsaq, həmin insanların da böyük hissəsi daimi yaşayış üçün başqa ölkələrə və bölgələrə üz tutub. Bu onu göstərir ki, ermənilərin xeyli hissəsi Ermənistana etibar etmir və digər ölkələri daha münasib yaşayış yeri kimi görür.
Bir məsələni o dövrdə də qeyd etmişdik və bu, indi də özünü göstərir: Qarabağ erməniləri arasında güclü Rusiyapərəst meyllər mövcud idi və çox güman ki, onların mühüm bir hissəsi Rusiyada daimi yaşamaq və sığınacaq tapmağa çalışacaq. Yeri gəlmişkən, Qarabağ ermənilərinin əksəriyyətinin yaxın qohumları Rusiyada yaşayır və bu, onların əhval-ruhiyyəsinə birbaşa təsir edir. Rusiyadakı erməni diasporunun bir çox siyasi fəal nümayəndələri də Azərbaycanın Qarabağ bölgəsindən çıxmış şəxslərdir”, – politoloq bildirib.
Vəlizadənin fikrincə, buradan belə bir nəticə çıxır ki, işğal dövründə və həmin insanların ideoloji təsir altında saxlanıldığı illərdə Rusiya amili mühüm rol oynayıb.
“Bu insanların çoxu, yəni Qarabağ erməniləri, qəti şəkildə inanıblar, ya da onları inandırıblar ki, onların təhlükəsizliyinin təminatçısı Rusiya olacaq və ya elə Rusiyadır.
Amma necə olmasından asılı olmayaraq, bizim üçün əsas məsələ odur ki, son illərdə Azərbaycana qarşı müşahidə olunan təhriflər, xüsusilə də Qarabağ ermənilərinin köçü ilə bağlı böhtanlar dayanıb. Çünki Bakı münaqişədən əvvəl bu bölgədə yaşamış və Azərbaycana qarşı heç bir cinayət törətməmiş şəxslərin Azərbaycan ərazisində yaşamasına təminat verirdi – təbii ki, onların Azərbaycan dövlətinə loyallığı və ölkə Konstitusiyasını əsas qanun kimi qəbul etməsi şərtilə. Lakin onların çoxu, daha dəqiq desək, əksəriyyəti bu imkandan imtina etdi.
Bu halda, Azərbaycan siyasi və hüquqi baxımdan onların seçiminə görə məsuliyyət daşımır. Buna görə də, bundan sonra Qarabağ erməniləri ilə bağlı bütün məsələlər Ermənistanın daxili işi kimi qəbul olunur. Üstəlik, onların böyük əksəriyyəti ya Ermənistanda yaşamaq icazəsinə, ya da Ermənistan vətəndaşlığına malikdir. Hazırda tam vətəndaşlıq 16 min nəfərə verilib, qalanları isə bu və ya digər formada Ermənistan ərazisində yaşamaq icazəsinə sahibdirlər.
Bu insanların artıq Azərbaycana heç bir aidiyyatı yoxdur və görünən odur ki, artıq bundan sonra da aidiyyatları olmayacaq”, – İlqar Vəlizadə yekunlaşdırıb.
Rauf Orucov