Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

Vəsilə müəllimənin uşaqları və arıları
Tələbə kimi ayrıldığı Şuşaya 34 ildən sonra döndü…

Müəllif: Şəhla Kərimli

Səhərin ilk şəfəqləri Şuşa küçələrini aydınlatmağa başlayanda 54 yaşlı Vəsilə Kərimli məktəbə üz tutur. Hər addımında 34 il əvvələ – gənclik illərinə qayıdır. İndi müəllim kimi addımladığı küçələrdən o zaman tələbə kimi keçirdi. Onun yaddaşında Şuşanın hər daşı, hər küçəsi bir tarix, xatirədir. Bu şəhər bir vaxtlar onun gənclik arzularının məkanı olub. Ancaq müharibə, itkilər, həsrət onları uzun illər əlçatmaz edib, bəzilərini yarımçıq qoyub.

Şəhəri tərk edəndə Vəsilə Kərimli Pedaqoji İnstitutun Şuşa filialının birinci kursunda idi, iyirmi yaşına az qalmışdı… 

“Hər axşam atəş səsləri eşidilirdi, tez-tez şəhər bombalanırdı və biz zirzəmilərdə gecələməyə məcbur qalırdıq. Bir dəfə, 1991-ci ilin payızında vəziyyət o qədər gərginləşdi ki, gecə vaxtı böyük çətinliklə Şuşanı tərk etməli olduq. Qaranlıqda hədəfə çevrilməmək üçün maşınımızın işıqlarını da yandırmamışdıq. Bir neçə gündən sonra azca sakitlik çökən kimi geri qayıtdıq. Lakin 20 noyabrda baş verən Qarakənd faciəsindən sonra vəziyyət lap ağırlaşdı. Laçınlı otaq yoldaşımın atası bizi “UAZ” markalı maşınla şəhərdən çıxardı və biz daha Şuşaya qayıda bilmədik. Daim atışma gedirdi. Dekabrda icra başçısı Mikayıl Gözəlov öldürüldü, 1992-ci il mayın 8-də isə Şuşa işğal olundu. Biz təhsilimizi Ağcabədidə davam etdirdik.”

Sonrakı illərdə Vəsilə Kərimli çox ünvan dəyişib: Ağcabədidən Füzuliyə, İmişliyə, Saatlıya, Bakıya, daha sonra Qaradağ rayonunun Puta qəsəbəsinə və nəhayət, köçkünlər üçün salınmış Qobupark yaşayış kompleksinə köçüb. 1994-cü ildən Bakıda yerləşən Füzuli rayon 47 saylı tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb. 2002-ci ildən isə Şuşa şəhərinə köçürülənə qədər – 22 il Puta qəsəbəsində yerləşən 184 saylı tam orta məktəbin ibtidai sinif müəllimi işləyib. 

Hazırda o, Şuşanın 1 nömrəli orta məktəbində ibtidai sinif müəllimdir. Onilliklərlə bu rayondan o qəsəbəyə, o qəsəbədən bu şəhərə ürəyində daşıdığı arzusuna yetib. Dörd övladını da Qarabağa bir gün birlikdə dönmək ümidi və inamı ilə böyüdüb, hər birinə ali təhsil verib.

 “Azərbaycanın hər qarışı mənim üçün əzizdir, amma Şuşanı heç nə əvəz etmir. Köçkünlük həyatı çox əzablı idi – böyük ev-eşiyimizi qoyub müxtəlif yerlərdə, dar mənzillərdə yaşamalı olduq. Şərait üçün, iş üçün hər dəfə təzə yerə daşınıb yenidən həyat qurmaq asan deyildi. Bütün çətinliklərə dözür, həm işləyir, həm də təsərrüfatla məşğul olurduq ki, uşaqlarımız oxuya bilsin. Vətən həsrətini isə həmişə qəlbimizdə gəzdirirdik, ümidimizi heç vaxt itirmədik – bir gün qayıdacağımıza inanırdıq”. 

Və o gün gəldi. 2021-ci ilin sentyabrında Vəsilə Kərimli ilk gənclik illərini keçirdiyi Şuşaya ayaq basdı. 

“Elə bildim, yenə tələbəyəm və dərsə gedirəm. Göz yaşlarımı saxlaya bilmədim. Avtobusda adam çox idi, hamı həyəcanlı idi, azad olunmuş, hər bir azərbaycanlı üçün müqəddəs olan şəhəri görməyə gəlmişdilər, amma mənim hisslərim başqaydı. Çünki mən bu yerləri qarış-qarış tanıyırdım. Mənim üçün bura yurd idi”. 

Səfər qısa oldu, ancaq bu dəfə ayrılıq uzun çəkmədi. Vəsilə müəllimənin ailəsi 2024-cü ildə Şuşaya köçən ilk xoşbəxt ailələrdən biri oldu.

İndi dərs dediyi uşaqlar ata-analarının nağıllarındakı Şuşanı deyil, gerçək Şuşanı ilk dəfə burada tanıyır, Vəsilə müəllimənin dərslərində öyrənirlər. 

“Deyirdim, müəllim üçün məkanın fərqi yoxdur, dərs – dərsdir, uşaq da – uşaqdır. Nə fərqi var? Amma həsrətini çəkdiyin torpaqda məhz bu uşaqlara dərs demək… Bu duyğunu sözlə ifadə etmək çətindir. Şuşa günü-gündən dirçəlir, inkişaf edir, binalar salınır, məktəbimizin şagirdləri də çoxalır. Təsəvvür edin ki, əvvəl uşaq az idi, indi müəllimə ehtiyac var. Bu dərs ilində bizim Şuşa şəhər 1 nömrəli orta məktəbində artıq 227 şagird təhsil alır, 18 müəllim işləyir”.

…Vəsilə Kərimli tənəffüslərdə pəncərədən məktəb həyətinə baxmağı xoşlayır. Uşaqlar gülür, qaçır, bir azdan zəng çalınacaq. O, günün son dərsini də keçəcək, uşaqlarına ev tapşırıqlarını verəcək, sonra isə... 

Sonra isə Vəsilə müəlliməni arıları gözləyir. Ailəsinin dəstəyi ilə o, doğma şəhərində “Arıbülbül” adlı arıçılıq təsərrüfatı da yaradıb. Ötən il ilk məhsulunu götürüb. Təsərrüfatın adını, əlbəttə, təsadüfi seçməyib – onu Şuşanın rəmzi olan Xarıbülbülə ithaf edib. “Arıbülbül” Vəsilə Kərimli üçün sadəcə özünün düşünüb yaratdığı bir brend deyil, azad torpaqda yenidən kök atmağın, yenidən həyata başlamağın simvoludur.