Milliyyət ruh halı kimi və ya qafqazlılara uğur arzusu
Bu cür rəngarəng bölgədə yaşayıb monoetnikliyə, istisnalığa can atmaq absurddur...
29 Sentyabr 2025
Anar Eyyubov
İşdə, ailədə, gündəlik həyatda, maddi və mənəvi sahələrdə hər şeyi qaydasında olan insanı ideologiyalarla aldatmaq çətindir. Çünki ideologiyanın ona kompensasiya edəcəyi bir şey yoxdur. Hakim ideologiyanın təbliğatçısı belə insana diktə olunan baxış və dəyərlər sistemini, həmin insanın nəzərində amorf görünən dövlət vəzifələri və missiyalarını dəstəkləməyin əhəmiyyətini izah etməkdə çətinlik çəkir.
2000-ci illərin əvvəlində dünyanın bir çox inkişaf etmiş ölkələrində seçicilər liderləri ona görə dəyişmirdilər ki, onlar pis idarə edirdilər və ya yeni gələnlər daha yaxşı idarə edəcəklər. Sadəcə ona görə ki, eyni simaları görməkdən bezmişdilər. Bir zamanlar Belçikada bir neçə il ərzində ümumiyyətlə seçilmiş hökumət olmadı. Amma yaxşı qurulmuş dövlət idarəçiliyi sistemi işləməkdə davam etdi. Biz tez-tez təəccüblənirik ki, niyə bəzi ölkələrdə vətəndaşların çoxu nazirləri, baş nazirləri üzdən tanımır, ad və soyadlarını yadda saxlamır, hər yeddinci amerikalı isə ABŞ-ın paytaxtının harada yerləşdiyini bilmir. Biz anlamırıq ki, dövlət institutlarının normal işlədiyi, siyasi rəqabət mexanizmlərinin az-çox normal olduğu şəraitdə vətəndaşların çoxu üçün şəxsiyyət o qədər də vacib deyil. Orada ideologiya və dövlət ilkin niyyətə uyğundur – məqsəd deyil, məqsədə çatmağın vasitəsi, alətidir, heç vaxt ayrı-ayrı insanların varlığının mənasını, məqsədini əvəz etmir.
XX əsrin 90-cı illərinin sonlarında, soyuq müharibə başa çatdıqdan sonra ideologiyalar sahəsində müəyyən sükut dövrü başladı. Məişət problemləri ilə bağlı məsələlərə daha çox diqqət yetirən seçicilərin sayı getdikcə artırdı. Onlar ideologiyaların mahiyyətinə qətiyyən varmır, mühafizəkarlar, liberallar, sosialistlər və s. arasında ciddi fərq görmürdülər. Müvafiq olaraq, “hamını ələ al” prinsipi ilə fəaliyyət göstərən, funksionerləri özlərini ideoloji konsepsiyalarla yükləməyən çoxlu partiyalar meydana çıxırdı. Bu gün klassik ideologiyaların əksəriyyəti ideyalarına sadiq qalan tərəfdarlarının böyük hissəsini itirərək marginallaşıb. Yalnız iki istiqamət istisna olmaqla – dini və millətçi ideologiyalar. Məncə, onların dayanıqlığı onunla bağlıdır ki, ziddiyyətli “elmi kommunizm”dən sonra öz baxışlarına akademiklik, məntiqlilik, rasionallıq donu geyindirməyə çalışan digər ideologiyalardan fərqli olaraq, onlar ideologiyaların başlıca funksiyalarından birini – “nağıllar” uydurmağı, miflər yaratmağı, seçicilərin irrasionallığına söykənməyi daha ardıcıl şəkildə yerinə yetirirlər.
Sosial fenomenləri araşdırmış Andersonun konsepsiyasına görə, din və millət – “xəyali icmalar”dır (onunla tamamilə razıyam). Onlar yaranışlarından etibarən başa düşüblər ki, sadəcə alət kimi qaldıqda, insan müəyyən həyat standartlarına çatandan sonra onun üçün əvvəlki qədər əhəmiyyətli olmayacaqlar. Bunun qarşısını almaq üçün özlərini insanın insan olmadığı aksiom, həyati zəruriyyət səviyyəsinə qaldırdılar. “Dinsiz necə yaşamaq olar?! Məgər sənə etnik köklərin, milli ənənələrin vacib deyil?! Nə qədər bədbəxtsən!” Və işindən, ailəsindən, hobbilərindən məmnun olan, ali qüvvənin mövcudluğuna inanıb-inanmamasından asılı olmayaraq müəyyən ayinləri icra etmədən də gözəl dolanan, qarışıq nikah zamanı uşaqlarının hansı milli ənənələrə əməl edəcəkləri, toylarını hansı formada keçirəcəkləri barədə əsla fikirləşməyən, “əsas odur, xoşbəxt olsunlar” deyən bir insanı “xilas etməyə”, “xoşbəxt etməyə” çalışırlar. Hər iki “xəyali icma” insanın məhrumiyyətlərini kompensasiya etməyə çalışır. Hansı ki, insanın öz düşüncəsinə görə, bu məhrumiyyətləri yoxdur.
Ümumiyyətlə, şübhəsiz ki, kompensasiya məsələsində dinin millətdən üstünlüyü var. Bu həyatda bütün məhrumiyyətlərin və əzabların ölümdən sonra o biri dünyada əvəz olunacağını elan etməklə din həmişə qalibdir – kimsə bu vədin nə dərəcədə gerçəkləşəcəyini yoxlaya bilməz.
Millətçiliyə bu baxımından daha çətindir. Nəsildən-nəslə milli maraqları qoruyursan, öz maraqlarını, bəzən övladlarının həyatını qurban verirsən, məşəqqətlər və məhrumiyyətlərə dözürsən, amma qarşılığında heç nə almırsan. Bu qurbanların fonunda hansısa qrup dəbdəbə içində yaşayırsa, həmin maraqları görməzdən gəlirsə və onları şəxsi məqsədləri üçün istifadə edirsə, onda haqlı sual yaranır: bunlar mənim nəyimə lazımdır?! Və burada millətçilik əsl möcüzə göstərir: öz məğlubiyyətini müqəddəs bir şey, milli sərvət kimi təqdim edir. Radikal millətçiliyə yuvarlandınız, bütün qonşularla dalaşdınız – bunda onlar günahkardır! Uduzacağınızı bilə-bilə lazım olmayan müharibəyə girdiniz, uğursuzluğa düçar oldunuz, ərazilər itirdiniz – bu, xalqın qəhrəmanlıq tarixinin mühüm səhifəsidir, onu əbədiləşdirmək lazımdır, müəyyən vaxt keçdikdən sonra isə bunu kiçik, qürurlu bir xalqın dünyadakı şərə qarşı mübarizəsi kimi təqdim etmək, hətta məğlubiyyətdə belə hansısa “qələbə” tapmaq olar.
Vətəndaşın ağlına heç bir əlavə sual gəlməsin deyə, din və millət öz maraqlarını müqəddəs elan edir, ən xırda şübhəni belə əxlaqsızlıq kimi yozur. Məqsədə çatmağın nəzərdə tutulan yolu həyatın mənasına çevrilir, vasitə məqsədin yerini tutur – insanın şəxsiyyət kimi məhvi baş verir. Bu, şəxsi seçimlə, məsələn, rahib və ya rahibə kimi ola bilər. Amma insanı belə bir vəziyyətə hakim strukturlar salırsa, onda cəmiyyətin bütövlükdə deformasiyası baş verir. Cəmiyyət artıq yaşamır – o, qarşısına əvvəlcədən əlçatmaz üfüqlər çəkən və hər dəfə yeni qurbanlar tələb edən ideologiyaya xidmət edir. Bu, həmin millət, din, dövlət yox olub gedənə qədər davam edir – ya da… ya da möcüzə baş verir, cəmiyyətin siyasi, mədəni elitasının qabaqcıl hissəsi “nağılı gerçəyə çevirmək” kimi məhvedici cəhdlərdən imtina anını yetişdirir, dini və milli tabu və andların (onların bəzilərindən əcdadların özü da xəbərsiz olub) müqəddəslik zəncirlərini qırır və şəxsin maraqları, ləyaqətli həyat standartları, sistemli, institusional inkişaf üzərində qurulan yeni, mülki cəmiyyət yaradır. Bu cəmiyyətdə dövlət sözlə deyil, əməldə xalqın xidmətçisi olur, din və millət isə nağıl danışan dayə rolunu oynayır (axı nağılları kim sevmir...), amma real həyatı həmin nağıllarla əvəz etmir. Belə bir taledən qaçmaq mümkün deyil. Vaxtilə Almaniya, Yaponiya, müəyyən mənada Cənubi Afrika Respublikası, Böyük Britaniya və s. bu cür yenidən doğuluşdan keçiblər. SSRİ, Yuqoslaviya dəyişə bilmədi və tarixə qovuşdu.
Hazırda Ermənistan belə bir yenidən doğuluşdan keçir. Yəqin, ermənilərin tarixində ilk dəfə olaraq onların lideri deyir ki, millətçilərin reallaşmayan ideyaları uğrunda ölmək, əzab çəkmək lazım deyil, bu ideyalar uğrunda erməni xalqı dəfələrlə ciddi itkilərə məruz qalıb, böyük imperiyaların əlində alət olub. O, bildirir ki, bircə Ermənistan var – bugünkü Ermənistan və onun vətəndaşlarının əzab çəkmək və yenə də əliboş qalmaq əvəzinə, hazırda ləyaqətlə yaşamaq hüququ var. O, açıq şəkildə deyir ki, qonşu xalqlarla düşmənçilik üzərində qurulan milli birlik nə məqsəd ola bilər, nə də yaxşı nəticə verəcək. Bu lider millətçiliyin cəhənnəm dairəsini qırmaq istəyir. Hansı ki, məsələn, Rusiya hələ də belə dairədən çıxa bilmir. Qafqaz kimi rəngarəng bölgədə yaşayıb monoetnikliyə, istisnalığa can atmaq absurddur, bu yalnız qarşılıqlı etnik təmizləmələrə və qırğınlara aparır.
Əlbəttə, deyilənlər və xəbərdarlıqlar təkcə ermənilərə aid deyil.
2021-ci ildə “Miss İtaliya” müsabiqəsində İtaliya vətəndaşı, amma etnik efiopiyalı Zeudi Di Palma qalib gəldi. Qalib, bəzi millətçilərin “İtaliyada italyan qalmayıb ki, onu seçdiniz?!” ruhundakı etirazına belə cavab verdi: “Milliyyət – ruh halıdır. Mən özümü italyan hiss edirəm…”
Qafqazlılar, sizə sağlam ruh halı arzulayıram!!!