
Miflər gerçək tarixi millətçi isteriyaya çevirir
Birdən-birə bütün bu modelə qarşı çıxmaq sizi “satqın”, “yad” və “düşmən”ə çevirir
14 May 2025
Millətlər, dinlər və konfessiyalar arasında nifrət və düşmənçilik ruhu formalaşdıran milli miflərlə mübarizə prosesini kələmi ehtiyatla təmizləməyə bənzətmək olar: yarpaq-yarpaq, tələsmədən və hər yarpağı maksimum bütöv saxlamağa çalışaraq. Çünki biz burada insan şüurunun özəl, incə, bəzən bilərəkdən, daha çox isə bilməyərəkdən illərlə, bəzən bütün ömür boyu manipulyasiyasından danışırıq – digər millətin nümayəndələrinin qorxu və təhlükə mənbəyi obrazında təqdim olunduğu uşaq bağçasından başlayaraq, həmin qorxuların guya elmi “həqiqətlərlə” möhkəmləndirildiyi tələbə dövründə qədər.
Bu məsələdə şok terapiyası işə yaramır. SSRİ-nin süqutundan əvvəl Mixail Qorbaçovun sovet vətəndaşlarının şüurunda həyata keçirməyə çalışdığı, amma yumşaq desək, uğursuz alınan eksperiment və onun bu günə qədər də unudulmayan ağrılı nəticələri buna ən yaxşı sübutdur.
Adətən, milli mifologiya zahirən məntiqli qurulur, asan qavranılır və məhz bu səbəbdən şüurumuzda, dünyagörüşümüzdə, fakt və dəyərləndirmə sistemimizdə asanlıqla qəhrəman və satqın, özününkü və özgə, dost və düşmən prinsipi ilə yer tutur. Birdən-birə bütün bu modelə qarşı çıxmaq isə söhbət etdiyiniz adamın gözündə “satqın”, “yad” və “düşmən”ə çevrilmənizə səbəb olacaq. Ona görə də, ən kobud, ən ziddiyyətli, elə ilk məntiqli sualdan sonra çökən “həqiqətlərdən” başlamaq lazımdır (onlar nifrət və düşmənçilik toxumu səpən istənilən mifologiyada mütləq şəkildə mövcuddur). Məsələn, “bütün başqa millətlər pisdir”, “hamısı iblislərdir”, “bizim qrup ən ədalətli və unikaldır” kimi primitiv yanaşmalardan.
Məsələn, bir zamanlar Azərbaycanın bəzi tarix dərsliklərində deyilirdi ki, guya ermənilər Cənubi Qafqaza tamamilə gəlmə millətidir və bu ərazilərə yalnız XVIII-XIX əsrlərdə köçüblər. Amma elə həmin kitabda da iddia olunurdu ki, ərəblərə qarşı aparılan azadlıq hərəkatının lideri Babək IX əsrdə məhz erməni feodalı tərəfindən satılıb.
Digər tərəfdən, Qarabağ erməniləri guya heç vaxt heç kimə tabe olmadıqları, bu ərazilərdə heç bir zaman müsəlmanların yaşamadığı mifinə inanırlar. Eyni zamanda, daim təqiblərə məruz qaldıqlarını da iddia edirlər. Onları kim, hara və niyə qovurdu sual isə açıq qalır. Bu cür ziddiyyətlər saysızdır.
Miflərin əsirinə çevrilmiş insanı bu ziddiyyətlərlə üz-üzə qoymaq, onun bu ziddiyyətləri özünün “tapmasını” təmin etmək isə özlərini “sülhməramlı” adlandıranlardan kifayət qədər səbir, peşəkarlıq və takt tələb edir. Niyə adlandıranlardan? Çünki onlar da vaxtilə eyni bu kimi miflərlə bəsləniblər və fərqinə varmadan onların bir hissəsini özlərində daşıyır, təkrarlayır və onlarla yaşayırlar. 30 illik sülhməramlı fəaliyyətindən yorulmuş bir sıra QHT nümayəndələrinin və ziyalıların tezliklə sülhə çatmaq istəyini anlamaqla yanaşı, daim xatırlatmaq lazımdır ki, ümidsizliyə qapılmaq olmaz. Əslində, gerçək, uzunmüddətli sülhməramlı fəaliyyət, bu günün və yetişməkdə olan nəsilin zehnini və qəlbini qazanmaq uğrunda mübarizə hələ indi başlayır. Bəziləri sürətli yaxınlaşma gözləyir, halbuki biz hazırda ehtiyatlı və kövrək təmas xəttindəyik. Ona görə də sülhməramlılar öz üzərilərində daha çox çalışmalı və anlamalıdırlar ki, SÜLHün dağıdılmasına yönəlmiş MİF ilk növbədə insanın öz daxilindədir.
Anar Eyyubov,
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi