Logo
news content
User
Kateqoriyalar

Təmas xətti

“İnsanlığın koordinatları”
Qarabağda tapılmış və hələ aşkar edilməmiş kütləvi məzarlıqlar

39 dərəcə, 54 dəqiqə, 54,3 saniyə Şimal enliyi, 46 dərəcə, 47 dəqiqə, 12,2 saniyə Şərq uzunluğu.

Yəqin ki, bu koordinatlar sizə heç nə demədi. Qarşınıza xəritə qoyub onları axtarsanız, barmağınız Xocalının üzərində dayanacaq.  

Başqa koordinatlar da deyə bilərəm: 39°56'08.3"N, 46°50'12.2"E.

Onlar sizı Əsgəran qalasının yanına aparacaq. 

39°59'29.3"N, 47°00'33.4"E - bu koordinatlar sizi Sarıcalı kəndinə; 39°46'05.3"N, 46°45'17.1"E - bunlar isə Şuşa həbsxanasına gətirəcək. 

Təqdım etdiyim koordinatlar sadəcə Xocalının, Əsgəranın, Sarıcalının, Şuşanın koordinatları deyil. Onlar işğaldan azad edildikdən sonra Qarabağ ərazisində tapılmış kütləvi məzarlıqların yerlərini nişan verir.

Kədərli statistika

Azərbaycan rəsmi strukturlarının, dəqiq desək, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, bu günə qədər azad olunmuş ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib. 

Bu ilin 9 oktyabr tarixində Bakıda keçirilən beynəlxalq konfransda həmin komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 3990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, işğaldan azad edilmiş ərazilərdə qazıntılar zamanı aşkarlanan 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının çıxarıldığını bildirib.  

Tapılan kütləvi məzarlıqlardan götürülmüş cəsəd qalıqları nümunələri əsasında  I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib.

“Yeraltı xəritə”... və hələ görülməli işlər

Bəli, Azərbaycanın azad olunmuş ərazilərində kütləvi məzarlıqlar aşkarlanıb. Bununla bağlı Bakıda bir neçə beynəlxalq tədbir keçirilib. Amma hımin məzarlıqlar barədə məlumatlar beynəlxalq təşkilatların rəsmi sənədlərində bu günə qədər əksini tapmır. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, bunun səbəbi beynəlxalq təsisatlarla uyğun əməkdaşlığın qurulmamasıdır.

“Birləşmiş Mİllətlər Təşkilatının İnsan Hüquqları Şurasının “Məhkəmədənkənar cəzalar üzrə Xüsusi Məruzəçisi” var. Hazırda onun rəhbəri cənab Morris Tidball-Binzdir. Məruzəçinin mandatı BMT İnsan Hüquqları Şurasının 44/5 qətnaməsi ilə müəyyən edilib və mandata “... istənilən şəraitdə və istənilən səbəbdən törədilmiş məhkəmədənkənar... və ya özbaşına edam hallarına baxmaq” da daxildir. Cənab Morris Tidball-Binzdən əvvəl məruzəçi olmuş  xanım Aqnes Kallamardın hazırladığı “Dünyadakı kütləvi məzarlıqlar - "Törədilmiş vəhşiliklərin yeraltı xəritəsi” adlı sənəd var. Həmin sənəddə dünyanın bir çox ölkələrində tapılmış kütləvi məzar yerləri barədə məlumatlar olsa da, Azərbaycanda aşkarlanmış belə yerlər haqqında, həmçinin ötən əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım nəticəsində qətlə yetirilmiş şəxslərə aid kütləvi məzarlıqlar barədə heç nə yoxdur”. 

Həmsöhbətim bildirir ki, kütləvi məzarlıqlar müəyyən edilərkən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC)1989/65 saylı qətnaməsi əsasında tövsiyə olunan və 2016-cı ildə Minnesota Protokolu ilə yenidən baxılmış “Qanunsuz, özbaşına və kütləvi cəzaların effektiv təhqiqatı və qarşısının alınması haqqında Prinsiplər”in tələblərində nəzərdə tutulan bütün qaydalara əməl edilməlidir.

Sahib Məmmədov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının öz mandatı çərçivəsində işlər gördüyünü və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanı bu fəaliyyətə cəlb etdiyini də vurğulayır: 

“Məhz Dövlət Komissiyanın fəaliyyəti nəticəsində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya Azərbaycana dair Qiymətləndirmə Hesabatı hazırlayıb. Fikrimcə, ya komissiyanın mandatı genişləndirilməli, ya da Xarici İşlər Nazirliyi bu məsələyə daha çox diqqət ayırmalıdır”.

Sönmüş ocaqların közərən izləri

Sənədlərlə tanışlıq və mütəxəssislərlə söhbət zamanı məlum oldu ki, kütləvi məzarlıqlar bir neçə halda üzə çıxarılır. Bunlardan birincisi – Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmaları zamanı, ikincisi – azad olunmuş ərazilərdə aparılan tikinti işləri zamanı, üçüncüsü isə mina axtarışları zamanı aşkar edilən məzarlıqlardır. 

Münaqişə dövründə itkin düşmüş şəxslərə aid məlumatlarla tapılmış cəsəd qalıqlarının müqayisəsi deməyə əsas verir ki, azad olunmuş ərazilərdə hələ aşkar edilməmiş kütləvi məzarlıqların olması ehtimalı böyükdür. 

Sülh gündəliyinin genişlənməsi buna müəyyən imkanlar yarada bilər. Sözsüz ki, vətəndaş cəmiyyəti mənsublarının prosesə cəlb olunması və Ermənistandakı analoji təşkilatlarla iş aparmasına ehtiyac duyulur. 

Məsələn, erməni mənbələrindən alınan məlumata görə, bir vaxtlar Xankəndi Dəmiryol Vağzalının yerləşdiyi Həsənabad qəsəbəsinin ərazisində belə məzarlıqların olması mümkündür. 

Xatırladaq ki, Həsənabad qəsəbəsində məntəqə tipli cəzaçəkmə müəssisəsi yerləşib. Orada əsir  və girovların saxlanıldığı barədə müəyyən məlumatlar var. Qətlə yetirilmiş əsirlərin məzarlığının saxlandıqları həbsxanaya yaxın olması ağlabatan görünür.

Qarabağda qanunsuz hərbi birləşmələrə rəhbərlik etmiş şəxslərdən bəzilərinin sözlərinə görə, Milli Qəhrəman Vaqif Qurbanov da məhz Həsənabad ərazisində basdırılıb. 

Yan keçmə bu yerdən...

Kütləvi məzarlıqlarla bağlı apardığım araşdırma zamanı bəlli oldu ki, hazırda azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin nümayəndəlikləri və qoruq idarələrində münaqişənin bu acı mirası ilə bağlı məlumatlı olan, üzə çıxarılmış kütləvi məzarlıqların yerlərini bilən adam yoxdur. Belə məzarlıqlarla bağlı yeganə məlumatlı dövlət strukturu DTX-nın yerli orqanlarıdır. Aşkar olunma və tədqiqatlar mərhələsində onların DTX-nın yerli strukturlarının nəzarətində saxlanması anlaşılan və məntiqə uyğundur. Lakin həmin yerlərə sonradan mülki strukturların nəzarətinin olmaması təəssüf və təəccüb doğurur. 

Xocalı rayon mərkəzində tapılmış kütləvi məzarlıqlardan birinin bir il fərqlə çəkilmiş iki fotosuna baxaq. 

Bu məqalənin başlığanda verilmiş və 2024-cü ildə çəkilmiş ilk fotoda kütləvi məzarlıq tapılan yerə güllər düzülüb. 2025-ci ildə isə həmin yerdə nə gül var, nə də hansısa bir nişanə.

Eyni mənzərə Şuşa həbsxanası, Əsgəran qala divarlarının yaxınlığı, Daşaltı kəndində tapılmış kütləvi məzarlıq yerlərində də müşahidə olunur. 

Həmsöhbətim Sahib Məmmədov də qeyd edir ki, kütləvi məzarlıqlar tapılmış ərazilərin tarixi yerlər kimi qorunmasına ehtiyac var: 

“Sözsüz ki, qalıqlar identifikasiya olunduqdan sonra dəfn edilməlidir və edilir də. Amma həmin yerlərə xatirə lövhələrinin vurulması lazımdır. Azad olunmuş ərazilərə turlar keçirilən zaman bu yerlərə də ziyarətlər təşkil olunmalıdır”.

Asəf Quliyev

P.S.

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın  (İCMP) 2024-cü ildə hazırladığı “Azərbaycan Respublikasında İtkin Düşmüş Şəxslərın Uçotu” adlı Qıymətləndırmə Hesabatında  qeyd olunur ki, 11 dekabr 2023-cü il tarixinə qədər “Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 3890 itkin düşmüş şəxs qeydiyyata alınıb ki, onlardan 3171-i hərbçidir. İtkin düşən 719 mülki şəxsdən 71-i uşaqdır” .

Avropa Şurasının Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitəsinin  7 mart 2007-ci ildə hazırladığı “Ermənistan, Azərbaycan və Gürcüstanda Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya bölgələrində münaqişələr nəticəsində itkin düşənlər” adlı geniş hesabatda I Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların sayı 4 604 nəfər göstərilir.