Logo
news content
User
Kateqoriyalar

Analitika

Saxta endirim “strategiya”sı
“Endirim” adı ilə insanları aldadan sahibkarların hiyləsindən necə qorunmalı?

“Məşhur supermarketlərdən birində endirim kampaniyası başlamışdı. Mən də dəyərləndirmək üçün mağazaya yollandım. Alacağım məhsulların qiymətini bildiyimə görə, endirimli məhsulların qiymətinə baxdıqda elə həmişəki qiymət olduğunu gördüm. Yəni, həmişə aldığım şokoladın qiyməti 6 manatdır. Piştaxtada isə 10 yazılıb, üstündən xətt çəkilib, 6 yazılmışdı. Satıcıya iradımı bildirdikdə yalandan dedi ki, qiymətlər 1-2 aydır qalxıb. İndi də endirimə salmışıq. Halbuki mən həmin məhsulu 1 həftə öncə elə 6 manata almışdım. Bir də, bəzən endirimə qoyulmuş məhsulların son istifadə müddəti bitmiş olur. Bu da sağlamlığımızı təhlükəyə atır. Yorulmuşuq bu cür saxta kampaniyalardan...”               

Bakı sakini Samirə Quliyeva marketlərin saxta endirim strategiyasından şikayətlənir. O, old.pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib ki, endirim kampaniyasının saxta olması bəs deyilmiş kimi, kampaniya müddəti bitməmiş, məhsullar bitmiş olur. Yəni, kampaniya müddəti başa çatmasa da müştəri həmin “endirimli” məhsulu istədikdə onun bitdiyini deyirlər. Bu hiylə ilə müştəriləri mağazaya cəlb edirlər.

Artıq mağazaların bu cür “endirim” strategiyası hər kəsə məlumdur. Çox nadir hallarda tək-tük mağazalarda ədalətli endirim kampaniyaları olur. Bəs bu “endirim” kampaniyaları nə dərəcədə ədalətlidir? İstehlakçılar bu hallarla rastlaşdıqda nə etməlidir?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov old.pressklub.az-a danışıb. Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə hər həftə bununla bağlı zənglər gəlir.

“Endirim kampaniyaları istehlakçını qapıdan içəri salmaq üçün tələdir. Bu cür “kampaniyalar” zamanı istehlakçı hüquqları daha çox pozulur. Endirimə görə gələn istehlakçıya məhsulu seçərkən satıcı həmin məhsulun endirimə düşmədiyini deyir”.

Müsahibimizin sözlərinə görə, istehlakçı endirimə düşmüş malı aldıqdan sonra hər hansı səbəbdən onu qaytarmaq istədikdə, satıcı deyir ki, endirimdə alındığı üçün nə dəyişdirilir, nə də qaytarılır: “Halbuki istehlakçının buna hüququ var. Bu məsələ ən çox ərzaq dükanlarında olur. Anbarda pis saxlanmış malların qiymətini endirimə salırlar. Nəticədə həmin malı alan insanların sağlamlığı təhlükəyə düşür. Bu hallarla rastlaşan istehlakçılara 195 telefon xətti ilə İqtisadiyyat Nazirliyinə məlumat vermələrini tövsiyə edirəm”.

Bu cür qanunsuz hallara bir çox mağazalarda rast gəlinir. Hətta elə mağazalar var ki, qəsdən piştaxtada məhsulun qiymətini yanlış qoyub, istehlakçıları aldadırlar. Müştəri məhsulun ucuz olduğunu düşünüb aldıqdan sonra da qəbzdə görür ki, həmin məhsula ikiqat baha qiymət çıxılıb. 

Hüquqşünas, iqtisadçı Əkrəm Həsənov old.pressklub.az saytına açıqlamasında deyir ki, bu, yalan reklam və haqsız rəqabətdir.

“Bu halla rastlaşdıqda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmək lazımdır. Bunu edən şəxsləri məsuliyyətə cəlb edərək cərimələyə bilərlər”. 

Təəssüf ki, bəzi istehlakçılar hüquqlarını bilmədiyinə görə, müdafiə etməyin yollarından da məlumatsızdır. Ona görə də belə hallarla rastlaşanda susmağı seçirlər. Halbuki haqlarını öyrənib, (https://e-qanun.az/framework/9479) yeri gələndə onu qoruyub, bu qanunsuzluğa qarşı çıxsalar, belə halların sayı xeyli azalar. 

Marketinq və piar üzrə mütəxəssis Səfər Aslanov old.pressklub.az-a açıqlamasında bildirib ki, kampaniyalar reklam haqqında qanunun tələblərinə uyğun olmalıdır.

“Qeyri-qanuni hallara yol verən təşkilatlar anlamalıdır ki, istehlakçıların etimadı biznesin əsas sütunudur. Müasir istehlakçı aldadılma mövzusunda güzəşt etmir. Bu, onun növbəti davranışına ciddi təsir göstərir. İstehlakçılar hüquqlarının pozulması ilə qarşılaşdıqları zaman müvafiq dövlət təşkilatlarına şikayət edə bilərlər”. 

Müsahibimiz deyib ki, kommersiya müəssisəsi səbəbsiz yerə tez-tez endirimlər etdiyi zaman istehlakçıda qiymətin süni qaldırılıması ilə bağlı təəssüratın yaranması normaldır. Qiymətlərin ilkin olaraq yüksək olması və zamanla aşağı enməsi “qaymağın alınması” adlı proseslə bağlıdır. Məhsulun qiymətinin bazarda gedən digər proseslərə görə enməsi mümkündür. Misal kimi, eyni kateqoriyadan olan yeni məhsulun bazara çıxarılması, növbəti mövsüm üçün kolleksiyanın gəlişi və ya əvəzləyici məhsul tərəfindən təzyiq edilməsi buna səbəb ola bilər. 

Mütəxəssis bildirib ki, endirimlərin başqa bir səbəbi FİFO (First in first out) prosesi ilə bağlıdır. Bu, saxlama müddətinin bitməsinə az qalmış məhsulların anbardan xaricinin sürətləndirilməsi üçündür: “Bu, kifayət qədər normal prosesdir. Lakin saxlanma müddəti bitmiş məhsulların satışı ümumiyyətlə yolverilməzdir”. 

Endirimlə bağlı dünyada qəbul olunmuş bir qayda var: Endirim edən satış obyekti bununla alıcıların sayının artmasına, satış prosesinin sürətlənməsinə, nəticədə də daha çox qazanmağa çalışır. Amma bu prosesdə alıcı da xeyir götürür. Ölkəmizdə isə bu qayda pozulur. Çünki “endirim”in sadəcə adı var. 

Bu cür saxta kampaniyalar anlıq müştəri cəlbinə səbəb olsa da bir müddət sonra müştəriləri qaçırmağa xidmət edir. Ona görə də saxtakarlıq etmək yerinə, dürüstlüyə əməl olunsa, alan da razı qalar, satan da. 

Günay Elşən