Rusiyanın 400 “Vaqner” döyüşçüsü əbədi “Bakılı” oldu
Kurort şəhəri kütləvi məzarlığa çevrilir
27 Mart 2023
Ötən həftə Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhərinin yaxınlığında Bakinskaya stanitsasında “Vaqner” özəl hərbi kompaniyasının Ukraynada həlak olmuş bir qrup muzdlu döyüşçüsünün dəfni keçirilib. Şəhər bələdiyyəsi buna qarşı çıxış etsə də, mərasimə mane ola bilməyib.
Bələdiyyə sədri Sergey Belopolski “Vaqner” döyüşçülərinin məzarlığının çox sürətlə böyüdüyünü deyir. O, kurort şəhərinin kütləvi məzarlığa çevrilməsindən narazıdır.
Buna cavab olaraq, “Vaqner”in təsisçisi Yevgeni Priqojin Qoryaçiy Klyuçun rəhbərliyini hədələyib. O, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə və Baş prokuror İqor Krasnova məsələni yoluna qoymaq tələbi ilə müraciət edib.
Nəticədə dəfn mərasimi təyin olunmuş yerdə baş tutub. “Vaqner”in itkilərinin sayı elan edilmir. Amma bu, özəl kompaniyanın Ukrayna ilə müharibədə itkilərinin yalnız bir hissədir. Priqojin qeyd edib ki, Bakinskaya stanitsasında o döyüşçülər dəfn edilir ki, onlar, öldürüləcəkləri təqdirdə harada basdırılmaq istədiklərini göstərməyiblər.
Şahidlər isə stanitsada yeni məzarların sayının artıq 400-ü keçdiyini söyləyirlər. Onların aralarında lap gənc “uşaqlar”, nisbətən yaşlı döyüşçülər də var. Əksəriyyətinin ölüm tarixi 2023-çü ilin yanvar, fevral, mart aylarıdır.
Krasnodar vilayətində Bakinskaya stanitsası 1864-cü ildə salınıb və çar Rusiyasının 153-cü Bakı piyada alayının şərəfinə belə adlandırılıb.